Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    4 Sentyabr 2026 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Həkim xərçəng diaqnozu qoyduğunu deyəndə günlərin mənası bir anda dəyişir, sanki insanın bütün ömür yolu bir neçə saniyə ərzində gözləri önündən keçir. Gələcək daha yaxın görünür, qorxu daha da ağırlaşır, suallar isə cavablardan qat-qat çoxalır. Lakin bəşəriyyəti dəhşətə gətirən "o xəstəlik" - xərçəng kəlməsi artıq onilliklər əvvəl daşıdığı mənanı daşımır. Diaqnozun qoyulması pasiyentin və ailəsinin həyatını sarsıdan, nəfəsini kəsən və çiyinlərinə ağır yük yükləyən qəddar bir an olaraq qalsa da, bu artıq mütləq şəkildə hekayənin sonu demək deyil.

    Erkən diaqnozun gücü: Yaşınıza görə hansı müayinələrdən keçməlisiniz? Erkən diaqnozun gücü: Yaşınıza görə hansı müayinələrdən keçməlisiniz?

    Laboratoriyaların qapalı qapıları arxasında bu gün tamam başqa bir döyüş gedir: alimlər şişləri hədəf almaq üçün daha dəqiq yollar axtarır, immun sisteminə xərçəng hüceyrələrini tanımağı öyrədən texnologiyalar üzərində çalışır, hər bir xəstənin şişinin genetik xüsusiyyətlərinə uyğunlaşdırılmış fərdi peyvəndlər dizayn edir, əvvəllər görünməyən hədəflərə çatmaq üçün süni intellektdən və genetik məlumat bazalarından yararlanan müalicələr hazırlayırlar.

    Bunlar hələlik sübuta ehtiyacı olan elmi vədlərdir və bəziləri xəstələrə çatmamış uğursuzluğa düçar ola bilər. Lakin onlar elə bir gələcəyə pəncərə açır ki, orada bəzi xərçəng növlərinin diaqnozu və müalicəsi daha dəqiq, sağ qalma şansı isə daha uzun ola bilər.

    Erkən Yaşda Xərçəng Diaqnozları Artır Erkən Yaşda Xərçəng Diaqnozları Artır

    Bu prosesin o biri tərəfində isə bazarlar hər bir addımı diqqətlə izləyir. Klinik sınaqlardakı hər müsbət nəticə, hər ümidverici kəşf və hər yeni texnoloji platforma əczaçılıq şirkətləri üçün gələcəkdə milyardlarla dollarlıq gəlir mənasına gələ bilər. Buna görə də sərmayələr biotexnologiya sektoruna axır, nəhəng şirkətlər tərəfdaşlıq və satınalmalar uğrunda yarışır, vençur kapitalı isə gələcəyin müalicə açarına sahib ola biləcək o şirkəti axtarır. Məhz bu nöqtədə zahirən bir-birinə zidd görünən iki yol kəsişir: xəstənin daha çox yaşamaq ümidi və investorun gələcəyin bazarından daha böyük pay götürmək iddiası.

    • İngiltərənin yoxsul bölgələrində xərçəngdən ölüm nisbəti daha yüksəkdir

    Lakin bu iki tərəf arasındakı münasibət mütləq şəkildə ziddiyyətli deyil. Tədqiqatların laboratoriyadakı bir ideyadan xəstəyə çatan müalicəyə çevrilməsi üçün pula ehtiyacı var; investorlar isə insan həyatını xilas edə biləcək texnologiyaları maliyyələşdirməyin eyni zamanda yeni bazarlar və böyük sərvətlər yaradacağına yatırım edirlər.

    Xərçəngin yeni iqtisadiyyat hekayəsi məhz buradan başlayır. Bu hekayə təkcə ən yaxşı müalicəni kimin kəşf edəcəyi barədə deyil; həm də bu yolu kimin maliyyələşdirəcəyi, texnologiyaya kimin sahiblənəcəyi və gələcək onilliklərdə əczaçılıq sənayesinin ən böyük bazarlarından birində kimin yerini təmin edəcəyi haqqındadır.

