BAKI,VOA,Yusif Şərifzadə
İordan çayının qərb sahilində yerləşən Tal kəndinin bələdiyyə sədri Valid Zeydan israilli məskunlaşanların və İsrail ordusunun hücumlarından sonra kənd sakinlərinin beynəlxalq müdafiəyə ehtiyacı olduğunu bildirib. Hücum nəticəsində azı dörd fələstinlinin öldüyü açıqlanıb.
VOA xəbər verir ki, Valid Zeydanın sözlərinə görə, səhər saatlarında təxminən 20 nəfər israilli məskunlaşan Tal kəndinə hücum edib. Daha sonra onlar Qabala bölgəsinə keçərək hücumlarını davam etdiriblər. Kənd sakinləri evləri qorumaq üçün hadisə yerinə toplaşıb və qarşıdurma zamanı tərəflər arasında fiziki toqquşma baş verib.
Bələdiyyə sədri bildirib ki, İsrail ordusu hadisə zamanı bir fələstinlinin məskunlaşanlardan birinin silahını götürdükdən sonra atəş açdığını iddia edir. Lakin digər məlumatlara görə, İsrail hərbçiləri hadisə yerində olan şəxslərə atəş açıblar.
Valid Zeydan kəndin İsrail qüvvələri tərəfindən mühasirədə saxlanıldığını, bu səbəbdən həlak olanların dəfn mərasiminin tarixinin hələ müəyyən edilmədiyini deyib.
O, həmçinin İsrail rəhbərliyinin bəyanatlarının zorakılığı daha da artırdığını iddia edərək bildirib ki, hücum edən tərəf məskunlaşanlardır. Onun sözlərinə görə, onlar fələstinlilərin evlərinə hücum edir, torpaqları ələ keçirir və sakinləri yalnız özlərini müdafiə etməyə məcbur qoyurlar.
Bələdiyyə sədri beynəlxalq ictimaiyyəti Tal kəndinin sakinlərini davam edən hücumlardan qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.