Digər Xəbərlər

Pakistan Ordusu Əfqanıstanın “terrorçular və qeyri-dövlət aktorlarının mərkəzinə çevrildiyi” xəbərdarlığını verib. Hərbi sözçü leytenant general Əhməd Şərif Çaudhri Taliban hökumətini əl-Qaidə, İŞİD və Pakistan Talibani qruplarını himayə etməkdə ittiham edib. Çaudhri bildirib ki, Suriyadan təxminən 2 min 500 xarici döyüşçü son dövrlərdə Əfqanıstana daxil olub və onların ölkəyə dəvət edildiyi iddia olunur. “Bu terrorçular həm Pakistan, həm də Əfqanıstan vətəndaşı deyil, digər millətlərə mənsubdur. Beynəlxalq militant qrupların yenidən ortaya çıxması qonşu ölkələr üçün də təhlükə yarada bilər,” deyə o əlavə edib.

ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almayı hədəflədiyini” bildirib. Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə mövzusunda etdiyi brifinqdə, Trampın Qrenlandiya planlarına dair açıqlamalarından bəhs edib. Konqres üzvlərinin, Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə müşavir Yardımçısı Stiven Miller kimi yüksək səviyyəli rəsmilərin “agressiv açıqlamaları” səbəbindən Grönlandla bağlı verdikləri suallara Rubio, Trampın Qrenlandiyanı “satın almaq istədiyini” bildirib.

Filippinin cənub-şərqində yerləşən Bakulin bölgəsi sahillərində 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Filippinin cənub-şərq sahillərində zəlzələnin qeydə alındığını açıqlayıb. Gücü 6,4 olaraq ölçülən zəlzələnin episentrinin Bakulin bölgəsindən təxminən 16 kilometr şərqdə, dənizdə yerləşdiyi qeyd olunub. Təxminən 35 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində hələlik insan tələfatı və maddi zərər barədə məlumat verilməyib, həmçinin sunami xəbərdarlığı da edilməyib.

ABŞ Prezidenti Donald Tramp Venesuelada 30 gün ərzində yeni seçkilərin keçirilə bilməyəcəyini açıqlayıb. O bildirib ki, əvvəlcə ölkə “sabitləşdirilməli”dir. Tramp həmçinin ABŞ-ın ölkədə uzunmüddətli rol oynayacağını söyləyib. Tramp NBC News-ə verdiyi müsahibədə qeyd edib ki, ABŞ-ın hərbi müdaxiləsi ilə Venesuela Prezidenti Nikolas Maduronun saxlanmasından sonra Vaşinqton ölkədə uzunmüddətli rol oynayacaq.

İranda bir həftədən uzun davam edən etirazlarda 35 nəfər həyatını itirib, 1 200-dən çox insan saxlanılıb. Etirazlar ölkənin 27 vilayətində davam edir. İranda baş verən etirazlarda ölənlərin sayı azı 35-ə çatıb. Ölümlər arasında 29 etirazçı, 4 uşaq və İran təhlükəsizlik qüvvələrinin 2 üzvü var. ABŞ-ın İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat verib ki, etirazlarda 1 200-dən çox insan saxlanılıb.

ABŞ-nin Venesuelaya əməliyyatına Elon Maskdan dəstək gəldi. Mask Venesuelaya 1 ay ərzində Starlink vasitəsilə pulsuz internet veriləcəyini bildirib. Məşhur milyarder Elon Mask ABŞ-nin yanvarın 3-də Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra, öz şirkəti Starlink vasitəsilə ölkəyə 1 ay pulsuz internet təqdim edəcəyini açıqlayıb. Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ABŞ qüvvələri tərəfindən ölkədən çıxarılmasından sonra Mask əməliyyatla bağlı əvvəlcə dəstək mesajı paylaşıb. Maduroya qarşı “amansız bir tiran” ifadəsini işlədən Mask, özünə məxsus X sosial media platformasında “Venesuela artıq layiq olduğu rifaha qovuşa bilər” sözlərini paylaşıb.

