İran rəsmisi ölkənin hərbi istehsal imkanlarının kəskin şəkildə genişləndirildiyini açıqlayıb. İran Ordusunun icra başçısının müavini Əlirza Şeyx İsraillə 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədən sonra pilotsuz uçuş aparatlarının istehsalının 10 dəfə artdığını bildirib.
#12 günlük müharibə
Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.
İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji İsrail tərəfindən İraq hava məkanının yenidən pozulmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb. Xatırladaq ki, İsrail əvvəllər 12 günlük müharibə zamanı İraq ərazilərindən İrana hücumlar üçün platforma kimi istifadə etmişdi. Bu addım Bağdadı bir daha Tehranın tərəfində, dolayısı ilə ABŞ və onun müttəfiqləri ilə qarşıdurma vəziyyətinə gətirir.
İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirir ki, İsrail “İran xalqını azad etmək” üçün vasitələr hazırlayır. Müdafiə naziri İsrael Kats isə hələ də İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi ilə hədələyir. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Giora Eiland gələcək barədə belə deyir: “Məncə, gələcəkdə biz bu müharibəni ‘İranla birinci müharibə’ adlandıracağıq, çünki İranla yeni müharibələrin baş verməsi demək olar ki, qaçılmazdır”.
Onun sözlərinə görə, həmin 12 günlük hava müharibəsi zamanı İsrail ABŞ-ın qısa müddətli iştirakı ilə İranın əsas nüvə obyektlərini bombalayıb, yüksək rütbəli hərbçiləri və nüvə alimlərini öldürüb. İsrail, həmçinin İranın hava hücumundan müdafiə sistemlərini demək olar ki, tamamilə sıradan çıxarıb və ballistik silah anbarlarına ciddi ziyan vurub.