#İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS-ın yüksək rütbəli polis zabiti silahlı hücum nəticəsində öldürülüb. HƏMAS-a bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, naməlum şəxslər hərəkətdə olan avtomobildən atəş açaraq Xan Yunis cinayət axtarış şöbəsinin rəisi Mahmud əl-Astalı qətlə yetiriblər. HƏMAS rəhbərliyi bu hücumda "İsrail əməkdaşlarını" ittiham edib. Hücumun məsuliyyətini Xan Yunisin şərqində, İsrailin nəzarəti altındakı bölgədə fəaliyyət göstərən anti-HƏMAS qruplaşmasının lideri Hüsam əl-Astal öz üzərinə götürüb. O, sosial şəbəkə hesabında paylaşdığı videoda HƏMAS ilə əməkdaşlıq edənləri hədələyərək hücumların davam edəcəyini bildirib. İsrail hərbi rəsmiləri isə ərazidə hər hansı əməliyyatdan xəbərsiz olduqlarını bəyan ediblər.

İsrail mediası, xüsusilə Kanal 12 televiziyası raketin aşkarlanmasından sonra paytaxt Təl-Əviv və ətraf bölgələrdə sirenlərin çaldığını bildirib. İsrail ordusunun məlumatına görə, Yəməndən atılan raket İsrailin mərkəzinə doğru yönəlibsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Buna baxmayaraq, raketin parçalarının müxtəlif ərazilərə düşdüyü qeyd edilib. İsrailin fövqəladə yardım xidməti “Davudun Qırmızı Ulduzu” isə sirenlərdən sonra sığınacaqlara qaçan bəzi vətəndaşların yüngül xəsarətlər aldığını açıqlayıb. Lakin xəsarət alanların dəqiq sayı barədə məlumat verilməyib.