#Həcc yolları

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi builki illik Həcc ziyarətini yerinə yetirmək istəyən daxili zəvvarlar üçün qeydiyyatın başladığını elan edib. Rəsmi qurumun çərşənbə günü verdiyi məlumata görə, krallıq daxilində yaşayan şəxslər müraciətlərini "Nusuk" mobil tətbiqi və ya nazirliyin rəsmi internet saytı vasitəsilə həyata keçirə bilərlər. Builki qeydiyyat prosesində əsas üstünlük daha əvvəl Həcc ziyarətində olmayan şəxslərə veriləcək.

İran və Səudiyyə Ərəbistanı 2026-cı il Həcc ziyarətinin təşkili üzrə saziş imzalayaraq, iki ölkə arasında zəvvarlıq işləri sahəsində əməkdaşlığın növbəti mərhələsini qeyd ediblər. Saziş İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri Əlirza Rəşidian ilə Səudiyyə Həcc və Ümrə Naziri Təvfiq bin Fovzan Əl-Rabiə arasında rəsmi görüş zamanı yekunlaşdırılıb. Görüşdə tərəflər inzibati və xidmət prosedurlarının asanlaşdırılmasının vacibliyini vurğulayıb, müqəddəs yerləri ziyarət edən zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması yollarını müzakirə ediblər.