BAKI, VOA
İnsan həmişə seçim qarşısındadır
Azərbaycan televiziya məkanında son illər daha çox ailə dramları, məişət münasibətləri kimi sujet xətti üzərində qurulan layihələr üstünlük təşkil etsə də, bəzi ekran işləri adi serial çərçivəsini aşmağı bacarıb. Bu layihələr tamaşaçını sadəcə hadisələrin ardınca aparmaq deyil, həm də düşündürmək məqsədi daşıyır. Yeni yayımlanmağa başlayan “Mikrorayon” serialı da məhz bu istiqamətdə diqqət çəkən layihələrdən biri kimi görünür. İlk baxışdan kriminal dram kimi təqdim olunan ekran işi əslində küçə həyatından daha çox, insanın daxili dünyasını, sosial mühitin təsirini və seçimlərin taleyə necə çevrildiyini göstərir.
Layihə “SFN Production” və İctimai Televiziyanın birgə istehsalıdır. Serialın ideya müəllifi və baş prodüseri Sevinc Əliyeva, ssenari müəllifi Gəray Həsən, quruluşçu rejissoru isə Qulu Əsgərovdur. Vizual həll Vasif Vəlizadəyə, ümumi sənət həlli isə Vüqar Qurbanova həvalə olunub. Hər seriyası təxminən əlli dəqiqə davam edən ekran işi Sumqayıt, Sahil qəsəbəsi və Bakının müxtəlif ərazilərində lentə alınıb.
Serialın adı ilk anda konkret bir məkanı xatırlatsa da, yaradıcı heyətin açıqlamalarına görə “Mikrorayon” hər hansı ünvanı və ya şəhəri ifadə etmir. Bu, daha çox simvolik anlayışdır. İnsanların yaşadığı mühiti, sosial təbəqələri və cəmiyyətin müxtəlif problemlərini özündə birləşdirən ümumi məkan obrazıdır. Kiminsə qonşusu, kiminsə ailəsi, kiminsə isə öz həyatı bu serialda əks oluna bilər.
Serialın əsas süjet xətti bir yerdə böyümüş beş yeniyetmənin həyatı ətrafında qurulub. Adil, Fərid, Sabir, İdris və Daşqın müxtəlif xarakterlərə, müxtəlif ailə mühitlərinə və fərqli həyat baxışlarına malikdirlər. Onların hər biri öz daxilində fərqli mübarizə aparır. Bəziləri həyatın ağır tərəfi ilə erkən qarşılaşır, bəziləri isə öz yolunu itirməmək üçün mübarizə aparır. Bu beş obrazın hekayəsi bir-birindən fərqlənsə də, onları birləşdirən əsas cəhət eyni mühitdə böyümələridir.
Adil obrazı həyatında atasını itirmiş gəncdir. Onun atası həbsdə olarkən dünyasını dəyişib və bu vəziyyət Adilin düşüncə tərzinə ciddi təsir göstərib. O, bir növ atasının yolunu davam etdirmək istəyir və ailənin yükünü çox erkən yaşlarından çiyinlərinə götürməyə məcbur olur. Burada əsas diqqət çəkən məqam odur ki, serial bu personajı qəhrəmanlaşdırmır, əksinə onun seçimlərinin nəticələrini göstərməyə çalışır.
Daşqın obrazı isə yeniyetməlik dövrünün psixoloji dəyişikliklərini fərqli şəkildə yaşayan personajdır. Onun daxilində baş verən dəyişikliklər və qərarları sosial mühitlə yanaşı şəxsi seçimlərin də necə böyük rol oynadığını göstərir. Maraqlı tərəf ondadır ki, eyni mühitdə böyüyən digər personajlar fərqli qərarlar verirlər və bununla serial insan taleyində mühitlə şəxsi iradə arasındakı balansı nümayiş etdirir.
İdris isə serialın ən fərqli obrazlarından biri hesab olunur. Digər personajların əksinə olaraq təhsilinə daha çox diqqət yetirən və öz yolunu müəyyən qədər seçə bilən yeniyetmədir. Lakin bu, onun həyatında problem olmadığı anlamına gəlmir. Onun da ailə və şəxsi həyatı ilə bağlı çətinlikləri var. Sadəcə fərq ondadır ki, İdris ətrafında baş verən hadisələrin onu tamamilə idarə etməsinə imkan vermir.
Sabir isə cəmiyyətdə çox rast gəlinən başqa bir sosial problemin daşıyıcısıdır. O, özünü dost çevrəsində sübut etməyə çalışan, təsir altına daha tez düşən gəncdir. Onun hekayəsi göstərir ki, bəzən insanın bir addımı və bir qərarı bütün həyat istiqamətini dəyişə bilir.
Fərid obrazı da diqqət çəkən personajlardan biridir. O, idmanla məşğul olan, lakin eyni zamanda fərqli yollar arasında seçim etmək məcburiyyətində qalan yeniyetmədir. Serial burada bir daha vurğulayır ki, həyat insan qarşısında həmişə seçimlər qoyur və insanın gələcəyini məhz həmin qərarlar müəyyən edir.
“Mikrorayon”un əsas fərqi kriminal hadisələri nümayiş etdirmək deyil, həmin hadisələrin səbəblərini göstərməyə çalışmasıdır. Burada narkotik asılılığı, qumar, ailədaxili problemlər, valideyn nəzarətinin olmaması, sosial təzyiqlər və yeniyetmələrin psixoloji vəziyyətləri kimi mövzular diqqət mərkəzindədir. Serialın yaradıcı heyəti dəfələrlə vurğulayır ki, məqsəd kiməsə dərs keçmək deyil, sadəcə nəticələri göstərməkdir.
Rejissor Qulu Əsgərov layihə haqqında danışarkən maraqlı bir fikir səsləndirib: onun sözlərinə görə, hər bölüm ayrıca bir bədii film kimi hazırlanıb. Bu yanaşma serialın yalnız hadisə ardıcıllığı üzərində qurulmadığını, daha çox detal və məna qatları üzərində işlənildiyini göstərir. Tamaşaçı diqqətli izləməsə, bəzi vacib məqamları gözdən qaçıra bilər.
Serialın aktyor heyəti də kifayət qədər genişdir. Serialda Eltəkin Xan (Adil), Ülvi Həşim (Fərid), Orxan İskəndərli (Azik), Elşən Əsgərov (Kazım), Qüdrət Fətulla (Sabir), Rahib Allahquliyev (İdris), Məsmə Aslanqızı (Bahar), Rafael Şahbəyli (Rauf), Natavan Qeybani (Günay), Azər Axşam (Mehman), Aylin Nəcəfli (Leyla), Şəhriyar Aşkari (Daşqın), Zülfiyyə Qurbanova (Lütfiyyə), Fidan Bayramova (Elnarə) və Elşən Rüstəmov (Zakir) rol alıblar. Xüsusilə uzun fasilədən sonra Məsmə Aslanqızının yenidən ekranlara qayıtması tamaşaçılar üçün maraqlı məqamlardan biri hesab edilir.
“Mikrorayon” sadəcə kriminal dram deyil. Bu serial daha çox cəmiyyətin özünə baxdığı güzgü təsiri bağışlayır. Burada göstərilən küçələr, ailələr və gənclər müəyyən bir məkanı yox, hər gün ətrafımızda gördüyümüz həyatı təmsil edir. Və bəlkə də serialın ən vacib mesajı budur: insan həmişə seçim qarşısındadır.