BAKI,VOA, Orxan Qədirzadə
Ötən çərşənbə axşamı Brüsseldə Afrika regionu üçün yeni siyasi platforma olan "Sahil Demokratları Alyansı" təsis edilib. Mali, Burkina-Faso və Nigerdən olan vətəndaş cəmiyyəti fəalları, siyasətçilər və ziyalıları birləşdirən bu alyans regiondakı hərbi çevrilişlərə qarşı vahid cəbhə formalaşdırmağı hədəfləyir.
VOA xəbər verir ki, "Fransa Beynəlxalq Radiosu"nun (RFI) məlumatına görə, alyans dövlətin "militarizasiyasına" son qoymağı və Sahil bölgəsini bürümüş böhrandan çıxmaq üçün inklüziv siyasi həllər təklif etməyi planlaşdırır.
Regional koordinasiya - "Çevrilişçilər sindikatı"na qarşı
Alyansın baş katibi Malik Konate bildirib ki, hərbi rejimlərin yaratdığı "Sahil Dövlətləri Alyansı" (AES) əslində yalnız bir "çevrilişçilər sindikatı"dır. O, bu hərbi ittifaqa qarşı mülki qüvvələrin də regional səviyyədə birləşməsinin vacibliyini vurğulayıb:
"Mülki qüvvələr indiyədək yalnız öz ölkələrinin daxilində mübarizə aparırdılar. Bizim məqsədimiz Mali, Niger və Burkina-Faso demokratlarını bir çətir altında toplayaraq, konstitusiya quruluşunun bərpası üçün kollektiv təzyiq rıçağı yaratmaqdır."
Hərbi rejimlərin sərt cavabı - "Demokratiyanı unudun"
Lakin bu demokratik ambisiyalar Sahil ölkələrinin hərbi rəhbərlərinin kəskin müqaviməti ilə üzləşir:
İbrahim Traore (Burkina-Faso) aprelin 2-də televiziya çıxışında açıq şəkildə bildirdi - "İnsanlar demokratiyanı unutmalıdırlar. Demokratiya bizə görə deyil."
Abdurahman Tiani (Niger) bir həftə öncəki çıxışında seçkisiz, siyasi partiyalarsız və azad mətbuatsız yeni siyasi sistem elan edərək, özünə xalq səsverməsi olmadan yenilənə bilən 5 illik hakimiyyət müddəti təyin etdi.
Brüsseldən idarə olunan hərəkat - Güclü və zəif tərəflər
Müşahidəçilər qeyd edirlər ki, alyansın Avropada təsis edilməsi mülki elitaya təhlükəsiz təşkilatlanma imkanı versə də, bu həm də onun ən zəif nöqtəsidir. Bölgədəki hərbi xuntalar artıq bu hərəkatı "xarici güclərin nökəri" və "qərb gündəminə xidmət edən qruplaşma" adlandıraraq ona qarşı ritorika qurmağa başlayıblar.
Əsas sual isə budur - mühacirətdə qurulan bir ittifaq, demokratiyanı tamamilə rədd edən və hərbi diktatura ilə idarə olunan cəmiyyətlərdə real xalq dəstəyi qazana bilərmi?