#Hörmüz boğazı

Tehran ABŞ-ın özünü müdafiə arqumentini rədd edərək, son hərbi hücumları “təcavüz və müharibə aktı” kimi qiymətləndirib və regional tərəfdaş ölkələrə xəbərdarlıq edib. İran Xarici İşlər Nazirliyinin açıqlamasında Küveyt və Bəhreyn də adları çəkilərək xəbərdarlıq edilib ki, ABŞ-a aid hər hansı baza və obyekt vasitəsilə hücumlar edilsə, həmin bazalar hədəfə alınacaq. Bu açıqlama ABŞ-ın Hörmüz Boğazında neft tankerinə və Qeşm adasında rabitə obyektinə hücumlarından sonra verilib. İİKK-nin cavab əməliyyatı ABŞ Beşinci Filo hava bazasına yönəldilib və İranın dəniz ticarəti və iqtisadi dəstəyi təhlükə altında olduğunu göstərir.

Son bir həftə ərzində Hörmüz boğazından iki tanker və bir LNG gəmisi keçərək enerji daşımalarında məhdud hərəkətlilik təmin edib. ABŞ–İsrail və İran arasındakı qarşıdurma davam etsə də, enerji tədarükləri hələ də ciddi məhdudiyyətlərlə üzləşir. Analitiklər gəmilərin təhlükəsizliyi üçün AIS siqnallarını müvəqqəti söndürdüklərini bildirirlər. Hörmüz boğazı dünya neft və qaz ticarətində kritik marşrut olaraq qalır.

İran Ali Rəhbərinin müşaviri Möhsün Rzayi Hörmüz boğazı üzərində İranın nəzarətini təsdiqləyərək bildirib ki, dəniz blokadasının davam etməsinə və Livandakı gərginliyin artmasına dözməyəcəklər. Eyni zamanda, strateji su yolundan keçən xarici gəmilərin qaydalara əməl etməməsi halında hədəf alınacağı xəbərdarlığı verilib. Bu açıqlama regionda gərginliyi artırmaqla yanaşı, beynəlxalq dəniz nəqliyyatında təhlükə risklərini yüksəldir.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Pakistanın diplomatik səylərini yüksək qiymətləndirib və bildirib ki, Pakistan bir neçə dəfə “tam miqyaslı müharibənin” qarşısını alıb. Kallas İslamabad səfərində atəşkəsi uzatma və Hörmüz boğazını yenidən açmaq üçün 10 illik diplomatik imkanın olduğunu açıqlayıb. O, həmçinin vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı razılaşma daha dərin danışıqlarla dəstəklənməlidir və Avropa İttifaqı bu prosesi davamlı etməkdə konkret rol oynayacaq.

ABŞ və İran arasında atəşkəsə baxmayaraq, son həftələrdə tərəflər hərbi obyektlərə hücumlar həyata keçirib. ABŞ radar və dron obyektlərinə zərbə endirib, İKK isə ABŞ-ın hava bazasına cavab hücumu edib. Tramp administrasiyasının Hörmüz boğazı və İran limanları üzərində tətbiq etdiyi blokadalar gərginliyi yüksəldib. Bu vəziyyət regionda diplomatik danışıqların sürətini ləngidir və mümkün razılaşma ümidlərini zəiflədir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hələ ABŞ-la danışıqları dayandırdığı barədə rəsmi məlumat verməyib, lakin o, səssizliyi qəbul edir və vəziyyətin inkişafını izləməyə hazırdır. İranın yarı-rəsmi xəbər agentlikləri Tehranın İsrailin Livana hücumları səbəbindən mesajlaşmanı dayandırdığını xəbər versə də, rəsmi açıqlama hələ yoxdur. İran Xarici işlər naziri Livanda tam atəşkəsin hər hansı razılaşmanın əsas şərti olduğunu vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İrana qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində ABŞ ordusu 118 ticarət gəmisini başqa istiqamətə yönləndirib və beşini deaktiv edib. Blokada 13 aprel tarixindən etibarən qüvvədədir və bütün liman daxil olan və ya çıxan gəmilər üçün tətbiq olunur. ABŞ donanması bu tədbirlərlə İran limanlarına ticarət axınını məhdudlaşdırır və İranın dəniz ticarətinə təzyiq göstərir, nəticədə regional dəniz nəqliyyatında qeyri‑sabitlik yaranır.

İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazında dəniz nəqliyyatını tam təmin etməyə hazır olduqlarını açıqlayıb. Yaponiya Baş naziri ilə telefon danışığı zamanı bu məsələ müzakirə olunub. Pezeşkian ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin əsas problem olduğunu qeyd edib və Yapon gəmilərinin maneəsiz hərəkəti üçün imkan yaradacaqlarını vurğulayıb.

İran Parlamentinin və Nümayəndə Heyətinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Hörmüz Boğazında həyata keçirdiyi dəniz blokadasını atəşkəsə riayət etməməsinin açıq sübutu adlandırıb. O bildirib ki, “Dəniz blokadasının tətbiqi və İsrailin Livandakı hərbi əməliyyatlarını genişləndirməsi ABŞ-ın atəşkəsə bağlı qalmadığını göstərir”- deyə o bildirib

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran limanına doğru hərəkət edən Qambiya bayraqlı "Lian Star" yük gəmisi ABŞ qüvvələrinin müdaxiləsi nəticəsində dayandırılıb. Rəsmi məlumata görə, gəmi beynəlxalq sularda hərəkət edərkən ona 20-dən çox xəbərdarlıq edilib, lakin ekipaj bu çağırışlara əməl etməyib. Nəticədə ABŞ hərbi təyyarəsi gəminin mühərrik bölməsinə raket zərbəsi endirib və gəmi hərəkətsiz vəziyyətə salınıb. Vaşinqton eyni zamanda bildirib ki, İranla qüvvədə olan atəşkəs dövründə tətbiq edilən blokada tədbirlərinin icrası çərçivəsində indiyədək bir neçə ticarət gəmisi dayandırılıb və çoxsaylı gəmilər marşrutlarını dəyişməyə məcbur edilib.

ABŞ rəsmisinin verdiyi məlumata görə, İran limanlarından birinə daxil olmağa çalışan daha bir ticarət gəmisi ABŞ hərbi qüvvələri tərəfindən dayandırılıb. Bildirilir ki, Qambiya bayrağı altında üzən "Lian Star" adlı yük gəmisi ABŞ qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayaraq İran limanına doğru hərəkətini davam etdirib. Nəticədə Oman körfəzində ABŞ hərbi təyyarələrinin müdaxiləsi ilə gəmi hərəkətsiz vəziyyətə salınıb. Hadisə Vaşinqton və Tehran arasında dəniz nəqliyyatı, sanksiyalar və regional təhlükəsizlik ətrafında davam edən gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Filippində enerji təchizatı, qiymət artımı və sosial sabitliklə bağlı narahatlıqlar güclənir. Məlumatlara görə, Hörmüz boğazında yaranan gərginlik və enerji daşımalarındakı problemlər ölkədə yanacaq və enerji qiymətlərinin yüksəlməsinə səbəb olub. İqtisadi təsirlərlə yanaşı, böhran xüsusilə müsəlman əhalinin sıx yaşadığı Banqsamoro Muxtar Regionunda sosial və dini münasibətlərə də təsir göstərir. Yerli dini liderlər və ictimai qruplar arasında fikir ayrılıqlarının artdığı, bəzi məsələlərdə mövqelərin kəskin şəkildə fərqləndiyi bildirilir. Analitiklər hesab edirlər ki, iqtisadi təzyiqlərin davam etməsi sosial parçalanmanı daha da dərinləşdirə bilər.