BAKI,VOA Orxan Qədirzadə
Braziliya Argentina prezidenti Xavyer Mileyinin braziliyalı həmkarı Luiz İnasio Lula da Silvaya qarşı sərt ifadələrindən sonra Buenos-Ayresdəki diplomatik nümayəndəliyinin səviyyəsini aşağı salıb.
Braziliya Argentinaya bildirib ki, bundan sonra diplomatik əlaqələr səfir səviyyəsində deyil, müvəqqəti işlər vəkili səviyyəsində idarə olunacaq.
Braziliyanın Buenos-Ayresdəki səfiri Hulio Bitelli də Argentinaya geri qayıtmayacaq.
Miley Lulanı “cinayətkar və korrupsioner” adlandırıb
Böhrana səbəb Argentinanın prezidenti Xavyer Mileyinin televiziya müsahibəsində Lula da Silvaya qarşı istifadə etdiyi ifadələr olub.
Miley Braziliya liderini “keçmiş məhkum, oğru və korrupsioner” adlandırıb.
Argentina hökuməti də Braziliyanın diplomatik statusun aşağı salınması barədə qərarını təsdiqləyib. Buenos-Ayres bildirib ki, Braziliya tərəfi səfirin ölkəni tərk etməsini və münasibətlərin müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsini tələb edib.
Böhran Bolsonaro amili fonunda dərinləşib
Braziliya ilə Argentina arasında gərginlik son həftələrdə daha da artıb.
Miley iyulun sonunda Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun oğlu və müxalifətin prezidentliyə namizədi Flavio Bolsonaro ilə birlikdə tədbirdə iştirak edib.
Həmin tədbirdə Argentina prezidenti Lula da Silvaya qarşı çıxış edib və Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraesi də tənqid edərək onu “zibil” adlandırıb.
Bundan sonra Braziliya Xarici İşlər Nazirliyi öz səfirini məsləhətləşmələr üçün ölkəyə çağırıb.
İki qonşu arasında ilk belə diplomatik addım
Analitiklər qeyd edir ki, bu, müasir tarixdə Braziliya və Argentina arasında diplomatik münasibətlərdə belə yüksək səviyyəli gərginliyin ilk nümunələrindən biridir.
Lula da Silva isə Mileyinin açıqlamalarına münasibət bildirməyib.
İki ölkə lideri arasında münasibətlər Mileyinin 2023-cü ilin dekabrında Argentina prezidenti vəzifəsinə başlamasından sonra gərgin olaraq qalır.
Cənubi Amerikanın iki ən böyük iqtisadiyyatı olan Braziliya və Argentina arasında yaranan diplomatik böhran regiondakı siyasi parçalanmanın yeni göstəricisi kimi qiymətləndirilir.