BAKI,VOA Orxan Qədirzadə
Qəzzada atəşkəsin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı danışıqlar İsrail hökumətində fikir ayrılıqlarını dərinləşdirib. ABŞ administrasiyasının İsrailə iki həftəlik atəşkəsə razılaşması və HƏMAS-ın silahsızlandırılmasını nəzərdə tutan planı qəbul etdirmək üçün təzyiqi artırdığı bildirilir.
İsrailin dövlət televiziyası KAN-ın siyasi mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton Qəzza zolağında iki həftəlik atəşkəsin başlanması və bu müddətdə HƏMAS-ın silahsızlaşdırılması planının həyata keçirilməsi üçün Tel-Əvivə təzyiq göstərir.
İsrail hökumətində fikir ayrılığı
Məlumata görə, İsrail Təhlükəsizlik Kabinetinin son iclasında bəzi nazirlər Qəzzaya hücumların dayandırılmasına qarşı çıxaraq hərbi əməliyyatların davam etdirilməsini müdafiə ediblər.
İsrail hökumətinin baş katibi Yossi Fuchs isə kabinet üzvlərinə Qəzzada çoxmillətli qüvvənin yerləşdirilməsini nəzərdə tutan sazişin İsrail tərəfindən hələ imzalanmadığını bildirib.
Təhlükəsizlik Kabinetinin Qəzza məsələsini müzakirə etmək üçün bazar günü yenidən toplanacağı gözlənilir.
Smotriç və Strok planı “təhlükəli” adlandırıb
KAN bildirir ki, yaranmış fikir ayrılığı ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının iyulun 31-də açıqladığı Qəzza yol xəritəsi ilə bağlı İsrail hökumətindəki parçalanmanı göstərir.
İsrailin maliyyə naziri Bezalel Smotriç və məskunlaşma naziri Orit Strok bu həftə Baş nazir Binyamin Netanyahuya göndərdikləri məktubda yol xəritəsini “İsrail üçün təhlükəli” adlandıraraq plana qarşı çıxdıqlarını bildiriblər.
HƏMAS ikinci mərhələyə şərt qoyub
Qəzza Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov daha əvvəl HƏMAS-ın atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı hazırlanmış yol xəritəsini qəbul etdiyini açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp da Sülh Şurasının HƏMAS və Qəzzadakı digər silahlı qruplarla silahların yerə qoyulması məsələsində razılığa gəldiyini bildirmişdi.
HƏMAS isə fələstinli qruplarla birlikdə danışıqlar prosesinə və vasitəçilərin ikinci mərhələnin tamamlanması üçün təqdim etdiyi təkliflərə müsbət yanaşdığını açıqlayıb.
Təşkilat İsrailin hücumları dayandırmasını və razılaşdırılmış məsələlərin icrası üzrə konkret təqvim hazırlanmasını əsas şərt kimi irəli sürüb. HƏMAS həmçinin ikinci mərhələnin həyata keçirilməsinin İsrailin atəşkəsin ilk mərhələsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsindən asılı olduğunu vurğulayıb.
Qəzzanın idarə olunması üçün hazırlıq
Qəzza İdarəetmə Milli Komitəsi də Qəzza zolağının idarəçiliyini öz üzərinə götürmək üçün institusional və əməliyyat hazırlıqlarını başa çatdırdığını açıqlayıb.
Qəzzada atəşkəs sazişinin ilk mərhələsi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Saziş girovların dəyişdirilməsi və humanitar yardımların artırılmasını nəzərdə tutsa da, İsrailin Qəzzaya hücumları və humanitar yardımın əraziyə girişinə qoyulan məhdudiyyətlərin davam etdiyi bildirilir.
Beləliklə, ikinci mərhələnin taleyi yalnız HƏMAS və İsrail arasındakı razılaşmadan deyil, həm də Netanyahu hökumətindəki siyasi fikir ayrılıqlarından və Vaşinqtonun Tel-Əvivə təzyiqinin nəticəsindən asılı olacaq.