Digər Xəbərlər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, İran, Qərblə gərginliyin daha da artmaması üçün BMT müfəttişləri ilə əməkdaşlığını “ciddi şəkildə yaxşılaşdırmalıdır”. Qrossi açıqlamasında bildirib ki, MAQATE İyun ayında İranla İsrail arasında başlayan müharibədən bəri İranda 10-dan çox yoxlama həyata keçirib. Lakin müfəttişlərə ABŞ tərəfindən bombalanmış bəzi nüvə obyektlərinə – Fordo, Nətənz və İsfahana – daxil olmağa icazə verilməyib.

İranın BMT-dəki səfiri Amir-Saeid İravani ABŞ Prezidenti Donald Trampın nüvə silahları ilə bağlı açıqlamalarının beynəlxalq hüquqa zidd olduğunu və qlobal sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. İravani qeyd edib ki, Trampın 29 oktyabr 2025-ci il tarixində sosial mediada ABŞ-ın nüvə silahlarını digər nüvə gücləri ilə bərabər sınaqdan keçirməyə başlayacağını bildirməsi və 31 oktyabr müsahibəsində “dünyanı 150 dəfə məhv edə biləcək qədər nüvə silahına malik olduqlarını” deməsi nüvə sınaqlarını bərpa etmək niyyətinin açıq göstəricisidir. Bu, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və Ümumi Nüvə Sınaqlarına Qadağa Müqaviləsi (CTBT) üzrə öhdəliklərin kobud şəkildə pozulması hesab olunur.

ABŞ-da keçirilən Nyu York bələdiyyə sədrliyi seçkilərinin rəsmi olmayan nəticələrinə görə, Zohran Mamdani qalib gəlib. 34 yaşlı Mamdani səsvermədə 50,4 faiz səs toplayaraq Nyu York-un ilk Müslüman bələdiyyə sədri olaraq tarixə düşüb. Qalibiyyət çıxışında Mamdani bildirib ki, bu nəticə ilə “siyasi bir nəsli devirdiklərini” və şəhərin artıq dəyişiklik üçün səs verdiyini göstərirlər. “Nyu York, bu gecə dəyişim üçün səs verdiniz, yeni bir siyasət növü üçün səs verdiniz.” - deyə o qeyd edib.

Brüssel Hava Limanı hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) müşahidə edildiyinə dair məlumat daxil olduqdan sonra hava hərəkətinə bağlanıb. Belçika Hava Nəqliyyatına Nəzarət Xidməti dronların görünməsi ilə bağlı xəbərdarlıqdan sonra hava limanının uçuşlara müvəqqəti olaraq bağlandığını açıqlayıb. Brüssel Hava Limanının sözçüsü hava limanında uçuşların tamamilə dayandırıldığını təsdiqləyib.

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi müharibə axtarışında deyil, lakin müdafiə qabiliyyətini gücləndirib və düşmən tərəfindən ediləcək hər hansı bir səhvə dərhal və dağıdıcı cavab veriləcək. Prezident bu sözləri bazar ertəsi Tehranda, Kirman vilayətinin qubernatoru və İran parlamentinin nümayəndələri ilə görüş zamanı deyib. Görüşdə ölkənin cənub vilayətindəki problemlər və onların həlli yolları, eləcə də sanksiyalar və xarici təhdidlər müzakirə olunub.

Almaniya Baş naziri Fridrix Merts, Suriya Prezidenti Əhməd Əş-Şəraayı ölkənin sabitliyinə töhfə vermək və Almaniyada yaşayan suriyalıların vətənə qayıtması məsələlərini müzakirə etmək üçün Almanyaya dəvət etdiyini açıqlayıb. Merts, Şlesviq-Holşteyn əyalətinə səfəri zamanı verdiyi açıqlamada, Suriya ilə bağlı deportasiya planlarını da qeyd edərək bildirib ki, “Əlbəttə, cinayətkarları Suriyaya deportasiya etməyə davam edəcəyik. Plan budur və indi bunu konkret şəkildə həyata keçirəcəyik. Daxili İşlər Naziri bu məsələ üzərində işləyir.”

ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya, Türkiyə ilə İraq arasında su idarəçiliyi və su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün əldə edilən razılığı məmnunluqla qarşıladıqlarını bildirib. Savaya ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edib. “İraq ilə Türkiyə arasında davam edən su idarəçiliyi problemlərinin həllinə yönəlmiş razılığı yüksək qiymətləndirir və İraq hökumətini bu addımına görə təbrik edirəm.” - deyə paylaşımda qeyd edilir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın Darfur bölgəsinin ən böyük şəhəri Faşirin Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilməsindən sonra qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslərə qarşı zorakılığın davam etdiyi barədə xəbərdarlıq edib. BMT Baş Katibinin sözçü müavini Farhan Haq gündəlik mətbuat konfransında Sudandakı vəziyyəti şərh edib. O bildirib ki, Faşir şəhərində və ətrafında qadınlar, uşaqlar və digər dinc sakinlər hələ də zorakılığa məruz qalır.

İranın sabiq prezidenti Həsən Ruhani parlament və dövlət televiziyasını ona qarşı “təşkil olunmuş qaralama və saxtalaşdırma kampaniyası” aparmaqda suçlayıb. Bəyanatda o, hökuməti dövründə Rusiya və Çinlə əməkdaşlıq, eləcə də Suriyaya investisiyaları müdafiə edib və “milli birliyin qorunmasının həyati əhəmiyyət daşıdığını” bildirib. Ruhani deyib ki, bəzi siyasi və media dairələri mülayim cərəyana qarşı “intiqam kampaniyası” aparır və “yalan, iftira və təhqirlər” istifadə olunur. O, daxili parçalanmanı artıran ritorikadan çəkinməyə çağırıb.