BAKI,VOA,Yusif Şərifzadə
İsrail prokurorluğu işğal altındakı İordan çayının qərb sahilində yerləşən kəndlərə və məscidə hücumlarda iştirak etməkdə şübhəli bilinən altı israilli məskunlaşmaçıya qarşı ittiham irəli sürüb.
VOA xəbər verir ki, İsrail polisi yaydığı açıqlamada həmin şəxslərin terror, qəsdən yandırma, dağıntı törətmə və zorakılıq əməllərində təqsirləndirildiyini bildirib.
Məlumata görə, hadisə iyunun 14-də Ramallah yaxınlığındakı Deyr Dibvan kəndində baş verib. Araşdırma zamanı müəyyən edilib ki, maskalı məskunlaşmaçılar əvvəlcədən razılaşdırılmış şəkildə kəndə daxil olublar. Onların üzərində alışdırıcı maddələr, gözyaşardıcı qaz və bıçaq olduğu bildirilib.
Polisin açıqlamasına əsasən, şübhəlilər kəndə daxil olduqdan sonra bitki örtüyünü yandırıb, avtomobilləri odlayıb, yerli məscidə ziyan vurub, yaşayış evlərinə hücum edib və evlərlə avtomobillərə daş atıblar.
Qeyd olunub ki, beynəlxalq hüquqa əsasən qanunsuz hesab edilən yaşayış məntəqələrində və məskunlaşma məntəqələrində Şərqi Qüds istisna olmaqla, işğal altındakı İordan çayının qərb sahilində 500 mindən çox israilli yaşayır.