#İsrail

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbə endirib. Hücum Colan təpələrinin atəşkəs xəttinin əvvəllər Suriyanın nəzarətində olan tərəfində yerləşən Taranja kəndindəki bir evi hədəf alıb. Nəticədə bir nəfər həlak olub.

İran İsraillə yeni silahlı toqquşmanın baş verə biləcəyini istisna etmir. Bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib. “Bütün variantlar mümkündür, lakin biz hər bir şəraitə hazırıq. 12 günlük müharibə zamanı sionist rejim (İsrail - red.) və ABŞ öz hədəflərinə çata bilmədi. Əksinə, İran qəhrəmancasına müqavimət göstərdi və eyni zamanda təcavüzə cavab verdi” – deyə, Arakçi qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Nazirlik əlavə edib ki, “Türkiyə, Suriya xalqının haqlı gözləntilərinə uyğun olaraq, terrordan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyü qorunmuş bir Suriya vizyonunu dəstəkləməyə davam edəcək.”

Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb. İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb. Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.

Almaniya kansleri Fridrix Mertz İsrailin Qəzzanın cənubundakı Nasser xəstəxanasına hücumunu kəskin şəkildə tənqid edərək, bunu “qəbuledilməz” adlandırıb. O, xüsusilə mülki itkilərin, tibbi personalın və jurnalistlərin hədəfə düşməsini İsrailin əməliyyatlarının legitimliyinə kölgə salan ciddi problem kimi qiymətləndirib. Mertz Belçika baş naziri Bart De Vever ilə Berlində keçirdiyi mətbuat konfransında İsrailin genişlənən hərbi əməliyyatına qarşı olduğunu bildirib. Onun sözlərinə görə, baş verənlər mülki əhali, xəstəxana işçiləri və jurnalistlər arasında qəbuledilməz itkilərə səbəb olub.

Dohada keçirilən mətbuat konfransında Ənsari, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqlara toxunaraq, “HƏMAS-ın qəbul etdiyi təklif İsrailin əvvəlki təsdiqləri ilə uyğundur. Cavab vermək növbəsi İsraildədir, lakin belə görünür ki, İsrail razılığa gəlmək istəmir,” - deyə bildirib. O, Qətərin müharibəni dayandırmaq üçün bütün səyləri dəstəklədiyini və danışıqların Qahirədə və ya Dohada keçirilməsinin əhəmiyyətsiz olduğunu, əsas məqsədin tez bir zamanda atəşkəsə nail olmaq olduğunu qeyd edib. Ənsari, İsrailin rəsmi cavab verməkdən yayınmasını tənqid edərək, “İsrail nə təklifi qəbul edib, nə rədd edib, nə də alternativ təklif təqdim edib. İsrail ən qısa zamanda rəsmi cavab verməlidir,” - deyə bildirib. O, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsinin müsbət nəticə verməyəcəyini vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

Braziliya mətbuatının məlumatına görə, hökumət İsrailin Gali Daganı yeni səfir kimi təqdim etməsini qəbul etməyib. Dagan, ötən həftə istefa verən hazırkı səfir Daniel Zohar Zonşaynın yerinə təyin olunmuşdu. İsrail Xarici İşlər Nazirliyi də Braziliyanın bu qərarını təsdiqləyib.

İran İslam İnqilabının Ali Lideri Ayətullah Seyid Əli Xamenei Qəzzada davam edən qətliamlarla bağlı sərt açıqlama verib. Xameneinin bu açıqlaması onun rəsmi “X” sosial şəbəkəsində ivrit dilində paylaşılaraq ictimaiyyətə təqdim olunub. Paylaşımda Qəzzada israilli qüvvələrin həyata keçirdiyi soyqırımı və fələstinlilərin aclıq şəraitində yaşadığı anları əks etdirən video da yer alıb

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İsrailin 7 oktyabr 2023-cü ildən etibarən hücumlarını davam etdirdiyi Qəzzəyə humanitar yardım və ərzaq dəstəyi göstərməkdə davam edir. TİKA-dan əldə edilən məlumata görə, Qəzzəyə hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana TİKA davam edən ərzaq böhranına qarşı təcili humanitar yardım fəaliyyəti həyata keçirir. Bu çərçivədə TİKA 16 min 500-dən çox ailəyə ərzaq paketi, 160 min porsiya isti yemək təqdim edib. TİKA 3 mindən çox ailəyə çadır, yataq, yorğan və qış geyimləri yardımı göstərib, eyni zamanda Səhiyyə Nazirliyi və xəstəxanalara da çox sayda tibbi ləvazimat və dərman göndərib. TİKA-nın illərdir Qəzzədə həyata keçirdiyi yardım layihələri çərçivəsində inşa olunan bəzi binalar İsrailin davam edən hücumları nəticəsində zərər görüb. Bu tikililər arasında inşasına 2011-ci ildə başlanılan və 2015-ci ildə tamamlanan Fələstin-Türkiyə Dostluq Xəstəxanası da var. 180 çarpayılıq xəstəxana, Fələstinin ən böyük və müasir tədris və tədqiqat xəstəxanası kimi tanınırdı.

Tramp Cənubi Koreya prezidenti Li Jae Myungu Oval Ofisdə qəbul edərkən jurnalistlərin Qəzzadakı aclıq və humanitar böhranla bağlı suallarını cavablandırıb. O, “Bu vəziyyətə bir an əvvəl son qoyulmalıdır. Aclıq və insanların öldürülməsi kimi problemlər davam edir,” deyərək, Qəzzadakı prosesin sonuna yaxınlaşdığını vurğulayıb. Tramp ABŞ-ın Qəzzaya 60 milyon dollarlıq ərzaq yardımı göndərdiyini və bu yardımın paylanıldığını bildirib. ABŞ dövlət katibi Marko Rubio isə Qəzza ilə bağlı diplomatik səylərin davam etdiyini qeyd edib.

BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik , BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına istinadən, İsrailin humanitar yardım karvanlarına qarşı məhdudlaşdırıcı siyasətini davam etdirdiyini qeyd edib. Düjarrik, İsrail hakimiyyətinin bir gün əvvəl koordinasiya tələb edən 15 humanitar missiyadan səkkizini ilkin olaraq rədd etdiyini, qalan yeddi missiyanı isə yerdə blokladığını açıqlayıb. O, həmçinin Qəzzada davam edən hava hücumları və hərbi əməliyyatların, xüsusilə səhiyyə obyektlərinə edilən hücumların daha çox mülki itkilərə səbəb olduğunu və kritik infrastrukturu zədələdiyini və ya məhv etdiyini bildirib. Düjarrik, mart ayının ortalarında atəşkəsin sona çatmasından bəri Qəzzada məcburi köçkünlərin sayının 800 mini keçdiyini, insanların təhlükəsizlik və sığınacaq axtarışı ilə köçkün düşdüyünü vurğulayıb.

Qəzza zolağında vəziyyətin gərginləşməsindən bəri Misir zaman-zaman müxtəlif hərbi siqnallar göndərir. Bu addımlarla ölkə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzü dəf etməyə qadir olduğunu nümayiş etdirir. Misirli hərbi rəsmilər İsrailin adını açıq çəkməsələr də, bu mesajların hamısı dolayı yolla İsrailə ünvanlandığı kimi şərh edilir. Ən diqqətçəkən addımlar arasında Şimali Sinay bölgəsinə ağır texnikanın gətirilməsi və Rafah sərhəd-keçid məntəqəsi yaxınlığında əsgərlərin sayının artırılması var.