Bakı. AzerVoice:
İsrailin Fələstinə hücumları bölgə iqtisadiyyatını çöküşə sürükləyir.
AzerVoice-un məlumatına görə, bu sözləri Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) İqtisadiyyat Mütəxəssisi Oğuzhan Dəmirdöğen deyib.
İsrailin Fələstinə hücumlarının iqtisadiyyata əks olunması ilə bağlı qiymətləndirmə edən mütəxəssis bildirib ki, neft qiymətlərində yüksəliş riski var və bu prosesdə yük ödənişləri də artıb.
"Yəməndə husilər Qırmızı dənizdən keçən İsrailə bağlı gəmilərə hücum edib. Daha sonra ABŞ və İngiltərənin başçılıq etdiyi 10 ölkə husilərə hücum edib. Bu gərginlikdən sonra gəmilər marşrutlarını dəyişib. Ticarət gəmiləri, Avropaya Süveyş Kanalı əvəzinə Ümid Burnu vasitəsilə keçir ki, bu da 3 min 500 dəniz milidir. Alternativ marşrutlar gəmilərin gediş-gəliş yanacaq xərclərini təxminən 1 milyon dollar artırır. Konteynerlərin orta yük qiymətləri 4 min dollara yaxınlaşıb. Bundan əlavə, risklər artdıqca sığorta qiymətləri də artıb. Beynəlxalq şirkətlərin Süveyş kanalı vasitəsilə daşımaları azaltması Misir iqtisadiyyatına da təsir edib. Kanal ölkə üçün mühüm xarici valyuta mənbəyidir",- deyə o qeyd edib.
Dəmirdöğen, davam edən qeyri-sabitlikdən narahat olan beynəlxalq sərmayədarların bölgə ölkələri üçün investisiya strategiyalarını yenidən qiymətləndirdiklərini söyləyib.
Qətərdən İtaliyanın ən böyük LNG terminalı olan Adriatikə LNG daşınmasının ləğv edildiyini bildirən Dəmirdöğen, Rusiya-Ukrayna müharibəsi səbəbiylə enerji təhlükəsizliyi sarsılan Avropa üçün yeni bir riskin yarandığını bildirib.
İsrail ilə Fələstin arasında davam edən müharibə bölgə iqtisadiyyatını çıxılmaz vəziyyətə gətirib çıxarır", - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 29 min 195-ə yüksəlib.