BAKI,VOA Orxan Qədirzadə
Britaniyanın daxili işlər naziri Şəbana Mahmud yeni baş nazir Endi Bernhem tərəfindən vəzifəsində saxlanılıb. Onun postda qalması ölkədə qeyri-qanuni miqrasiya, kiçik qayıqlarla La-Manş boğazından keçidlər və sağçı “Reform UK” partiyasının yüksəlişi fonunda hökumətin sərt miqrasiya siyasətini davam etdirmək niyyətindən xəbər verir.
45 yaşlı Mahmud son iki ildə Britaniya hökumətində mühüm böhranlarla üzləşən siyasətçilərdən biri kimi tanınıb. O, əvvəlcə ədliyyə naziri kimi həbsxanalarda yaranmış böhranla mübarizə aparıb, daha sonra daxili işlər naziri təyin edilərək miqrasiya və sərhəd təhlükəsizliyi məsələlərinə rəhbərlik edib.
Mahmud Britaniyanın daxili işlər naziri postunu tutan ilk müsəlman qadın və ilk müsəlman leyborist siyasətçidir. O, 2024-cü ildə isə ölkənin ilk müsəlman qadın lord-kansleri və ədliyyə naziri kimi tarixə düşüb.
Briminghamdan Oksforda
Şəbana Mahmud 1980-ci ildə Birmingemdə, Kəşmir əsilli ailədə anadan olub. Doğulduqdan qısa müddət sonra ailəsi atasının mühəndis işlədiyi Səudiyyə Ərəbistanının Taif şəhərinə köçüb. Təxminən yeddi il sonra ailə Birmingemə qayıdıb.
Mahmud Birmingemin müxtəlif etnik qrupların yaşadığı Smoll Hit bölgəsində böyüyüb. 1980-1990-cı illərdə ərazidə yoxsulluq və cinayətkarlığın yüksək olması onun təhlükəsizlik və qanunun aliliyi ilə bağlı baxışlarının formalaşmasına təsir göstərib.
O, Oksford Universitetinin Linkoln Kollecində hüquq təhsili alıb və daha sonra peşəkar məsuliyyət və kompensasiya məsələləri üzrə vəkil kimi çalışıb.
2010-cu ildə Leyboristlər Partiyasından parlamentə seçilən Mahmud 29 yaşında Britaniya İcmalar Palatasının üzvü olub. O, həmin dövrdə parlamentə seçilən ilk müsəlman qadınlardan biri kimi diqqət çəkib.
Leyboristlər daxilində sürətli yüksəliş
Mahmud siyasətdə sürətlə ön plana çıxıb. Ed Milibendin partiya rəhbərliyi dövründə həbsxanalar, ali təhsil və xəzinə məsələləri üzrə “kölgə hökumətində” müxtəlif vəzifələr tutub.
Lakin Ceremi Korbinin 2015-ci ildə Leyboristlər Partiyasına rəhbər seçilməsi onun siyasi yüksəlişini müvəqqəti dayandırıb. Mahmud Korbinin “kölgə hökumətində” çalışmaqdan imtina edib və partiyanın daha mərkəzçi qanadında mövqeyini qoruyub.
Sonrakı illərdə o, “Mavi Leyboristlər” kimi tanınan, sosial məsələlərdə daha mühafizəkar, iqtisadi məsələlərdə isə dövlət müdaxiləsini dəstəkləyən cərəyanla əlaqələndirilib.
Starmer dövründə yenidən ön planda
Kir Starmer 2020-ci ildə Leyboristlər Partiyasının lideri seçildikdən sonra Mahmud yenidən siyasi qərarların mərkəzinə qayıdıb.
O, partiyanın seçki kampaniyalarının təşkilində mühüm rol oynayıb və Leyboristlərin 2021-ci ildə Batli və Spen dairəsində keçirilən ara seçkidə qalib gəlməsinə töhfə verən əsas təşkilatçılardan biri kimi tanınıb.