    Ümid milyardlarla dollarlıq sərmayəyə çevriləndə

    Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) nəzdində fəaliyyət göstərən "GLOBOCAN 2024"ün son hesablamalarına görə, dünyada son 5 il ərzində xərçəng diaqnozu qoyulmuş təxminən 54,2 milyon insan yaşayır. Təkcə 2024-cü ildə 20,6 milyondan çox yeni diaqnoz qoyulub və xərçəngdən 9,8 milyona yaxın ölüm qeydə alınıb. Yoluxma hallarının artması, müalicələrin təkmilləşməsi və pasiyentlərin ömrünün uzanması ilə paralel olaraq, əczaçılıq şirkətlərinin müalicə təqdim etmək üçün yarışdığı bazar da genişlənir.

    Həşəratlar silaha çevriləndə: Bioloji müharibənin amansız üzü Həşəratlar silaha çevriləndə: Bioloji müharibənin amansız üzü

    İmmunoterapiya, hədəfli müalicələr, hüceyrə terapiyası və matriks ribonuklein turşusu (mRNA) texnologiyasına əsaslanan fərdi peyvəndlər bir neçə il əvvələ qədər çox məhdud seçimləri olan xəstələrin qarşısında yeni qapılar açır. Bu inkişaf təkcə laboratoriyaları deyil, onlarla birlikdə kapitalı da hərəkətə gətirir.

    Nəhəng əczaçılıq şirkətləri onkoloji tədqiqatlara milyardlarla dollar xərcləyir, rəqiblərindən qabaq növbəti müalicəyə sahib olmaq yarışında biotexnologiya şirkətlərini almaq və ya onlarla tərəfdaşlıq qurmaq üçün milyardlarla dollar ödəyirlər.

    Xərçəng müalicəsi artıq bu sahənin ən böyük gəlir mənbələrindən birinə çevrilib. Məsələn, ABŞ-nin "Merck" şirkətinə məxsus "Keytruda" preparatı 2025-ci ildə təxminən 31,7 milyard dollar, ABŞ-nin "Johnson & Johnson" şirkətinin satdığı "Darzalex" təxminən 14,35 milyard dollar gəlir gətirib, "Bristol Myers Squibb" şirkətinin "Opdivo" dərmanının satışları isə 10 milyard dollara çatıb. 2023-cü ildə ABŞ-nin "Pfizer" şirkəti xərçəng müalicəsi sahəsindəki mövqeyini gücləndirmək üçün yerli "Seagen" şirkətini satın almağa təxminən 43 milyard dollar ödəyib.

    "IQVIA" Tədqiqat və Analitika İnstitutunun "Global Oncology Trends 2025" (Qlobal Onkologiya Meyilləri 2025) adlı ən son hesabatına əsasən, kataloq qiymətləri ilə hesablandıqda (buraya digər tibbi xidmət xərcləri və ya dəstəkləyici preparatlar daxil deyil) 2024-cü ildə xərçəng dərmanlarına qlobal xərclər 252 milyard dollara çatıb. "IQVIA" bu rəqəmin 2029-cu ildə 441 milyard dollara çatacağını proqnozlaşdırır. Bu isə beş il ərzində 189 milyard dollarlıq, yəni 75 faizlik kəskin artım deməkdir.

    Bu o anlama gəlir ki, əgər "IQVIA"nın proqnozları özünü doğruldarsa, qlobal bazar 2024-cü ildəki aylıq orta hesabla 21 milyard dollardan 2029-cu ildə ayda təxminən 37 milyard dollara qədər böyüyəcək.

    Əczaçılıq sənayesində bazarlar bir müalicəyə üstünlük vermək üçün onun apteklərə çatmasını gözləmir. Bu tamamilə təbiidir; belə ki, klinik sınaqdakı tək bir müsbət nəticə bir neçə saat ərzində bir startapın və ya əczaçılıq nəhənginin bazar dəyərini kəskin artıra bilər, sınağın uğursuzluğu isə bazar kapitallaşmasından milyardlarla dolları bir anda silib apara bilər. Məhz buna görə də şirkətlər bu gün üçün eksperimental görünən, lakin sabah onlarla müalicə növünün bazasına çevrilə biləcək texnologiyalar uğrunda qızğın mübarizə aparırlar.

