Türk Qızıl Ayparası tərəfindən Qəzza zolağındakı təxirəsalınmaz ehtiyacları qarşılamaq üçün hazırlanan və daxilində təxminən 1400 ton humanitar yardım materialı olan 20-ci "Yaxşılıq gəmisi" Mersin Beynəlxalq Limanından mərasimlə yola salınıb.
#Qəzzədə humanitar böhran
Səudiyyə Ərəbistanının Qahirədəki səfirliyində Krallığın Misir və Fələstinə qurbanlıq ət paylarının təhvil verilməsi ilə bağlı rəsmi mərasim keçirilib. Səudiyyə Ərəbistanının Misirdəki səfir müavini Xalid bin Hammad əş-Şəmmari tərəfindən idarə olunan mərasimdə Misir və Fələstinin hər birinə 30 min ədəd qurbanlıq heyvan payı təqdim edilib. Bu humanist aksiya Məkkə Şəhəri və Müqəddəs Yerlər üzrə Kral Komissiyası tərəfindən idarə olunan qurbanlıq heyvanlardan istifadə layihəsi çərçivəsində həyata keçirilib. Təhvil-təslim zamanı Fələstinin Qahirədəki səfiri Diab əl-Louh və Misir tərəfinin rəsmi nümayəndələri iştirak ediblər.
Qəzzadaki hökumət, HƏMAS ilə İsrail arasında 10 oktyabrda əldə edilən atəşkəsdən bəri Qəzza zolağına humanitar yardım daşıyan cəmi 986 yük maşınının daxil olduğunu bildirib. Qəzza hökumətinin media ofisindən yayılan yazılı açıqlamada, İsrailin iki il boyunca blokada altında saxlayıb bombaladığı Qəzza zolağına atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra çatdırılan humanitar yardımla bağlı məlumat verilib. Açıqlamada qeyd olunub ki, atəşkəs qüvvəyə mindikdən sonra 14-ü məişət qazı balonu və 28-i yanacaq daşıyan olmaqla, ümumilikdə 986 yardım yük maşını Qəzza zolağına çata bilib.
Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.
İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 33 fələstinli həlak olub, onlarla insan isə yaralanıb. Xəstəxana mənbələri və şahidlərin açıqlamalarına görə, hücumlar məcburi köçkünlərin və humanitar yardım gözləyən insanların yerləşdiyi çadır və evləri hədəfə alıb. Qəzza şəhərinin Şati Qaçqınlar Düşərgəsində bir ailənin 5 üzvü, İslam Universiteti yaxınlığında isə aralarında uşaqların da olduğu 4 nəfər ölüb. İsrail ordusunun Cibaliya Nezler qəsəbəsindəki hücumu nəticəsində isə 3 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Eyni zamanda, Qəzzanın Zeytun və Sabra məhəllələrində mülki evlərin bombalanması nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilər qeydə alınıb. Nusairat qaçqın düşərgəsinə hücumlarda isə yardım gözləyən insanlara atəş açılıb və ümumilikdə 8 nəfər həlak olub.
Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.
İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin qeyd olunub ki, İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.
Qəzza zolağında qadınlar və qız uşaqları ciddi aclıq və qıtlıq təhlükəsi ilə üz-üzədir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) "X" sosial şəbəkəsində məlumat verib.
İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 51 fələstinli həlak olub, 369 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında davam edən hücumlarda həlak olan mülki şəxslərin ümumi sayı 61 827-yə, yaralananların sayı isə 155 275-ə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.