2024-cü il parlament seçkilərində Leyboristlərin qələbəsindən sonra Mahmud ədliyyə naziri və lord-kansler təyin olunub. Onun ilk ciddi sınağı ölkənin həbsxana sistemindəki böhran olub.
Həbsxanalarda yerlərin çatışmazlığı səbəbindən hökumət minlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə qərar verib. Proqram ciddi siyasi tənqidlərə səbəb olsa da, Mahmud böhranlı qərarları üzərinə götürməsi ilə “böhranlar naziri” obrazını möhkəmləndirib.
Daxili İşlər Nazirliyində əsas sınaq
2025-ci ilin sentyabrında Mahmud daxili işlər naziri təyin olunub. Bu vəzifədə onun əsas gündəmlərindən biri La-Manş boğazından kiçik qayıqlarla Britaniyaya keçən miqrantların sayının azaldılması olub.
Miqrasiya məsələsinin Britaniya siyasətində daha da ön plana çıxması sağçı “Reform UK” partiyasının mövqelərinin güclənməsi ilə üst-üstə düşüb.
Mahmud miqrasiyaya yalnız humanitar məsələ kimi deyil, dövlətin sərhədlərə nəzarət etmək və qanunun aliliyini təmin etmək qabiliyyətinin göstəricisi kimi yanaşır. Bu mövqeyi onun Leyboristlər Partiyasının sol qanadı ilə münasibətlərində gərginlik yaradıb.
Qəzza məsələsi və siyasi təzyiq
Mahmudun siyasi karyerasında Qəzza müharibəsi də mühüm rol oynayıb.
2024-cü il seçkilərində onun Birmingemdəki dairəsində səs üstünlüyü kəskin azalıb. Buna Qəzza müharibəsinin seçki kampaniyasının əsas mövzularından birinə çevrilməsi və müstəqil namizəd Əhməd Yaqubun onunla ciddi rəqabət aparması təsir göstərib.
Mahmud daha əvvəl Fələstin məsələsində daha fəal mövqe nümayiş etdirsə də, atəşkəslə bağlı səsvermədə bitərəf qalması müsəlman seçicilər arasında narazılığa səbəb olub.
Bununla belə, o, Britaniyadakı müsəlman icmasının Qəzzadakı hadisələrə görə keçirdiyi narahatlığın hökumət tərəfindən nəzərə alınmasının vacibliyini vurğulayıb.
Bernhemin qərarının səbəbi
Mahmudun daxili işlər naziri vəzifəsində saxlanılması yeni hökumətin miqrasiya siyasətini dəyişmək əvəzinə, mövcud istiqaməti davam etdirməyə üstünlük verdiyini göstərir.
Onun qarşısında əsas vəzifələr La-Manş boğazından qanunsuz keçidlərin azaldılması, sığınacaq müraciətlərinə baxılmasının sürətləndirilməsi, sığınacaq axtaranların otellərdə yerləşdirilməsinin azaldılması və ölkədə qalmaq hüququ olmayan şəxslərin deportasiyasının sürətləndirilməsidir.
Bernhemin Mahmudun vəzifəsini dəyişməməsi həm də siyasi məsuliyyətin bölüşdürülməsi baxımından əhəmiyyətlidir. Çünki miqrasiya siyasətinin hazırlanmasında artıq mühüm rol oynayan nazirin postda saxlanılması həmin siyasətin nəticələrinə görə məsuliyyətin də onun üzərində qalması deməkdir.
Mahmudun qarşısındakı əsas problem isə sərt miqrasiya siyasəti ilə Leyboristlər daxilindəki fərqli mövqelər arasında balans yaratmaqdır. Onun gələcək siyasi taleyi böyük ölçüdə sərhədlərə nəzarət və miqrasiya məsələsində hökumətin nəticələrindən asılı olacaq.