BAKI,VOA, Həcər Nazarova
Sudanda minlərlə insan üçün nəzərdə tutulan BMT ərzaq yardımını daşıyan iki yük maşını həftəsonu hava hücumu nəticəsində məhv edilib.
VOA xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) hadisənin bazar günü Cənubi Kordofan əyalətinin Dilling şəhəri yaxınlığında baş verdiyini açıqlayıb. Təşkilat hücuma kimin məsuliyyət daşıdığını müəyyənləşdirməyib.
Yük maşınlarında 50 metrik ton ərzaq yardımı olub. Yardım Cənubi Kordofanın inzibati mərkəzi Kadugliyə çatdırılmalı idi. WFP burada təcili aclıq səviyyəsi ilə üzləşən təxminən 58 min insana dəstək göstərir.
WFP bəyanatında humanitar əməkdaşlara və yardım əməliyyatlarına hücumların qəbuledilməz olduğunu və dayandırılmalı olduğunu bildirib.
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında 2023-cü ilin aprelindən davam edən müharibə nəticəsində yardım təşkilatlarının hesablamalarına görə 200 mindən çox insan həlak olub. Münaqişə dünyada ən böyük aclıq və məcburi köçkün böhranlarından birinə səbəb olub.
BMT-nin məlumatına görə, son aylarda hər iki tərəfin pilotsuz uçuş aparatlarından istifadə etdiyi hücumlar intensivləşib və nəticədə 1 000-dən çox mülki şəxs öldürülüb. Ötən il Qəzzadan sonra humanitar əməkdaşlar üçün ən təhlükəli yer Sudan olub və burada 71 humanitar işçi həyatını itirib.
BMT-nin məlumatına əsasən, münaqişə nəticəsində Sudanda təxminən 30 milyon insan humanitar yardıma ehtiyac duyur.