#İsrailin Suriya cənubunda hərbi mövqeləri varmı?

İsrail ordusunun Suriyanın cənubunda yerləşən Kuneytra vilayətinin kənd ərazilərində müvəqqəti nəzarət məntəqəsi quraraq evlərə reydlər keçirdiyi bildirilir. Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına əsasən, İsrail hərbçiləri Kuneytra vilayətinin cənubunda yerləşən Ayn Zivan kəndinin girişində müvəqqəti nəzarət məntəqəsi yaradıblar. Məlumata görə, bölgədə reydlər keçirən hərbçilər yaşayış evlərində axtarış aparıb.

İsrail ordusu Kuneytra vilayətində yerləşən bir qəsəbəyə basqın təşkil edib. İsrail qüvvələri keçirilən əməliyyat zamanı 7 nəfəri həbs edib. Suriya dövlət xəbər agentliyi SANA, İsrail qüvvələrinin Suriyaya basqın təşkil etdiyini və 7 nəfəri saxladığını bildirib. İsrail ordusunun açıqlamasında isə “terror fəaliyyəti şübhəsi” ilə şəxslərin saxlandığı qeyd olunub. İsrail ordusu isə yayımladığı bəyanatda, əsgərlərin “Suriyanın cənub bölgəsində terror fəaliyyəti ilə əlaqəsi olduğundan şübhələnilən bir neçə nəfəri” saxladıqlarını bildirib. Rəsmi şəxslər həbs edilənlərin İsrailə aparılaraq dindirildiyini açıqlayıb.

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbə endirib. Hücum Colan təpələrinin atəşkəs xəttinin əvvəllər Suriyanın nəzarətində olan tərəfində yerləşən Taranja kəndindəki bir evi hədəf alıb. Nəticədə bir nəfər həlak olub.