BAKI,VOA,Yusif Şərifzadə
İran hakimiyyəti yanvar ayında ölkədə baş qaldıran hökumət əleyhinə etirazlarda iştirakına görə bir şəxsi edam edib.
VOA xəbər verir ki, məhkəmə qərarı üzrə Məhəmməd Əmini Dəhəqanı “düşmənlə əməkdaşlıqda” günahkar bilinərək bu gün səhər edam olunub. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqlənmişdi.
İranın dövlət mediası bildirib ki, Əmini Dəhəqanı “moharebeh” (Allah-a qarşı müharibə) və “yerdə korrupsiya” ittihamları ilə günahkar bilinib. O, 9 yanvar tarixində Dəhəqan şəhərində qubernatorluğun qarşısında Molotov kokteyli ataraq od vurmuş, ictimai mülkiyyəti və polis idarəsini dağıtmışdı.
Dekabr ayının sonlarında İranın müxtəlif şəhərlərində həyat xərclərinin artmasına qarşı başlayan etirazlar sürətlə yayılmış və siyasi tələbləri də əhatə etmişdi.
Etirazlar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə yatırılıb. İnsan hüquqları təşkilatları etirazların nəticəsində minlərlə şəxsin öldürüldüyünü bildirir. İran hakimiyyəti etirazları ABŞ və İsrail tərəfindən dəstəklənən qiyam kimi təqdim edib və zorakılıqlar nəticəsində təxminən 3,000 nəfərin öldüyünü açıqlayıb.
Beynəlxalq hüquq təşkilatları isə daha yüksək insan tələfatını göstərir və təhlükəsizlik qüvvələrini nümayişçilərə atəş açmaqda ittiham edir.