ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) fevralın 3-dən 12-dək Suriyada terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı hava əməliyyatları keçirdiyini elan edib.Hava hücumları nəticəsində terror təşkilatının infrastruktur obyektləri və silah anbarları dəqiq idarə olunan sursatlarla vurulub. Məlumata görə, bu əməliyyatlar İŞİD qalıqlarına qarşı hərbi təzyiqi saxlamaq məqsədi daşıyır. Bundan əvvəl, yanvarın 27-dən fevralın 2-dək həyata keçirilən 5 ayrı hava hücumu zamanı isə təşkilatın rabitə mərkəzi və strateji logistika nöqtələri sıradan çıxarılıb.
Yaxın Şərq
İsrail ordusu 10 oktyabr tarixindən etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağının müxtəlif bölgələrinə yeni hücumlar təşkil edib. Səhiyyə qaynaqlarından alınan son məlumatlara görə, Qəzzanın cənubunda yerləşən Xan Yunus şəhərində İsrail hərbçilərinin açdığı atəş nəticəsində biri uşaq, digəri isə yaşlı olmaqla iki fələstinli yaralanıb.
Qətərin paytaxtı Dohada bazar günü Livan Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstək məqsədilə Parisdə keçiriləcək beynəlxalq konfrans ərəfəsində hazırlıq iclası baş tutacaq. Doha görüşündə Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Misir olmaqla beş sponsor ölkə, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlar iştirak edəcək. Məqsəd Livan ordusunun ehtiyaclarını müəyyənləşdirmək və martın 5-də Parisdə keçiriləcək əsas konfrans üçün maliyyə və hərbi dəstək mexanizmlərini formalaşdırmaqdır.
Bağdadda güclü mühafizə olunan saxlanma müəssisəsində Suriyadan İraqa köçürülən minlərlə İŞİD şübhəlisi istintaqa cəlb edilib. ABŞ hərbçilərinin müşayiəti ilə Suriyanın şimal-şərqindəki həbsxanalardan 60 müxtəlif ölkənin vətəndaşı olan 5 mindən çox saxlanılan şəxs Bağdada gətirilib. Köçürülmə Suriyada vəziyyətin gərginləşməsi fonunda mümkün qaçış risklərinin qarşısını almaq məqsədi daşıyıb.
Səudiyyə Ərəbistanı və Pakistan cümə axşamı iki ölkə arasındakı münasibətlərin möhkəmliyini, strateji müdafiə tərəfdaşlığını və beynəlxalq təhlükəsizliklə sülhün qorunmasında oynadıqları önəmli və aparıcı rolu bir daha vurğulayıblar. Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Ər-Riyadda Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Müdafiə Qüvvələrinin komandanı feldmarşal Asim Muniri qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz cümə günü bir sıra kral fərmanları imzalayıb. Bu fərmanlarla bəzi şahzadələr və yüksək vəzifəli məmurlar vəzifələrindən azad edilib, digərləri isə yeni vəzifələrə təyin olunub və ya rütbələri artırılıb. AzerVoice xəbər verir ki, fərmanlara əsasən, Taif valisi şahzadə Saud bin Nahar bin Saud vəzifəsindən azad edilərək, yüksək dərəcə ilə Mədinə bölgəsi qubernatorunun müavini təyin edilib. Onu bu vəzifədə şahzadə Favaz bin Sultan bin Əbdüləziz əvəz edib. Şahzadə Məhəmməd bin Abdullah bin Əbdüləziz isə Şimal Sərhədləri bölgəsi qubernatorunun müavini vəzifəsinə gətirilib.
Milyarder Ceffri Epşteynin deşifrə olunmuş yazışmalarında Türkiyə əleyhinə fəaliyyətlərlə yanaşı, Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı kəşfiyyat uğuru barədə detallar üzə çıxıb. ABŞ-ın milyonlarla dollar xərcləyərək hazırladığı 50 nəfərlik xüsusi hərbi qrup sahəyə enən kimi MİT-in müdaxiləsi ilə dağıdılıb. Bu faktlar məşhur dilşünas Noam Çomski ilə Epşteyn arasındakı 28 sentyabr 2015-ci il tarixli e-poçt yazışmalarında yer alıb.
