BAKI, VOA
Qətər Müdafiə Nazirliyi ölkə ərazisini hədəf alan hava hücumlarının uğurla dəf edildiyi və dövlət suverenliyinin qətiyyətlə qorunduğu barədə rəsmi bəyanat yayıb.
VOA xəbər verir ki, nazirlik Qətərin istənilən xarici təhdidə cavab vermək üçün bütün hərbi imkanlara sahib olduğunu vurğulayıb.
Rəsmi açıqlamada qeyd olunan faktlara əsasən, Qətərin Hava Hücumundan Müdafiə (HHM) sistemləri ölkə istiqamətinə atılan 7 ballistik raketi uğurla vuraraq zərərsizləşdirib. Eyni zamanda, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Xüsusilə vurğulanıb ki, Qətər Hərbi Hava Qüvvələri İran istiqamətindən gələn və ölkənin hava sərhədlərini pozmağa cəhd edən 2 ədəd "Su-24" tipli döyüş təyyarəsini vura bilib. Qətər tərəfi bəyan edib ki, hazırda ölkənin hava məkanı və dəniz sərhədləri tam nəzarət altındadır. Nazirlik silahlı qüvvələrin ən yüksək hazırlıq vəziyyətində olduğunu və hər hansı təcavüz aktının qarşısının dərhal alınacağını diqqətə çatdırıb.