#NATO-da Türkiyənin rolu

Türkiyə Milli Müdafiə Nazirliyi, NATO-nun bu il keçirilən ən genişmiqyaslı təlimi olan "Steadfast Dart-26"da iştirak edəcək quru qoşunları bölmələrinin Almaniyanın Emden limanına çatdırıldığını elan edib. Nazirliyin sosial media hesabında paylaşılan məlumata görə, bu strateji daşıma əməliyyatı Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu vasitəsilə uğurla həyata keçirilib.

Kanadanın Baş naziri Mark Karni Ontario əyalətində keçirdiyi mətbuat konfransında Türkiyə-Kanada münasibətləri barədə mühüm açıqlamalar verib. O, Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək üçün "nəhəng" imkanların olduğunu bildirib. Baş nazir Karni Türkiyənin dünyanın strateji və bəzən çətin bir bölgəsində mühüm rol oynadığını vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda apardığı danışıqlara toxunaraq bildirib: "Türkiyə ilə ticari əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Müdafiə və nüvə əməkdaşlığı kimi mövzuları da əhatə edə biləcək bu danışıqları davam etdirməyi planlaşdırırıq."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Almaniya münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Ərdoğan bildirib ki, güclü əsaslara və çoxsahəli əlaqələr şəbəkəsinə malik Türk-Alman əməkdaşlığı Avropa və qonşu bölgələrin təhlükəsizliyi üçün vazkeçilməzdir.

ABŞ dövlət katibi Marko Rubio, 29 Oktyabr — Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə təbrik mesajı yayıb. Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh, təhlükəsizlik və rifah üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. “ABŞ və Amerika xalqı adından, Türkiyə xalqını Respublikanızın qurulmasının 102-ci ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah baxımından həyati önəmə malikdir.Türkiyə Respublikası, köklü və dəyərli bir NATO müttəfiqidir.” – deyə Rubio bildirib.