#İsrail və Qəzza münaqişəsi

İsrail ordusu Fələstin Milli Basketbol Komandasının keçmiş oyunçusu Məhəmməd Şalanı Xan Yunisdə humanitar yardım əldə etməyə çalışarkən atəşə tutaraq öldürüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, 40 yaşlı Şalan övladlarını qidalandırmaq üçün yardım dalınca getdiyi zaman hədəfə alınıb. Onun böyrək çatışmazlığı və sepsisdən əziyyət çəkən qızı üçün yemək və dərman axtardığı bildirilib. Qeyd edək ki, İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatları nəticəsində yüzlərlə mülki şəxs humanitar yardıma çıxış imkanlarından məhrum olub.

HƏMAS 19 avqust Ümumdünya Humanitar Günü ilə bağlı yayılan açıqlamasında beynəlxalq dövlətləri Qəzzaya humanitar yardımların çatdırılması və İsrailin blokadasının sona çatdırılması üçün təzyiq göstərməyə çağırıb. HƏMAS bildirib ki, İsrailin Qəzzaya hücumları, səhiyyə sektorunu sarsıtması və humanitar yardımı məhdudlaşdırması nəticəsində bölgədə ciddi aclıq və humanitar fəlakət yaşanır. Təşkilat dünya dövlətlərini Qəzzada soyqırımı dayandırmağa, işğalçı liderləri, xüsusilə Netanyahunu mühakimə etməyə və əhalinin həyatı üçün həyati əhəmiyyətli yardımların çatdırılmasını təmin etməyə çağırıb.

Səhər saatlarından etibarən İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrində məcburi köçkünlərin yerləşdiyi çadırları, dinc əhalinin toplandığı əraziləri və humanitar yardım gözləyənləri hədəf alıb. Hücumlarda 5-i uşaq olmaqla ümumilikdə azı 24 fələstinli həyatını itirib, bir çoxu yaralanıb. Məlumatlara görə, hücumlar Sabra və Deyr Bəlax məhəllələrinə, Bassa rayonundakı ailə çadırlarına, Xan Yunis və Rəfah bölgələrinə yönəldilib. İsrail qüvvələrinin artilleriya atəşləri və bombalamaları nəticəsində evlər dağılıb, yardım paylama məntəqələrinə yaxın olan ərazilərdə də zərərli hadisələr baş verib.

Argentina mediasının məlumatına görə, Plaza de Mayo Təsis Xəttinin Anaları, Sülh və Ədalət Xidməti (Serpaj), Siyasi olaraq itkin düşənlərin və məhbusların ailələri və Argentina İnsan Haqları Liqası Netanyahunu “soyqırım, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” törətməkdə ittiham edərək məhkəməyə müraciət edib. Şikayətdə İsrail hökumətinin Fələstin xalqına qarşı “sistematik qırğın siyasəti” yürüdərək onların yaşamaq, insan ləyaqəti və öz müqəddəratını təyinetmə hüququnu pozduğu bildirilib. Mətndə, Qəzzada on minlərlə insanın həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü, humanitar yardımların isə əngəlləndiyi vurğulanıb.

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərinin hərtərəfli işğalı üçün plan hazırlayıb. Plana əsasən, təxminən 100 min əsgərin iştirakı ilə hücum həyata keçiriləcək və qoşunlara havadan dəstək veriləcək. Məqsəd əvvəlcə şəhəri mühasirəyə almaq, daha sonra isə tamamilə ələ keçirməkdir. İsrail mətbuatının yazdığına görə, Zamir planın mümkünlüyünü qiymətləndirmək üçün Qəzza zolağına da səfər edib. Artıq ordunun hücumlarını intensivləşdirdiyi şəhərdən mülki əhalinin çıxmağa başladığı bildirilir.

