Qəzza hökumətinin media ofisi son üç gündə gözlənilən 1800 yardım maşınından cəmi 250-nin bölgəyə buraxıldığını bildirib. Rəsmi açıqlamada bu vəziyyətin İsrailin “aclıq və xaos yaratmaq” siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Məlumata görə, son 25 gündə Qəzzaya 2187 yardım maşını daxil olub, halbuki bu müddətdə 18 min yük maşınının daxil olması lazım idi. Həmçinin, İsrail qüvvələrinin sərhəd keçidlərini bağlaması və müxtəlif maneələr yaratması səbəbindən humanitar təşkilatların fəaliyyəti xeyli məhdudlaşdırılıb.
#İsrail və Qəzza münaqişəsi
İsrailin strateji işlər naziri Ron Dermer və Qətər nümayəndə heyəti Parisdə görüşərək HƏMAS-ın yeni atəşkəs təklifini müzakirə ediblər. HƏMAS vasitəçilər olan Misir və Qətərin təqdim etdiyi yeni atəşkəs və məhbus mübadiləsi təklifini qəbul etdiyini açıqlayıb. Təklif 60 günlük müvəqqəti atəşkəsi, Qəzza zolağına humanitar yardımın asanlaşdırılmasını və sərhəd bölgələrində İsrail qüvvələrinin yenidən yerləşdirilməsini əhatə edir. Mətbuat məlumatına görə, atəşkəs dövründə Qəzzada sağ qalan 10 israilli məhbusun azad edilməsi və 18 nəfərin qalıqlarının geri qaytarılması müqabilində bir neçə fələstinli məhbus azad ediləcək.
BMT Baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı İordan çayının qərb sahilini böləcək məskunlaşma layihəsindən imtina etməyə səsləyib. O, sosial mediada etdiyi açıqlamada İsrailin qeyri-qanuni yaşayış məntəqələrini genişləndirmə planının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. “Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki yaşayış məntəqələri beynəlxalq hüquqa zidd olaraq qurulub və qorunub saxlanılıb”. - deyə Quterreş bəyan edib. O, eyni zamanda Qəzzada genişmiqyaslı ölüm və dağıntıların qarşısını almağın həyati əhəmiyyət daşıdığını bildirərək dərhal atəşkəs çağırışı edib.
Qəzza rəsmiləri İsrailin quru əməliyyatlarının ilk mərhələsinə başladığını açıqlayıb. Ordunun Zeytun və Cəbəliyyə məhəllələrinə hücum etdiyi, Qəzza şəhərini isə üç hərbi briqada ilə mühasirəyə aldığı bildirilib. Hava və artilleriya zərbələri ilə müşayiət olunan əməliyyatlar nəticəsində fələstinlilər bölgəni tərk etməyə çalışır. BMT və beynəlxalq təşkilatlar xəbərdarlıq edərək, əməliyyatların fəlakətli nəticələrə gətirib çıxaracağını vurğulayıb. Baş katib Antonio Quterreş dərhal atəşkəs çağırışı edib. Bununla yanaşı, İsrail Müdafiə Nazirliyinin təsdiqlədiyi plana əsasən, yaxın günlərdə əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.
Təşkilatın açıqlamasında bildirilib ki, İsrailin müdafiə naziri Yisrael Katz tərəfindən təsdiqlənən plan 22 aydan çoxdur davam edən hərbi əməliyyatları dərinləşdirəcək və vasitəçilərin atəşkəs və əsir mübadiləsinə dair təşəbbüslərinə əhəmiyyət verilməyəcək. HƏMAS həmçinin İsrail hökumətini günahsız mülki şəxslərə qarşı amansız müharibəni davam etdirməkdə ittiham edib. Açıqlamada Baş nazir Benyamin Netanyahunun vasitəçilərin atəşkəs təklifinə cavab verməməsi də tənqid olunub. HƏMAS bunun İsrailin əsirlərin qaytarılması məsələsində ciddi olmadığını göstərdiyini bildirib. Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Müdafiə naziri Yisrael Katz və Baş nazir Netanyahu plana əsasən əvvəlcə bir milyonadək fələstinlinin cənuba köçürüləcəyini, şəhərin mühasirəyə alınacağını və daha sonra intensiv hücumlarla işğal ediləcəyini açıqlayıblar.
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Fələstini tanımaqla bağlı mövqeyini sərt tənqid edib. O bildirib ki, bəzi Qərb ölkələri sentyabrda BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaqlarını bəyan etsələr də, həmin vaxta qədər tanınacaq Fələstin dövləti mövcud olmaya bilər. Lavrov Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Key Starmer və Kanada baş naziri Mark Karninin verdiyi açıqlamaları xatırladaraq, “Əgər həqiqətən də bu qədər faciələr fonunda Fələstini tanımaq niyyətindəsinizsə, niyə bunu indi etmirsiniz, niyə aylarla gözləyirsiniz?” - deyə sual edib. Onun sözlərinə görə, Avropa Yaxın Şərqdə də, Ukraynada da ciddi diplomatik təşəbbüs göstərmir. Eyni zamanda Lavrov Ukrayna məsələsinə də toxunaraq bildirib ki, Rusiya etibarlı təhlükəsizlik təminatlarının hazırlanmasını dəstəkləyir, lakin prosesdə iştirak etmədiyi hər hansı mexanizmi qəbuledilməz hesab edir. O, Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin artırılması təklifini irəli sürdüklərini də açıqlayıb.
