BAKI,VOA, Fərid Mikayılov
İrlandiyanın səyahət sığortası şirkəti JustCover tərəfindən aparılan araşdırmaya əsasən, Lissabon dünyanın ən rəngli şəhəri seçilib. Siyahıda Porto isə üçüncü pillədə qərarlaşıb.
Araşdırma çərçivəsində 78 müxtəlif turizm istiqamətindən əldə olunan görüntülər analiz edilib və Lissabona aid fotolarda 2,6 milyondan çox fərqli rəng müəyyən olunub.
Mütəxəssislər qeyd edir ki, sosial mediada vizual məzmunun artdığı dövrdə turistlər üçün şəhərlərin estetik görünüşü və rəng palitrası daha da önəmli faktora çevrilib.
Lissabon xüsusilə Alfama kimi tarixi məhəllələrdəki pastel rəngli binaları, dekorativ plitələri və dar küçələrdən keçən sarı tramvayları ilə seçilir.
İkinci yerdə Kuala Lumpur qərarlaşıb. Şəhər müasir göydələnlərlə ənənəvi tikililər arasında yaratdığı rəng kontrastı ilə diqqət çəkir.
Üçüncü pillədə yer alan Porto isə Douro çayı sahilində yerləşən rəngarəng evləri və terrakota dam örtükləri ilə tanınır.
Dördüncü sırada Cartagena, beşinci pillədə isə Rio de Janeiro yer alıb.
Ən rəngli 15 şəhər siyahısına Havana, New Orleans, New York City kimi şəhərlər də daxil edilib. Avropadan isə Dubrovnik və Barcelona da diqqət çəkən mövqelərdə qərarlaşıb.
Araşdırmada şəhərləri təmsil edən fotolar gün işığında və filtrsiz seçilib, daha sonra xüsusi alət vasitəsilə bu görüntülərdəki rənglərin sayı hesablanaraq yekun siyahı formalaşdırılıb.