İraq Futbol Federasiyası 2027-ci il Asiya kubokunun yekun mərhələsinə hazırlıq çərçivəsində noyabr ayında Bəsrə vilayətində dördtərəfli yoldaşlıq turniri təşkil etməyi nəzərdə tutur. İraq Futbol Federasiyasının idarə heyətinin üzvü Əhməd əl-Musəvi təşkil olunacaq turnirdə güclü komandaların mübarizəsini təmin etmək məqsədilə İran, Özbəkistan və İordaniya milli komandalarına, habelə bir neçə başqa Asiya yığmasına müraciət edildiyini bildirib.
Əl-Musəvi mövcud məlumatlara əsasən İraq və İranın turnirdə rəsmi şəkildə iştirak edəcəyini, iştirakçı siyahısını tamamlamaq üçün Özbəkistan və dördüncü bir Asiya komandası ilə danışıqların davam etdirildiyini, İordaniyanın da ehtimal olunan variantlar arasında yer aldığını diqqətə çatdırıb.
O əlavə edib ki, bu turnir İraq milli komandası üçün qarşıda duran mühüm turnirlər, ilk növbədə Səudiyyə Ərəbistanında keçiriləcək 2027-ci il Asiya kubokunun final mərhələsi öncəsi hazırlıq proqramı çərçivəsində güclü Asiya yığmaları ilə gücünü sınamaq baxımından vacib imkandır.
Dördtərəfli turnirdə mübarizə aparması gözlənilən hər dörd komanda ABŞ, Kanada və Meksikada təşkil olunmuş 2026-cı il dünya çempionatının yekun mərhələsində də iştirak edib.