Əbdülati bu fikirləri Misirdə rəsmi səfərdə olan Fələstinin baş naziri Məhəmməd Mustafa ilə Rəfah sərhəd-keçid məntəqəsi qarşısında keçirdiyi ortaq mətbuat konfransında səsləndirib. Nazir qeyd edib ki, Fələstin xalqı blokada və sistemli aclıqla üzləşib, İsrailin planları isə ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Rəfahdan daxil olan yardımların 70 faizi Misir tərəfindən təmin olunur və hazırda 5 min yük maşını giriş icazəsini gözləyir. Əbdülati bildirib ki, Misir Qəzzaya yardım göndərməyə hazırdır, lakin İsrailin yaratdığı maneələr aradan qaldırılmalıdır.

İfrat sağçı Dini Sionizm Partiyasının deputatı Simça Rotmanın Sidney və Melburnda keçirilməsi planlaşdırılan tədbirlərdə iştirakı üçün ölkəyə girişinə icazə verilməyib. Avstraliyanın daxili işlər naziri Toni Börk Rotmanın viza müraciətinin rədd edildiyini təsdiqləyib. Nazir bildirib ki, siyasətçi üç il ərzində yenidən müraciət edə bilməyəcək. “Hökumətimiz ölkəmizə gəlib ayrı-seçkilik yayanlara qarşı sərt mövqe nümayiş etdirir. Avstraliyaya nifrət və ayrı-seçkilik dilini yaymaq üçün gəlmək istəyənləri burada istəmirik”. - deyə o bildirib.

Yüz minlərlə insan Qəzzada müharibənin dayandırılması və girovların təhlükəsizliyinin təmin olunması tələbi ilə küçələrə çıxıb. Etirazlar ən çox Təl-Əvivin “Girov Meydanı”nda toplaşıb. Aksiya nəticəsində yollar, ofislər və universitetlər bağlanıb, gün ərzində azı 40 nəfər saxlanılıb. Çevik polis qüvvələri Netanyahunun Likud partiyasının qərargahı qarşısında keçirilən aksiyanı zorakılıqla dağıdıb. Müharibənin 22-ci ayı fonunda bu, ölkədə keçirilən ən böyük kütləvi nümayişlərdən biri olub.

İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib və Baş nazir Binyamin Netanyahu şəhərin tamamilə işğal edilməsinin məqsəd olduğunu açıqlayıb. İşğalın Qəzza şəhərindən mərhələli şəkildə başlayacağı və sonra mərkəzi bölgədəki qaçqın düşərgələrinə qədər genişlənəcəyi bildirilir.

Cenevrədə fəaliyyət göstərən Avro-Aralıq dənizi İnsan Haqları Monitoru (Euro-Med) Qəzzanın Zeytun məhəlləsində baş verən son hücumları qiymətləndirib. Açıqlamada bildirilir ki, İsrail altı gün ərzində uzaqdan idarə olunan partlayıcılar, hava hücumları və artilleriya atəşi ilə təxminən 400 evi dağıdıb və 90 mindən çox sakini məcburi köçkün edib. Euro-Med həmçinin bildirib ki, məktəblər və məscidlər də hücumların hədəfi olub və dağıntılar altında qalan ölü və yaralıların çıxarılması mümkün olmayıb. Təşkilatın açıqlamasında bu hücumların Qəzzanı tamamilə işğal etmək və məhəllələri boşaltmaq məqsədilə həyata keçirildiyi, sistemli soyqırım siyasətinə uyğun olduğu vurğulanıb.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbələri nəticəsində şəhərin kanalizasiya sistemi zədələnib, Nasser xəstəxanası kanalizasiya suları altında qalıb. Hadisə zamanı xəstəxananın təcili yardım otağı və bəzi palatalar su basıb. Həkim və tibb bacıları sel suları içində xəstələrə yardım göstərməkdə çətinlik çəkiblər. Xəstəxananın Daxili Xəstəliklər Şöbəsinin müdiri Xalid Əhməd bildirib ki, bəzi xəstələr oksigen cihazına bağlı vəziyyətdədir və onların köçürülməsi mümkün deyil.