BAKI, VOA, Nailə Babazadə
Misir dövlət mediası və Qırmızı Aypara rəsmisinin verdiyi məlumata görə, Qəzzanın Misirlə sərhədindəki keçid məntəqəsi cümə axşamı günü məhdud sayda insan üçün yenidən açılıb. Bu, İsrail və ABŞ-ın İrana zərbələr endirməsindən bəri ilk belə haldır.
VOA xəbər verir ki, AFP-yə anonim açıqlama verən Misir Qırmızı Aypara rəsmisi Rəfah keçid məntəqəsinin hər iki istiqamətdə fəaliyyətini bərpa etdiyini bildirib. Bu, fələstinli xəstələrin Misirə keçməsinə, Misirdə qalan fələstinlilərin isə Qəzzaya qayıtmasına imkan verəcək. Misir kəşfiyyatına yaxınlığı ilə bilinən "Al-Qahera News" telekanalı Misir tərəfində tibbi müalicə alan fələstinlilərin Qəzzaya qayıtmaq üçün hazırlaşdıqlarını göstərən görüntülər yayımlayıb.
İsrail rəsmiləri Rəfahın çərşənbə günü açılacağını elan etsələr də, bu, baş tutmamışdı. Bildirilib ki, keçid Misir ilə koordinasiyalı şəkildə, İsrailin təhlükəsizlik təsdiqi və Avropa İttifaqının (Aİ) sərhəd missiyasının nəzarəti altında həyata keçiriləcək. İsrail Müdafiə Nazirliyinin tabeliyindəki COGAT qurumunun məlumatına görə, Qəzzaya daxil olanlar İsrail ordusunun nəzarətindəki ərazidə əlavə yoxlanışdan keçəcəklər.
Qeyd edək ki, Rəfah keçid məntəqəsi fevralın 28-də İrana zərbələr endirildikdən sonra tamamilə bağlanmışdı. Bir çox xəstə və yaralı fələstinli üçün bu məntəqə Misirdə tibbi yardım almaq üçün yeganə çıxış yoludur. Lakin Misir rəsmilərinin bildirdiyinə görə, keçid üçün ciddi limitlər tətbiq olunub: gün ərzində yalnız 50 xəstənin (hər biri maksimum iki müşayiətçi ilə) Misirə keçməsinə və eyni sayda insanın Qəzzaya qayıtmasına icazə verilir.