Bakı. AzerVoice:
Mərakeş ilə Fələstin arasında ticari və texniki əməkdaşlıq çərçivəsində iki anlaşma memorandumu imzalanıb.
AzerVoice xəbər verir ki, bu barədə Mərakeş Sənaye və Ticarət Nazirliyi X platformasında məlumat paylaşıb. Məlumata görə, Mərakeşin sənaye və ticarət naziri Riyad Məzzur paytaxt Rabatda rəsmi təmaslar üçün ölkəyə səfər edən fələstinli həmkarı Ərafat Əbu Səninə ilə görüşüb.
Açıqlamada qeyd olunub ki, görüş zamanı Fələstin və Mərakeş arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi çərçivəsində iki anlaşma memorandumu imzalanıb.
Bəyanatda bildirilib ki, imzalanan sazişlərdən biri uyğunluq sertifikatlarının qarşılıqlı tanınması, keyfiyyət və halallıq sertifikatı, digəri isə iki ölkə arasında sənaye, ticarət və texniki əməkdaşlıq və mübadilənin artırılması və ölkələr arasında ticarətin asanlaşdırılması ilə bağlı olub.
Bəyanatda vurğulanıb ki, ikinci saziş də Mərakeş Kralı VI Məhəmmədin göstərişlərinə uyğun olaraq Fələstində sabitlik və inkişafı dəstəkləmək, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.