Suriya Səudiyyə Ərəbistanının Dəməşqdə keçirilən 2026-cı il Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirakını iki ölkə arasındakı əlaqələrin güclənməsinin göstəricisi kimi qiymətləndirib. Sərgi fevralın 6-dan 16-dək təşkil olunur və Səudiyyə Ərəbistanının iştirakına Ədəbiyyat, Nəşriyyat və Tərcümə Komissiyası rəhbərlik edir. Səudiyyə Ərəbistanının Dəməşqdəki səfiri Faysal əl-Mucfil sərgi çərçivəsində qurulan Səudiyyə pavilyonunu ziyarət edib. O, Suriyanın mədəniyyət naziri Məhəmməd Yasin Saleh ilə görüşüb. Nazir Səudiyyə Ərəbistanının fəxri qonaq kimi dəvət edilməsini iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan mədəni münasibətlərin dərinliyinin təsdiqi kimi qiymətləndirib.
BMT-nin Baş katibi Antonio Quterreşin təqdim etdiyi və Təşkilatın Terrorla Mübarizə Ofisi tərəfindən hazırlanmış hesabatda bildirilir ki, Suriyanın Prezidenti Əhməd əş-Şəraa, daxili işlər naziri Ənəs Həsən Xəttab və xarici işlər naziri Əsəd əş-Şeybani terrorçu İŞİD qruplaşması ilə əlaqələndirilən struktur tərəfindən hədəf seçilib.
ABŞ təxminən 10 il yerləşdiyi Suriyanın İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən strateji Tenef hərbi bazasından geri çəkilib. Suriya hökumətinə yaxın mənbələr ölkə ordusunun bazanı təhvil alaraq burada yerləşdiyini bildirib. Məlumata görə, ABŞ qüvvələri Tenef bazasından İordaniya ərazisində yerləşən və bazaya 22 kilometr məsafədə olan “Kule 22” hərbi obyektinə köçürülüb. Bildirilir ki, bir vaxtlar Tenefdə təxminən 200 ABŞ hərbçisi yerləşirdi. “Kule 22” bazasındakı ABŞ hərbçilərinin sayı barədə isə dəqiq məlumat açıqlanmayıb.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə mühüm görüş keçiriblər. Bu, Trampın vəzifəyə qayıtmasından bəri iki lider arasında baş tutan yeddinci görüşdür. Görüşün əsas mövzusunu İranın nüvə proqramı və Qəzzada atəşkəs planı təşkil edib. Netanyahu bu görüşdə ABŞ-ın İranla apardığı danışıqların dairəsini genişləndirməyə çalışır. İsrail tərəfi tələb edir ki, hər hansı bir saziş yalnız nüvə fəaliyyətlərini deyil, həm də Tehranın ballistik raket arsenalını və regiondakı proksi qüvvələrinə verdiyi dəstəyi də əhatə etməlidir. Netanyahu ABŞ-ı İranın vədlərinə güvənməməyə çağırıb.
Qəzzadakı Fələstin hökumətinin Media Ofisi tərəfindən yayımlanan rəsmi hesabata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs razılaşmasından keçən 4 aylıq müddət ərzində İsrail ordusu tərəfindən sistematik qanun pozuntuları qeydə alınıb. Hesabatda bildirilir ki, İsrail bu müddətdə razılaşmanı 1620 dəfə pozub və beynəlxalq humanitar hüququn prinsiplərini qəsdən sarsıdıb. İsrail ordusunun pozuntuları arasında 560 dəfə birbaşa atəş açılması, 79 dəfə hərbi texnika ilə yaşayış məntəqələrinə daxil olma, 749 dəfə bombardman və 232 yaşayış binasının partladılması yer alır.