    Dərmanla konyuqasiya olunmuş anticisimlər (ADC) sahəsində "Merck" 2023-cü ildə Yaponiyanın "Daiichi Sankyo" şirkəti ilə üç eksperimental xərçəng müalicəsini inkişaf etdirmək və kommersiyalaşdırmaq üçün potensial dəyəri 22 milyard dollara çatan saziş imzalayıb. Bu məbləğin 4 milyard dolları ilkin ödəniş, 1,5 milyard dolları sonrakı mərhələ ödənişləridir; əsas hissə isə gələcək satış hədəflərinə bağlıdır.

    Hüceyrə terapiyası sahəsində İsveçrənin "Roche" şirkəti 2025-ci ildə donor hüceyrələrindən hazırlanan və istifadəyə hazır olan yeni nəsil ximerik antigen reseptorlu T hüceyrələri (CAR-T) terapiyalarına mərc edərək ABŞ-nin "Poseida Therapeutics" biotexnologiya şirkətini sövdələşmə anında təxminən 1 milyard dollara satın alıb (ümumi dəyər 1,5 milyard dollara çata bilər).

    Xərçəng peyvəndləri sahəsində ABŞ-nin "Merck" və "Moderna" şirkətləri fərdi mRNA texnologiyasına əsaslanan peyvəndə böyük ümid bəsləyirlər. Almaniyanın "BioNTech" şirkəti isə onkologiyaya getdikcə daha çox diqqət ayırır və 2025-ci ildə xərçəng müalicəsi üzrə çoxsaylı proqramları əhatə edən tədqiqat və inkişaf (R&D) işlərinə təxminən 2,1 milyard avro xərcləyib.

    19 avqust 2026-cı ildə "Moderna" və "Merck" elan etdilər ki, onların birgə hazırladığı fərdi eksperimental xərçəng peyvəndi yüksək riskli melanoma (dəri xərçəngi) xəstələrində "Keytruda" preparatı ilə birgə istifadə edildikdə üçüncü faza sınağının əsas məqsədinə nail olub.

    Həmin gün iki şirkət ətraflı məlumatları açıqlamasa da, müalicənin xərçəngin qayıtmadığı dövrü uzatdığını və onun yayılmasını azaltdığını bildirdilər. Bazarların reaksiyası dərhal oldu: "Moderna"nın səhmləri tək bir ticarət sessiyasında təxminən 177 faiz sıçrayaraq şirkətin bazar dəyərinə təxminən 45 milyard dollar əlavə etdi, "Merck"in səhmləri isə 12,6 faiz bahalaşaraq rekord həddə çatdı.

    Maraqlıdır ki, investorlar sadəcə peyvəndin melanoma müalicəsindəki dəyərini qiymətləndirmirdilər. Onlar sınağın uğurunu bütöv fərdi mRNA platformasının kommersiya baxımından təsdiqi, həmçinin bu texnologiyanın ağciyər, sidik kisəsi və böyrək xərçəngi kimi digər şiş növlərində də istifadə oluna biləcəyinin sübutu kimi qəbul etdilər. Beləliklə, bazarlar peyvəndin potensial uğurunu COVID-19 peyvəndinə tələbatın azalması ilə gəlirləri enən "Moderna" üçün yeni gəlir mənbəyi və yoluxucu xəstəliklər peyvəndlərindən asılılığı aşan daha dayanıqlı gəlir bazası qurmaq fürsəti kimi gördülər.

    Böyük Britaniyanın "Barclays" bank-maliyyə qrupu hesablayıb ki, bu müalicənin təkcə melanoma üzrə illik satışları 2035-ci ildə təxminən 3 milyard dollara çata bilər. Lakin "Reuters Breakingviews" analitikləri hesab edirdilər ki, təkcə bu rəqəm "Moderna"nın bazar dəyərindəki 30 milyard dollardan çox sıçrayışı izah etməyə kifayət etmir; bu o deməkdir ki, investorlar peyvəndin digər xərçəng növlərində, o cümlədən ağciyər, sidik kisəsi və böyrək şişlərində əldə edəcəyi daha geniş gələcək uğurları indidən qiymətləndirirdilər.

    Lakin bu hadisə "ümid birjası"nın necə işlədiyini də çılpaqlığı ilə ortaya qoydu. Peyvənd hələ tənzimləyici orqanlardan rəsmi təsdiq almamışdı, sınağın tam detallı məlumatları belə dərc edilməmişdi, amma buna baxmayaraq "Moderna"nın səhmləri kəskin bahalaşdı. Ertəsi gün isə investorların qazanclarını nağdlaşdırmaq (mənfəət götürmək) istəyi nəticəsində səhmlər 20 faizə yaxın ucuzlaşdı. Bu fakt bazarların gələcək uğur gözləntilərinə əsaslanaraq biotexnologiyanı necə sürətlə yenidən qiymətləndirdiyinin ən bariz nümunəsidir.

    Tale elə gətirdi ki, 2020-ci ilin noyabrında "Pfizer-BioNTech" və "Moderna" peyvəndlərinin nəticələri də elmi bir xəbərin bazarları necə dərhal lərzəyə sala biləcəyini nümayiş etdirmişdi. "Pfizer" peyvəndinin 90 faizdən çox effektiv olduğu elan edildikdən sonra istehsalçı şirkətlərin və onların rəqibi "Moderna"nın səhmləri yüksəldi; eyni zamanda həyatın normal axarına qayıtmasından faydalanacaq "Disney" kimi şirkətlərin də səhmləri bahalaşdı. Bir həftə sonra "Moderna" ilkin effektivliyin 94,5 faiz olduğunu açıqladıqda onun səhmləri yenidən sıçradı və təkcə noyabr ayı ərzində 126 faizlik artım qeydə aldı (eyni dövrdə "S&P 500" indeksi cəmi 11 faiz yüksəlmişdi). Bu, bazarların tibbi inkişafı nəhəng iqtisadi fürsət kimi necə qiymətləndirdiyinin ən aydın sübutu idi.

    ABŞ-nin mütləq hegemonluğu

    Birləşmiş Ştatlar xərçəng müalicəsi iqtisadiyyatında mütləq üstünlüyünü qoruyub saxlayır. 2024-cü ildə onkoloji dərmanlara yönəldilən qlobal xərclərin təxminən 46 faizi ABŞ-nin payına düşüb; xərçəng müalicəsi gəlirlərinə görə qlobal miqyasda ən böyük on şirkətdən yeddisi məhz Amerika şirkətləri olub. Bu yeddi şirkət birlikdə qlobal satışların təxminən 30 faizinə nəzarət edib.

    Lakin bu hegemonluq xüsusilə son beş ildə yeni onkoloji dərmanların istifadəyə verilməsi sahəsində ABŞ-yə yaxınlaşan Çinin timsalında artan rəqabətlə üz-üzədir. Son beş il ərzində dünyada 132, son iki onillikdə isə 282 yeni xərçəng dərmanı (NAS) istifadəyə verilib. Bu prosesdə ciddi coğrafi fərqlər var; bunlardan ən diqqətçəkəni 2019-cu ildən bəri Çində bu cür dərmanların bazara çıxarılmasının kəskin sürətlənməsidir. 2015–2019-cu illərdə Çində cəmi 37 yeni dərman qeydiyyata alınmışdısa, son beş ildə bu rəqəm 84-ə yüksəlib və eyni dövrdə 85 dərman qeydə alan ABŞ-yə faktiki olaraq çatıb.

    Ən heyrətamiz məqam odur ki, Çində son beş ildə istifadəyə verilən yeni onkoloji dərmanlardan 45-i indiyədək digər bazarlarda heç vaxt satışa çıxarılmayıb. Bu, yerli səviyyədə başlayan və ya təkcə Çin bazarı ilə məhdudlaşan yeni bir innovasiya modelinin meydana çıxdığını göstərir ki, bu da əvvəllər görünməmiş bir tendensiyadır.

    Xərçəng müalicəsi yarışı təkcə nəhəng şirkətlərlə məhdudlaşmır; biotexnologiya startapları da innovasiya laboratoriyaları, yeni dərmanlar və müalicə platformalarının mənbəyi kimi getdikcə daha mühüm rol oynayır. ABŞ və Avropada investisiyalar immunoterapiya, hüceyrə müalicələri, dərmanla konyuqasiya olunmuş anticisimlər, dəqiq tibb və dərman kəşfi üçün süni intellekt sahəsində çalışan şirkətlərə axır. "BioPharma Dive"ın məlumatlarına görə, 2026-cı ilin birinci yarısında 68-ə yaxın biotexnologiya şirkəti vençur kapitalı fondlarından 9,1 milyard dollardan çox vəsait cəlb edib ki, bu da 2022-ci ilin əvvəlindən bəri ən yüksək yarımillik göstəricidir. Maraqlıdır ki, investisiya turlarının təxminən üçdə ikisi artıq insanlar üzərində sınaqdan keçirilən namizəd dərmana sahib şirkətlərə yönəlib. Bu isə investorların inkişaf yolunda daha böyük məsafə qət etmiş layihələrə üstünlük verdiyini göstərir.

    Çində də transmilli əczaçılıq nəhənglərinin satın aldığı və ya lisenziyalaşdırdığı müalicəvi aktivlərin mühüm mənbəyinə çevrilən startaplar meydana çıxıb. 2025-ci ildə dərc olunmuş məlumatlar göstərir ki, xərçəng müalicəsində innovasiyalar üzrə ixtisaslaşan 46 şirkət ümumi həcmi 15 milyard yuanı ötən maliyyə vəsaiti cəlb edib, 16 şirkətin hər biri isə 100 milyon yuandan (təxminən 14,9 milyon dollar) çox sərmayə toplayıb.

    Ərəb ölkələrində vəziyyət necədir?

    Ərəb dövlətləri də xərçəng müalicəsi bazarına yatırılan investisiyalardan kənarda qalmır. Region dəqiq tibb, hüceyrə və gen terapiyası, xərçəngin süni intellektlə diaqnostikası və dərman kəşfi sahələrində yerli potensial formalaşdırmağa başlayıb. Hazırda kapital qoyuluşu və infrastruktur quruculuğu baxımından Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri liderlik edir.

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Səudiyyə Ərəbistanında Milli Biotexnologiya Strategiyası dərman kəşfi, istehsal, peyvəndlər və genetik təbabəti əhatə edən daxili sektor qurmağı hədəfləyir. Səhiyyə Nazirliyi bəyan edib ki, biotexnologiya, peyvənd istehsalı, tibbi sənaye, tədqiqat və inkişaf (R&D) və rəqəmsal səhiyyə sahələrindəki investisiya imkanları 2040-cı ilə qədər 130 milyard riyalı (təxminən 34,7 milyard dollar) ötəcək.

    Krallıq həmçinin 2025-ci ildə həyat elmləri sahəsinə 625 milyon dollardan çox investisiya yatırıldığını açıqlayıb. Bura tibbi texnologiyaların lokallaşdırılması üçün "BD" şirkətindən 266 milyon dollar, klinik tədqiqatları gücləndirmək üçün "Roche" şirkətindən 20 milyon dollar, həmçinin innovasiyaları və səhiyyənin milliləşdirilməsini təşviq etmək üçün vençur kapitalı və strateji fondlardan ayrılan 3,24 milyard dollarlıq öhdəliklər daxildir.

    Xüsusilə xərçəng sahəsində qabaqcıl texnologiyalar üzərində çalışan Səudiyyə startapları artıq üzə çıxmağa başlayıb. Səudiyyə Biotexnologiya Akseleratoru (Saudi Biotechnology Accelerator) döş xərçəngi üçün hədəfli immunoterapiyalar hazırlayan "Valere Therapeutics", xəstələrin şişlərindən əldə edilən orqanoidlərlə CAR-T hüceyrə terapiyalarının yoxlanılmasını birləşdirən onkoloji dəqiq tibb platforması üzərində işləyən "ONOIDS" və biomarkerlər ilə süni intellektdən istifadə edərək xərçəngin erkən, qeyri-invaziv diaqnostikasını inkişaf etdirən "EpiNova" kimi şirkətləri özündə birləşdirir.

    BƏƏ isə suveren investisiyaları bütöv bir ekosistemə çevirməkdə daha irəlidə görünür. 2025-ci ildə Əbu-Dabi elmi-tədqiqatı, istehsalı, biotexnologiyanı və süni intellekti vahid platformada cəmləmək məqsədilə "HELM" sağlamlıq, tibb və uzunömürlülük qrupunu təsis edib. Bu layihənin 2045-ci ilə qədər Əbu-Dabi iqtisadiyyatına 94 milyard dirhəm töhfə verəcəyi və 30 min iş yeri yaradacağı proqnozlaşdırılır. Əbu-Dabi Səhiyyə Departamenti, Əbu-Dabi İnvestisiya Ofisi (ADIO) və Böyük Britaniyanın transmilli əczaçılıq şirkəti "GSK" arasında imzalanmış saziş vasitəsilə birbaşa xərçəng araşdırmalarına daxil olunub; saziş genomika, dəqiq tibb və onkologiyaya fokuslanan, xəstəliyi daha dərindən anlamaq üçün genom, zülal və maddələr mübadiləsi məlumatlarını birləşdirən "Multi-omiks" Texnologiyaları İnstitutunun yaradılmasını nəzərdə tutur.