Ictimai rəy sorğusu şirkəti YouGov tərəfindən keçirilən sorğuya əsasən, almanların 65 faizi hökumətin Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracını dayandırmasını düzgün addım hesab edir. Məlumata görə, respondentlərin 19 faizi bu qərarı yanlış qiymətləndirib, 16 faizi isə mövzu ilə bağlı rəy bildirmək istəməyib. Sorğu həmçinin Almaniya hökumətinin Avropa İttifaqı–İsrail Assosiasiya Sazişinin dayandırılmasına qarşı mövqeyi ilə bağlı cəmiyyətin baxışlarını da üzə çıxarıb. Belə ki, iştirakçıların 45 faizi bunu doğru addım, 32 faizi isə yanlış qərar hesab edib, 23 faizi isə şərh verməyib.
İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 33 fələstinli həlak olub, onlarla insan isə yaralanıb. Xəstəxana mənbələri və şahidlərin açıqlamalarına görə, hücumlar məcburi köçkünlərin və humanitar yardım gözləyən insanların yerləşdiyi çadır və evləri hədəfə alıb. Qəzza şəhərinin Şati Qaçqınlar Düşərgəsində bir ailənin 5 üzvü, İslam Universiteti yaxınlığında isə aralarında uşaqların da olduğu 4 nəfər ölüb. İsrail ordusunun Cibaliya Nezler qəsəbəsindəki hücumu nəticəsində isə 3 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Eyni zamanda, Qəzzanın Zeytun və Sabra məhəllələrində mülki evlərin bombalanması nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilər qeydə alınıb. Nusairat qaçqın düşərgəsinə hücumlarda isə yardım gözləyən insanlara atəş açılıb və ümumilikdə 8 nəfər həlak olub.
İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə nəzarəti ələ keçirməyi nəzərdə tutan hərbi planı təsdiqləyib və 60 minə yaxın ehtiyat əsgərin çağırılması barədə göstəriş verib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat yayıb. İsrael Kats “İsrail ordusunun Qəzza şəhərinə hücum planını” təsdiqləyib və “tapşırığın icrası üçün tələb olunan ehtiyat qüvvələrin çağırışına” razılıq verib.
Livanın baş naziri Navaf Salam İsrailin baş naziri Benyamin Netanyahunun qondarma “Böyük İsrail” bəyanatlarını rədd edib və bu açıqlamaların ərəb ölkələrinin milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu bildirib. Əmmanda İordaniya kralı II Abdullah və hökumət rəsmiləri ilə görüşən Salam qeyd edib ki, Livan digər ərəb və islam ölkələri ilə birlikdə Netanyahunun “Böyük İsrail” planını qətiyyətlə rədd edir. Onun sözlərinə görə, İsrailin bəyanatları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Baş nazir həmçinin Qəzzada davam edən zorakılıqları, məcburi köçkün siyasətini və fələstinlilərə qarşı qətliamları pisləyərək, beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa çağırıb. İordaniya kralı II Abdullah isə görüş zamanı Livanın təhlükəsizliyi və suverenliyinin qorunmasında dəstəyini ifadə edib, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.
ABŞ-ın texnologiya şirkəti “Microsoft”un Vaşinqton ştatındakı mərkəzi ofisi qarşısında əməkdaşlar və fəallar tərəfindən etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları şirkəti İsrail ordusu ilə əməkdaşlıqda ittiham ediblər. Məlumata görə, “Apartheid üçün Azure yoxdur” adlı qrupun təşkil etdiyi etiraz zamanı iştirakçılar çadırlar qurub, pankartlar açaraq şirkətin İsraillə müqavilələrini ləğv etməsini tələb ediblər. Həmçinin Microsoft-un binalarından birinə “Şəhid Fələstinli Uşaqları Plaza” yazılmış banner asılıb, ərazi sosial mediada “Azad edilmiş zona” kimi təqdim olunub
Tramp radio aparıcısı Mark Levinlə müsahibəsində Netanyahunun Qəzzadakı hərbi əməliyyatlara görə məsuliyyət daşımasına baxmayaraq, onu müdafiə edib. “O, yaxşı insandır, döyüşür. Birlikdə işlədiyim üçün müharibə qəhrəmanıdır. Mən də eləyəm, düşünürəm”.- deyə bildirib. Tramp BCM-nin Netanyahuya qarşı həbs qərarına, yoxsa İsraildəki korrupsiya işinə istinad etdiyini dəqiqləşdirməyib. O, həmçinin İranın nüvə obyektlərinə qarşı ABŞ hücumlarının “uğurlu” olduğunu da vurğulayıb. Qeyd edək ki, BCM 2024-cü il 21 noyabr tarixində Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində Qəzzada törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs orderi çıxarıb. Netanyahu ölkəsində 2019-cu ildən bəri davam edən korrupsiya ittihamları ilə də mühakimə olunur. Tramp isə bu məhkəmələrin ləğvini tələb edib.