İnanc və terminlər: Dinlərin sirri

Kalvinizmə görə, insanların ilahi qurtuluşu Tanrı tərəfindən əvvəlcədən müəyyən olunur və heç bir fərd öz taleyini dəyişdirə bilmir. Lakin təlimdə diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, iqtisadi həyatda uğur və zəhmət ilahi qurtuluşun mümkün əlaməti kimi qiymətləndirilirdi. Bu səbəbdən kalvinistlər uzun müddət ərzində ciddi əmək intizamı və zəhmətkarlıqla tanınıblar.

Yeni Əhddən (Əhdi-Cədid) fərqli olaraq Bibliyanın birinci hissəsi Qədim Əhd (Əhdi- Ətiq) xristianlarla birlikdə yəhudilər tərəfindən də müqəddəs hesab edilir. Xristian inancına görə İsrailoğulları Tanrı ilə bağladıqları əhdi pozduqları üçün Tanrı İsa Məsih vasitəsilə yeni əhd bağlamış və Əhdi-Cədid yeni əhdin yazılı forması hesab edilmişdir.

İbranicə “azazel”, “hazazel” şəklində tələffüz edilir və “Tanrının qüvvətləndirdiyi” mənasındadır. Quranda və hədislərdə bu kəlməyə rast gəlinmir. İslam ədəbiyyatında “şeytan”, yaxud “iblisin adlarından biri” olaraq keçir. Cahiliyyət ərəbləri qaranlıq gecələrdə yolçulara əziyyət etdiyinə inandıqları çöl cinlərindən birini “Azazel” adlandırırdılar.

Hicri II əsrin sonlarından etibarən, qələmə alınan müsnəd əsərlər hədislərin mühafizə edilib-qorunmasında böyük rol oynamışdır. Əbu Davud ət-Təyalisinin, Əsəd ibn Musa əl-Üməvinin, Nüeym ibn Ham-mad əl-Xüzainin, İbn Əbi Şeybənin və Əhməd ibn Hənbəlin müsnədləri məşhur hədis əsərləridir.

"Aşura" sözü ərəb dilində “onuncu” mənasını verir və hicri-qəməri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu gününü ifadə edir. Bu gün həm tarixi, həm də dini baxımdan İslam dünyasında dərin mənaya malikdir.