BAKI,VOA
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb.
Trend xəbər verir ki, universitetin fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə ali məktəbə bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu həyata keçirilməyəcək.
Məlumata görə, universitetdə təhsil alan 1568 tələbədən 1513-ü bakalavriatın 11 ixtisası, 55-i isə magistratura səviyyəsinin 2 ixtisası üzrə təhsil alır. Onların Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında topladıqları bal, ixtisasları, təhsil səviyyəsi, təhsilalma forması, tədris dili, dövlət sifarişi və ya ödənişli əsaslarla oxumaları nəzərə alınmaqla Bakıda fəaliyyət göstərən digər özəl ali təhsil müəssisələrinə köçürülməsi planlaşdırılır.
Bundan başqa, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandıran və müxtəlif səbəblərlə universitetdən xaric edilən şəxslərin məlumatları dəqiqləşdiriləcək və onların təhsil hüquqlarının qanunvericiliyə uyğun təmin olunması üçün tədbirlər görüləcək.
Elm və Təhsil Nazirliyi vurğulayıb ki, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali məktəbin indiyədək verdiyi diplom və digər dövlət nümunəli təhsil sənədlərinin hüquqi qüvvəsinə təsir göstərmir. Cari tədris ilində universiteti bitirən məzunlara da qanunvericiliyə uyğun qaydada diplomlar təqdim ediləcək.
Qeyd olunub ki, universitetdə 110 nəfərdən çox pedaqoji işçi fəaliyyət göstərir. Onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələri olduğundan universitetin bağlanması onların əsas iş yerlərinə təsir etməyəcək. Universitetin ştat əməkdaşlarına isə digər ali təhsil müəssisələrində vakant vəzifələrə müraciət etmək imkanı yaradılacaq və Elm və Təhsil Nazirliyi bununla bağlı müvafiq tövsiyələr verəcək.
Nazirlik bildirib ki, tələbələrin təhsilinin fasiləsiz davam etdirilməsi ilə bağlı görülən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.