#İran–ABŞ danışıqları

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran ordusunun Hörmüz boğazında keçirməyi planlaşdırdığı hərbi atış fəaliyyəti öncəsi təhlükəsizlik xəbərdarlığı yayıb. Bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən elan edilən dəniz təlimləri beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini riskə atmadan, peşəkar və məsuliyyətli şəkildə həyata keçirilməlidir.

ABŞ Prezidenti Donald Tramp İran istiqamətində yeni hərbi donanmanın yola salındığını açıqlayıb. ABŞ prezidenti İranın nüvə potensialı ilə bağlı əvvəlki əməliyyatlara da toxunaraq, 2025-ci ilin iyun ayında həyata keçirilən “Operation Midnight Hammer” əməliyyatı nəticəsində Tehranın nüvə imkanlarının məhv edildiyini deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana hərbi hücuma hazırlaşması ilə bağlı iddialara sərt cavab verib. Bəqayi həftəlik mətbuat konfransında Tehranın istənilən təcavüzə "genişmiqyaslı və peşmanedici" cavab verəcəyini bəyan edib. ABŞ-ın hücum planları ilə bağlı sualı cavablandıran Bəqayi bildirib: "İran həm öz potensialına və imkanlarına, həm də keçmiş təcrübələrinə, o cümlədən iyun ayında baş verənlərə güvənir. Hazırda daha güclü vəziyyətdəyik. İran hər cür hücuma genişmiqyaslı qarşılıq verəcək".

İsrail ordusu ABŞ-nin İrana mümkün hərbi zərbəsi ehtimalı fonunda regionda yarana biləcək risklərə qarşı bütün istiqamətlər üzrə hazırlıq tədbirlərini gücləndirib. Milo qeyd edib ki, vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, bu səbəbdən İsrail ordusu həm müdafiə, həm də hücum imkanlarını yüksək səviyyədə hazır saxlayır. O, Hizbullahın daha geniş miqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağının da yaxından izlənildiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərə verdiyi bəyanatda regional münaqişələr, iqtisadi sanksiyalar və qlobal ticarət əlaqələri ilə bağlı silsilə mühüm açıqlamalar verib. Prezident Tramp "böyük bir hərbi qüvvənin" İrana doğru irəlilədiyini və ölkədəki vəziyyəti yaxından izlədiklərini bildirib. O, "İranla bağlı hər hansı bir hadisənin baş verməməsinə üstünlük verərdim" desə də, rəsmi Tehranla ticarət aparan ölkələrə qarşı elan edilmiş ikinci dərəcəli gömrük rüsumlarının tezliklə tətbiq olunacağını aydınlaşdırıb. Tramp vurğulayıb ki, əgər İran hökuməti nümayişçilərin planlaşdırılan edamlarını həyata keçirərsə, ABŞ-ın hərbi cavabı əvvəlki nüvə obyektlərinə endirilən zərbələri "heç nə" kimi göstərəcək qədər şiddətli olacaq.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a indiyədək ən sərt və birbaşa xəbərdarlıqlardan birini edib. O bildirib ki, İslam Respublikası yenidən hücuma məruz qalacağı təqdirdə “əlində olan hər şeylə” cavab verəcək. Əraqçinin bu açıqlamaları ABŞ-ın aviadaşıyıcı qrupunun Asiyadan Yaxın Şərqə doğru hərəkət etdiyi, eləcə də Karib dənizi bölgəsində Nikolas Maduronun həbsi ilə nəticələnən genişmiqyaslı hərbi fəaliyyətdən sonra əlavə qırıcı və hərbi texnikanın bölgəyə yönəldildiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, Əraqçinin Davos Dünya İqtisadi Forumuna dəvəti ölkə daxilində nümayişçilərin sıxışdırılması ilə bağlı tənqidlər fonunda geri alınmışdı.

ABŞ Prezidenti Donald Tramp fəaliyyətinin ilk ildönümü münasibətilə "News Nation" kanalına verdiyi müsahibədə İranın ona qarşı sui-qəsd təhdidləri və ölkə daxilindəki etirazlarla bağlı sərt bəyanatlar səsləndirib. İranın sui-qəsd planlarını həyata keçirmə ehtimalını şərh edən Tramp, belə bir addım atılacağı təqdirdə cavabın qəti olacağını bildirib. O, hərbi rəhbərliyə çox ciddi göstərişlər verdiyini vurğulayaraq, "Hər hansı bir hadisə baş verərsə, bütün ölkə havaya uçacaq. Onları yer üzündən siləcəklər," – deyə xəbərdarlıq edib. Tramp həmçinin sələfi Co Baydeni bu təhdidlərə qarşı kifayət qədər sərt reaksiya verməməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp 13 yanvar, çərşənbə axşamı kütləvi etirazlar fonunda İrana hücum əmrini vermək niyyətində olub, lakin son anda bu qərarından imtina edib. Nəşr bildirir ki, Tramp axşam saatlarında əmri verməyə meylli olub və Pentaqona İran üzərinə hücuma hazırlıq göstərişini verib. Lakin prezident məsləhətçilərinin arqumentləri onun fikrini dəyişməsinə səbəb olub. Məsləhətçilər yalnız sürətli hava zərbələri ilə İran rejimini devirmək barədə zəmanət verə bilməyəcəklərini qeyd ediblər.

İran ABŞ Prezidenti Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı açıqlamaları fonunda əksər uçuşlar üçün bağladığı hava məkanını yenidən açıb. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı bildirişlərə əsasən, İran hava məkanı cümə axşamı əksər kommersiya reysləri üçün müvəqqəti olaraq bağlanıb. Məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatının (CAO) əvvəlcədən verdiyi xüsusi icazə olmadan həyata keçirilən bütün uçuşlara şamil olunub.

İran ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi halında regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirə biləcəyi barədə ABŞ qoşunlarına ev sahibliyi edən qonşu dövlətləri xəbərdar edib. Məlumata əsasən, ABŞ-ın regiondakı əsas hərbi obyektlərindən biri olan Qətərdəki Əl-Udeyd aviabazasında xidmət edən bəzi amerikalı personalın təhlükəsizlik məqsədilə bazanı tərk etməsi tövsiyə olunub. Diplomatlar bu addımı “mövqe dəyişikliyi” kimi qiymətləndirib və hələlik genişmiqyaslı hərbi evakuasiya əlamətlərinin müşahidə olunmadığını bildiriblər.

Səudiyyə Ərəbistanının rəhbərliyi altında Körfəz ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasını İrana qarşı mümkün hərbi müdaxilədən çəkindirməyə çalışır. "Wall Street Journal" (WSJ) qəzetinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, Oman və Qətər rəsmiləri Vaşinqtonu xəbərdar ediblər. Onlar İrana qarşı hərbi addımın neft bazarlarını sarsıdacağını və nəticədə ABŞ iqtisadiyyatına ciddi ziyan vuracağını bildiriblər. Körfəz ölkələri mümkün hücumların Hörmüz boğazından keçən neft tankerlərinin hərəkətini dayandırmasından və regionda uzunmüddətli qeyri-sabitlik yaranmasından narahatdırlar.