İspaniya Baş naziri Sançez Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bildirib. Bu barədə İspaniya Baş naziri Pedro Sançez sosial mediada hesabında paylaşım edib. "Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət müzakirə mövzusu olmayan bir prinsipdir. Ukraynadan Qəzzaya, o cümlədən Venesuelaya qədər". - deyə Sançez qeyd edib. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın "çox strateji" bir yer olduğu və ölkəsinin bu bölgəyə milli təhlükəsizlik səbəbləri ilə ehtiyac duyduğu barədə açıqlamasına cavab olaraq Sançez bildirib ki, "İspaniya həmişə Birləşmiş Millətlər Təşkilatına fəal şəkildə sadiq qalacaq və Danimarka və Qrenlandiya xalqları ilə tam həmrəylik nümayiş etdirəcək".

ABŞ-ın vitse-prezidenti Vensin Ohayo ştatındakı iqamətgahı ilə bağlı insidentdən sonra bir nəfər saxlanılıb, araşdırma aparılır. Media tərəfindən yayımlanan fotolarda iqamətgahın pəncərələrinin sındığı görünür. Məxfi Xidmətin sözçüsü Entoni Qulyelmi bildirib ki, şəxsiyyəti açıqlanmayan yetkin yaşlı kişi vitse-prezidentlə əlaqəli şəxsi yaşayış evinin xarici hissəsində pəncərələri sındırmaqla əmlaka ziyan vurduğu üçün saxlanılıb.

Kolombiya Prezidenti Gustavo Petro ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini tənqid edib və belə bir hərəkətin dünya tarixində hətta “diktatorlar” tərəfindən belə edilmədiyini bildirib. Petro ABŞ mərkəzli X şirkətinin sosial media hesabından paylaşımında vurğulayıb ki, ABŞ insanlıq tarixində bir Cənubi Amerika ölkəsinin paytaxtını bombalayan ilk ölkədir. “Ne (İsrail Baş Naziri Binyamin) Netanyahu, ne (Nazi diktator Adolf) Hitler, ne (İspan diktatoru Francisco) Franco, ne də (Portuqaliya diktatoru Antonio de Oliveira) Salazar bunu etdi.” - deyə o qeyd edib.

Qrenlandiyanın Baş Naziri Yens Frederik Nielsen ABŞ Prezidenti Donald Trampın avtonom Danimarka ərazisini ilhaq etmək təhdidlərinə sərt reaksiya verib. “Daha çox təzyiq olmayacaq. Daha çox işarələr olmayacaq. İlhaq xəyalları olmayacaq. Biz dialoqa və müzakirələrə açığıq, amma bu yalnız beynəlxalq hüquqa hörmətlə və düzgün kanallar vasitəsilə baş verməlidir.” - deyə paylaşımda qeyd edib. Prezident Tramp bazar günü ABŞ-ın tərkibinə Qrenlandiyanın qatılması iddiasını təkrarlayıb. O, strateji yerləşməsinə görə Qrenlandiyanı milli təhlükəsizlik baxımından önəmli adlandırıb. Tramp jurnalistlərin suallarına cavab olaraq bildirib:

Fələstinli Jurnalistlər Birliyi bildirib ki, İsrail qüvvələri dekabr ayında fələstinli jurnalistlərə qarşı öldürmə, yaralama, saxlanılma, hücum və xəbər izləməsinin əngəllənməsini əhatə edən 99 pozuntu həyata keçirib. Birliyin “Mətbuat azadlığının reallığı” adlı aylıq hesabatında qeyd olunub ki, bu dövrdə İsrail qüvvələri fələstinli jurnalistləri sistemli şəkildə hədəfə alıb, təzyiq və məhdudiyyətlər yüksək səviyyədə davam edib. İsrail qüvvələrinin həyat və təhlükəsizliyə yönəlmiş ağır pozuntuları çərçivəsində Qəzza zolağında vəzifəsini yerinə yetirərkən bir jurnalistin həlak olduğu, birbaşa hədəfə alma və bombardman nəticəsində iki jurnalistin yaralandığı, həmçinin iki jurnalistin yaxınlarının həyatını itirdiyi bildirilib.