Bakı. AzerVoice :
Bakı - Mingəçevir müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib.
Bu barədə AzerVoice - ə "BakuBus" MMC-dən məlumat verilib.
Bildirilir ki, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 08:00 və 11:00-da, Mingəçevir Avtovağzalından isə 14:00 və 17:00-da yola düşür. Marşrut xətti üzrə gediş haqqı 9 manat 20 qəpik təşkil edir.
Marşrutların təhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə Bakı – Mingəçevir – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq, sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir.
Qeyd edək ki, "BakuBus” ilk olaraq paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımaları həyata keçirməyə başlayıb. “BakuBus” MMC artıq bir neçə gündür paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə də sərnişin daşımasını həyata keçirir. Şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.