Cəmiyyət

Xidmət keyfiyyətinin artırılması və sərnişin məmnuniyyətinin təmin olunması məqsədilə yanvarın 7-dən Masazır qəsəbəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 müasir, komfortlu, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən “King Long” markalı avtobus cəlb edilir.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir. 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsizliyə son qoymaqla bərabər, kiçik ailə biznesinə yiyələnmək imkanı yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunurlar.

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində mühüm işlər aparılır. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu sahədə aparılan işləri də qeyd edərək deyib: “Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omana səfəri çərçivəsində ölkənin Vəliəhdi Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb. Görüşdə Azərbaycanda mədəniyyətin, tarixi irsin qorunması, eləcə də gənclər və idman siyasəti sahəsində həyata keçirilən dövlət tədbirləri barədə məlumat verilib. Oman tərəfi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Tərəflər iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-Sosial portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsaslı “iDost” rəqəmsal köməkçi xidməti istifadəyə verilib. Platformanın əsas səhifəsində yerləşən “iDost” bölməsi vasitəsilə vətəndaşlar saytın menyusunda axtarış aparmadan, sadəcə istəklərini yazmaqla müvafiq elektron xidmətlərə birbaşa keçid edə və ya həmin xidmətlər barədə ətraflı məlumatlana bilirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.