BAKI,VOA
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında dərc edilib.
Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosu 2026-cı il iyunun 25-də 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) bu il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib.
İdman tarixində ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək.