Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi

    12 Oktyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bir əsr əvvəl Qrantham adlı kiçik bir şəhərdə bir baqqalın qızı dünyaya gəldi. Bu qız - Marqaret Tetçer - sonradan Böyük Britaniyaya rəhbərlik edən ilk qadın və XX əsrin ən məşhur liderlərindən biri oldu. Ailəsinin kiçik dükanında başlayan sadə həyatından siyasətdə “dəmir ledi”-yə qədər yüksələn qadın oldu Maqaret. Britaniyaya yeni şöhrət qazandırdı, onun iqtisadiyyatını və beynəlxalq nüfuzunu yenidən formalaşdırdı. Bu günə qədər mübahisəli olan mirası hələ də canlıdır.

    1980-ci illərin əvvəllərində Londona gələndə şəhər indiki kimi parlaq deyildi. Paytaxt dərin iqtisadi və sosial durğunluq içində idi. Brixton, Hackney, Battersea və Clapham kimi məhəllələr “qadağan zonalar” sayılır, taksi sürücüləri gün batdıqdan sonra bu yerlərə getməkdən çəkinirdilər. Köhnə binalar, qrafiti ilə örtülmüş divarlar, boz səma və ümidsiz ab-hava - bunların hamısı Britaniyanın kimlik böhranını əks etdirirdi. Fransızlar bu ölkə ilə istehza edərək “baqqallar ölkəsi” deyirdilər. Bu ifadə Britaniyalıların qüruruna toxunsa da, reallıqdan çox da uzaq deyildi.

    Bu mənzərə fonunda bir qadının ulduzu parladı - Qranthamdan çıxmış əsl baqqal qızı. O, baş nazir kürsüsünə cəmi iki il əvvəl oturmuşdu və Böyük Britaniyanı yenidən doğuşa aparmaq vədi verirdi. Lakin bu vədin qiyməti hələ bəlli deyildi.

    Marqaret Hilda Roberts 1925-ci il oktyabrın 13-də Linkolnşir qraflığının Qrantham şəhərində doğuldu. Atası Alfred Roberts baqqal və metodist vaiz idi. Uşaqlıqdan qızına intizam, zəhmət, öz gücünə inanmaq və maliyyə məsuliyyəti dəyərlərini aşılamışdı. Ailə mağazanın üstündə yerləşən sadə bir mənzildə yaşayırdı - içəridə vanna otağı belə yox idi. Elə həmin mağazada gənc Marqaret iqtisad və əməyin dəyəri haqqında ilk dərslərini aldı.
    Onun həyatı qəlibləri sındırmaq hekayəsi idi. Oksford Universitetində kimya ixtisası üzrə oxudu - o dövrdə bu sahə əsasən kişilərin üstünlük təşkil etdiyi bir idi. Universitetdə Mühafizəkarlar Birliyinə rəhbərlik edən ilk qadın oldu. Daha sonra varlı iş adamı Denis Tetçer ilə tanış oldu və 1951-ci ildə onunla evləndi. Denis ondan on yaş böyük idi və həm maliyyə, həm də mənəvi baxımdan arxası oldu. Denis sayəsində Marqaret hüquq təhsili almağa və siyasi karyerasını davam etdirməyə imkan tapdı. Cütlüyün 1953-cü ildə Mark və Kerol adlı əkiz övladları doğuldu.

    1959-cu ildə parlamentə seçildi, “Fincley” dairəsindən deputat oldu. Daha sonra Baş nazir Eduard Hit hökumətində təhsil naziri təyin edildi və məktəblərdə pulsuz südün ləğvinə görə “Süd oğrusu” ləqəbini aldı. Lakin onun inadkarlığı və sərtliyi, Mühafizəkarlar Partiyasının yeni lider axtarışında olduğu bir vaxtda onu önə çıxardı. 1975-ci ildə partiyanın rəhbəri, 1979-cu ildə isə baş nazir oldu.

    “Dəmir ledi” obrazının arxasında daha mürəkkəb və insani bir qadın var idi. Onun bioqrafiyasını yazan Çarlz Mur onu həm sərt, həm də bəzən şəfqətli, həm inadkar, həm də vacib anlarda çevik, hakimiyyət qədər sevgi və tanınma aclığı çəkən bir şəxs kimi təsvir edir.

