BAKI,VOA Orxan Qədirzadə
Yeni araşdırma göstərir ki, Lionel Messi ilə Kriştiano Ronaldo arasında illərdir davam edən futbol mübahisəsi artıq təkcə idman mövzusu deyil. Tədqiqat qısa video platformalarının auditoriyanın zövqünü, seçimlərini və hətta dünyagörüşünü necə formalaşdırdığını ortaya qoyur.
Nəticələri Nieman Journalism Lab tərəfindən təqdim olunan "Siyasətdən kənarda siyasi kimlik: 26 ölkədə Messi və Ronaldo seçimi" adlı ilkin araşdırma 26 ölkədə 10 mindən çox yetkin insan arasında aparılıb. Araşdırmaya əsasən, özünü daha liberal baxışlı hesab edən iştirakçılar daha çox Lionel Messini, mühafizəkar baxışlı respondentlər isə Cristiano Ronaldonu üstün tuturlar.
Lakin tədqiqatın ən diqqətçəkən nəticəsi siyasi baxışlardan daha çox informasiyanın hansı platforma vasitəsilə istehlak olunması ilə bağlıdır.
Araşdırma göstərib ki, xəbərləri əsasən qısa video platformalarından izləyən istifadəçilər Ronaldoya daha çox üstünlük verirlər. Ənənəvi media vasitələrinin istifadəsi isə futbolçulardan hər hansı birinə üstünlük verilməsində əhəmiyyətli rol oynamır.
Tədqiqatın aparıcı müəllifi Seyfəddin Əhməd bildirib ki, bu nəticə ayrı-ayrı xəbərlərdən deyil, informasiyanın təqdim olunduğu rəqəmsal mühitdən qaynaqlanır.
Onun sözlərinə görə, qəzetlər, televiziya və xəbər saytları siyasət, idman və mədəniyyət mövzularını bir-birindən ayırır. Qısa video platformalarında isə siyasi xəbər, futbol görüntüsü, məşhur şəxslərin paylaşımı, həyat tərzi məsləhətləri və əyləncə eyni lentdə istifadəçiyə təqdim olunur.
Araşdırmada qeyd edilir ki, məhz bu alqoritmik qarışıq zaman keçdikcə insanların seçimlərinə təsir göstərir. İstifadəçilər bunu xarici təsir kimi deyil, şəxsi zövq kimi qəbul edirlər.
Tədqiqat müəllifləri hesab edirlər ki, Cristiano Ronaldonun rəqəmsal imici qısa video platformalarının iş prinsiplərinə daha uyğundur. O, dünyanın ən çox izlənilən Instagram hesabına sahibdir və özünü təqdim etmə üsulu vizual effektlər, yüksək aktivlik, təkrarlanan məzmun və şəxsi brend üzərində qurulub. Bu xüsusiyyətlər qısa video alqoritmləri tərəfindən daha çox təşviq edilir.
Lionel Messinin rəqəmsal təqdimatı isə daha sakit və nümayiş xarakterli deyil. Buna baxmayaraq, onun da dünya üzrə çox böyük azarkeş bazası mövcuddur.
Bununla yanaşı, araşdırma müəllifi nəticələrin sadələşdirilməsinin düzgün olmadığını vurğulayıb. Onun fikrincə, Ronaldoya üstünlük verilməsi yalnız siyasi baxışlarla izah edilə bilməz. Bəzi insanlar bunu dəyərlərinə görə seçir, digərləri isə qısa video platformalarında həmin məzmunla daha çox qarşılaşdıqları üçün eyni seçimi edirlər.
Araşdırmada media qurumları üçün də mühüm nəticələr yer alır. Bildirilir ki, peşəkar və dəqiq jurnalist materialı qısa video platformalarında yayımlandıqda, məşhurlar, idman, əyləncə və həyat tərzi məzmunu ilə eyni alqoritmik lentdə təqdim olunur. Bu isə xəbərin auditoriya tərəfindən qəbul edilmə formasını dəyişdirə bilir.
Tədqiqat müəllifləri hesab edirlər ki, media təşkilatları yalnız daha çox auditoriyaya çatmağı deyil, seçilən platformanın məzmunla auditoriya arasında necə münasibət qurduğunu da nəzərə almalıdırlar.
Araşdırmanın daha bir diqqətçəkən nəticəsinə görə, siyasi baxışlarla futbolçu seçimi arasındakı əlaqə xüsusilə gənc yaş qruplarında daha güclü müşahidə olunur. Məhz bu auditoriya xəbərləri əsasən TikTok, Instagram Reels və YouTube Shorts kimi qısa video platformalarından əldə edir.
Müəlliflərin fikrincə, bu tendensiya yeni nəslin siyasət, mədəniyyət, idman və məşhurları eyni alqoritmik informasiya mühitində qəbul etdiyini göstərir.
Paradoksal məqam isə ondan ibarətdir ki, qısa videoların Ronaldoya üstünlük yaratdığını göstərən araşdırmanın özü də Instagram Reels və TikTok platformalarında milyonlarla baxış toplayıb. Tədqiqat müəllifləri bildirirlər ki, bu hal nəticələrin elmi doğruluğunu sübut etməsə də, alqoritmlərin elmi araşdırmaları belə viral məzmuna çevirmək gücünü nümayiş etdirir.