    Tədqiqat infrastrukturuna, genomikaya və dəqiq təbabətə daha çox diqqət yetirən Qətər də proseslərdən geri qalmır. "Sidra Medicine" tibb mərkəzi genetik ardıcıllıq, multi-omiks və süni intellekt imkanlarını inkişaf etdirir. Qətər Tədqiqat, İnkişaf və İnnovasiya Şurasının maliyyə dəstəyi isə genetik ardıcıllıq üzrə milli kadrların yetişdirilməsinə və genom analizləri üçün regional istinad mərkəzinin yaradılmasına böyük təkan verib.

    Əczaçılıq şirkətləri xərçəngin müalicəsindən qazanır, yoxsa yaşamasından?

    Bəzilərinin düşündüyü kimi, guya əczaçılıq şirkətlərinin xərçəngi tam məhv etmək istəmədiyi, çünki xəstələrin varlığının dərman satışlarının davam etməsi anlamına gəldiyi barədə iddialar həqiqəti əks etdirmir; bu fikir sübut olunmuş iqtisadi faktdan daha çox konspiroloji nəzəriyyəyə yaxındır. Lakin burada araşdırmağa dəyər bir paradoks var: əczaçılıq sənayesinin mövcud modeli bəzən xəstənin uzun müddət istifadə etdiyi və təkrarlanan gəlir gətirən müalicələri daha çox mükafatlandırır, birdəfəlik və qəti müalicə isə təkrar satışları məhdudlaşdıra bilir.

    Bununla belə, uğurlu və birdəfəlik müalicə də — xüsusən qiyməti yüksək olduqda və ya böyük bir xəstə kütləsinə tətbiq edildikdə - hədsiz dərəcədə gəlirli ola bilər. Ən başlıcası, xərçəng tək bir xəstəlik deyil; o, fərqli xüsusiyyətlərə malik yüzlərlə növdən ibarətdir və onların bəziləri artıq tam sağalır və ya illərlə nəzarətdə saxlanıla bilir. Məhz buna görə də xərçəng peyvəndləri və profilaktika uğrunda yeni bir rəqabət meydanı yaranır: xəstəliyin qarşısını almağı bacaran şirkət heç də bazarını itirmir, əksinə, müalicəyə deyil, profilaktikaya pul ödəməyə hazır olan milyonlarla insan üçün daha böyük bir bazar açmış olur.

    Xəstəliyi kökündən yox etmək onu müalicə etməkdən daha sərfəli olanda

    Bu kontekstdə çiçək xəstəliyindən bəhs etməyimiz təəccüb doğurmasın. Bu dəhşətli xəstəlik təkcə XX əsrdə təxminən 300 milyon insanın həyatına son qoyub və minilliklər boyu bəşəriyyəti təhdid edib. Nəhayət, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında aparılan beynəlxalq kampaniya sayəsində onun kökü kəsildi; 1977-ci ildə Somalidə sonuncu təbii yoluxma qeydə alındıqdan sonra, 1980-ci ildə xəstəliyin tam məhv edildiyi rəsmən elan olundu.

    ÜST-nin məlumatına görə, 1967–1980-ci illər arasında həyata keçirilən intensiv ləğvetmə proqramının dəyəri təxminən 300 milyon dollar təşkil etmişdi. Lakin xəstəliyin kökü kəsildikdən sonra dünya hər il peyvəndləmə, profilaktika və xəstəliyə nəzarət xərclərindən 1 milyard dollardan çox vəsaitə qənaət etməyə başladı.

    İqtisadi baxımdan ən heyrətamiz məqam Dünya Bankının hesablamalarıdır: çiçək xəstəliyinin ləğvindən əldə edilən faydanın cari dəyəri 1967-ci ilin qiymətləri ilə təxminən 47,3 milyard dollar olaraq qiymətləndirilib. Yəni proqrama xərclənən hər bir dollar nəhəng iqtisadi fayda gətirib; ümumi xərclər nəzərə alındıqda fayda-xərc nisbəti təxminən 159-un 1-ə bərabər olub.

