BAKI, VOA
1227-ci il avqustun 18-də Monqol imperiyasının qurucusu Çingizxan Çinin Si Sya dövlətinə qarşı yürüş zamanı düşərgədə vəfat edib. Onun ölümü ilə böyük bir dövr başa çatdı
Çingizxanın hakimiyyəti genişmiqyaslı qətliamlar və dağıntılarla müşayiət olunub.
Təxminən 1162-ci ildə Temuçin adı ilə doğulan Çingizxan monqol tayfalarını zor gücü ilə birləşdirib. Tabe olmaqdan imtina edənlər öldürülür, işğal edilən tayfaların zadəganları isə çox vaxt edam edilirdi.
Onun yürüşləri zamanı şəhərlər kütləvi şəkildə dağıdılıb, əhali qətlə yetirilib və əsarətə salınıb. Monqol ordusu müqaviməti qırmaq üçün mühasirə texnikasından, kütləvi hücumlardan və sərt cəza üsullarından istifadə edib. İşğallar nəticəsində milyonlarla insanın öldüyü bildirilir.
Çingizxanın son yürüşü Si Sya krallığına qarşı olub. Ölümündən əvvəl bu dövlətin tamamilə məhv edilməsini əmr etdiyi qeyd olunur.
Çingizxanın ölümünün gizli saxlanılması üçün də sərt tədbirlər görülüb. Onun dəfn mərasimini görən insanların öldürüldüyü barədə tarixi məlumatlar var. Çingizxanın məzarı isə bu günədək dəqiq müəyyən edilməyib.