Bakı, AzerVoice
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı illərdir tətbiq etdiyi sərt
sanksiyaların bəzi sahələrdə yumşaldılması barədə qərar qəbul
edib.
AzerVoice xəbər verir ki, Brüsseldə
toplanan Aİ-nin xarici işlər nazirləri, enerji, maliyyə və aviasiya
sektorlarında məhdudiyyətlərin azaldılmasını nəzərdə tutan yol
xəritəsini təsdiqləyiblər.
Aİ, 2011-ci ildə Suriya və Əsəd rejiminə qarşı ağır sanksiyalar tətbiq etmişdi. Yeni qərar, bu sanksiyaların müəyyən sahələrdə rahatlaşdırılması üçün atılan ilk addım hesab olunur. Yol xəritəsinə əsasən, texniki araşdırmalar aparılacaq və bu prosesin tamamlanmasından sonra dəyişikliklər qüvvəyə minəcək.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, “Biz Suriyada vəziyyətin yaxşılaşması üçün sürətlə hərəkət etmək istəyirik, lakin vəziyyət pisləşərsə, bu qərarı dəyişməyə də hazırıq. Bununla yanaşı, humanitar yardım və bərpa işlərini də artırmağa sadiqik.” -deyə bildirib.
Bununla belə, Aİ Suriyaya qarşı tətbiq etdiyi bəzi sərt sanksiyaları qüvvədə saxlayacaq. Bunlara silah embarqosu, Əsəd rejimi ilə əlaqəli şəxslərə və qurumlara qarşı maliyyə məhdudiyyətləri daxildir.