    Burada xərçənglə çox incə və məntiqli bir müqayisə aparmaq olar. Çiçək xəstəliyində son iqtisadi və səhiyyə hədəfi xəstəliyin özünü birdəfəlik yox etmək idi. O yox olduqdan sonra dünyanın artıq çiçək peyvəndləri və ya müalicələri üçün daimi qlobal bazara ehtiyacı qalmadı; hər il bu xəstəliklə mübarizəyə xərclənən pullar digər səhiyyə sahələrinə yönəldilə biləcək resurslara çevrildi. Xərçəngdə isə vəziyyət kökündən fərqlidir. Biz birdəfəlik məhv edilə biləcək tək bir xəstəlikdən danışmırıq, yüzlərlə fərqli növdən danışırıq. Məhz buna görə də qlobal yarış "xəstəliyin kökünü kəsmək"dən daha çox, onu qarşısı alına bilən, erkən aşkarlanan, nəzarətdə saxlanılan və ya daha yüksək səviyyədə müalicə edilən bir duruma gətirmək məqsədinə çevrilir.

    Ümid... Heç vaxt bitməyən bazar

    Xərçəng müalicəsi yarışının bəlkə də ən gözəl tərəfi odur ki, onun uğuru təkcə əczaçılıq şirkətlərinin qazana biləcəyi milyardlarla dollarla və ya hər ümidverici klinik sınaqdan sonra səhmlərinin bahalaşması ilə ölçülmür. Bu uğur xəstələrin qorxu və intizardan geri qazana biləcəyi illərin sayı ilə ölçülür.

    Müalicədəki hər bir irəliləyiş, tədqiqatlara yatırılan hər bir sərmayə və hər bir yeni texnologiya bəşəriyyəti xərçəngin daha az ölümcül, profilaktikası və müalicəsi daha mümkün olan bir gələcəyə yaxınlaşdırır. İşin ən maraqlı tərəfi isə bu insani ümidin iqtisadiyyatın məntiqi ilə üst-üstə düşməsidir: elm həyatı nə qədər uzatmağı və yaxşılaşdırmağı bacarırsa, dərmanlardan və peyvəndlərdən tutmuş diaqnostikaya, süni intellektə və fərdi müalicələrə qədər innovasiyalar qarşısında açılan bazarlar da bir o qədər genişlənir.

    İnvestorlar növbəti mərhələyə rəhbərlik edə biləcək şirkətlərə mərc edərkən, bəşəriyyətin ən böyük mərci milyardlarla dollarlıq investisiyaların daha çox günə, daha uzun ömrə və qoyulan diaqnozun yolun sonu deyil, sağalmağa doğru yeni bir yolun başlanğıcı olmasına çevrilməsidir.

    #IARC #GLOBOCAN 2024 #mRNA #Keytruda #Bristol Myers Squibb #Global Oncology Trends 2025 #xərçəng müalicəsi iqtisadiyyatı və bazarları #onkoloji dərmanlar qlobal xərclər IQVIA #Merck Keytruda və Moderna xərçəng peyvəndi #biotexnologiya vençur kapitalı investisiyaları 2026 #fərdi mRNA xərçəng peyvəndləri sınaqları #Səudiyyə Ərəbistanı biotexnologiya strategiyası #Əbu Dabi HELM və dəqiq tibb layihələri #Stock market of hope cancer treatment future #More than revenue: How the multi-billion oncology race buys back human life
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    4 Sentyabr 2026 09:00

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    3 Sentyabr 2026 09:00

    Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

    2 Sentyabr 2026 16:04

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    1 Sentyabr 2026 15:05

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    30 Avqust 2026 22:00

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    Leyboristlər müsəlman seçicilərin etimadını niyə itirir?

    29 Avqust 2026 09:00

    Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik

    29 Avqust 2026 00:03

    İsrail İordan çayının qərb sahilini necə dəyişdirir?

    28 Avqust 2026 09:00

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    27 Avqust 2026 21:25
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanında dəvə hərracı keçirilir

    Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib

    Day.Az informasiya portalının 23 yaşı tamam olur

    Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

    519 at güclü 2026 Cadillac Optiq-V sınaqdan keçdi

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.