    Denis ilə evliliyi onun həyatında mərkəzi rol oynadı. Denis uğurlu iş adamı idi, golf və futbolu sevirdi, içkini xoşlayırdı. O, daim arxa planda qalmağı üstün tuturdu, lakin arvadına hər zaman dəstək və sığınacaq olurdu. Onu “başçı xanım” adlandırırdı. Bu münasibət qarşılıqlı hörmət və sevgiyə əsaslanırdı. Denis 2003-cü ildə vəfat etdikdən sonra Marqaretin səhhəti sürətlə pisləşdi - sanki onun bir hissəsi ərinin ardınca getdi.

    Ana kimi, əkiz övladları ilə münasibətləri mürəkkəb idi. İş yükü çox olduğu üçün uşaqlarının gündəlik həyatında çox iştirak edə bilmirdi. Oğlu Markla yaxın, qızı Kerolla isə daha dəyişkən münasibətləri vardı. Tetçer bəzən vicdan əzabı çəkdiyini etiraf edirdi, amma “ölkəyə xidmətin analıqdan üstün vəzifə” olduğuna inanırdı.

    Ailə əvvəlcə Cənubi Londondakı East Dulwich məhəlləsində yaşayırdı - o zaman sadə bir ərazi idi, lakin illər ərzində yüksək səviyyəli gənc peşəkarların məhəlləsinə çevrildi. Bu dəyişikliklər Tetçerin siyasətinin London üzərində yaratdığı mini model idi. Daha sonra ailə Belgraviadakı Chester Squaredə yerləşən evə köçdü.

    Həmkarlar ittifaqları ilə mübarizə

    Marqaret Tetçer hakimiyyətə gəldikdə, həmkarlar ittifaqları sanki “dövlət içində dövlət”ə çevrilmişdi. 1978–1979-cu illərin “narazılıq qışı” (Winter of Discontent) dövründə tətillər ictimai xidmətləri iflic etmişdi - küçələrdə zibillər toplanmır, cəsədlər dəfn olunmadan qalırdı. Bu xaos həmkarlar ittifaqlarının ölkəyə nə qədər böyük təsir göstərdiyini açıq şəkildə göstərirdi.

    Tetçer, iqtisadçı Fridrix Hayekin ideyalarından ilhamlanaraq düşünürdü ki, həmkarlar ittifaqları iqtisadi səmərəliliyə və modernləşməyə mane olur. Onları islah etmək yox, gücünü sındırmaq lazım idi. O, ardıcıl olaraq bir neçə qanun qəbul etdirdi (1980, 1982, 1984), hansı ki, tətillərin elanını çətinləşdirir, ikinci dərəcəli tətil aksiyalarını qadağan edir və hər hansı tətilin başlaması üçün məxfi səsverməni məcburi edirdi.

    Lakin ən böyük döyüş mədənçilərlə oldu - onlar həmkarlar ittifaqlarının ön xətt döyüşçüləri sayılırdılar. Hökumət bu qarşıdurmaya ciddi şəkildə hazırlaşmışdı: kömür ehtiyatları əvvəlcədən toplanmış, Milli Kömür Şurasına sərt mövqeli İan Makqreqor gətirilmişdi. 1984-cü ildə Milli Mədənçilər İttifaqı lideri Artur Skarqill ümummilli tətil elan etdikdə, hökumət artıq müharibəyə hazır idi.

    Bir il davam edən bu tətil Britaniya sosial tarixinin ən sərt və qanlı dövrlərindən biri oldu. Tətildə polislə toqquşmalar, yaralanmalar, həbslər baş verdi. Tetçer tətilçiləri “daxili düşmən” adlandırdı və heç bir güzəştə getmədi. Nəticədə mədənçilər məğlub vəziyyətdə işlərinə qayıtdılar. Bu, simvolik bir dönüş nöqtəsi idi: Tetçer ölkənin ən güclü həmkarlar ittifaqını diz çökdürdü, işçi sinfi ilə kapital arasında qüvvələr balansını dəyişdi və liberal iqtisadiyyatın yolunu açdı.

    1982-ci ilin aprelində hərbi diktatura ilə idarə olunan Argentina Cənubi Atlantik okeanındakı uzaq Folklend adalarını işğal etdi. Hökumət və parlamentdə bir çoxları diplomatik və ya danışıqlar yolu ilə məsələni həll etməyə ümid edirdi. Lakin Tetçer üçün bu, sadəcə ərazi məsələsi deyildi - Britaniya suverenliyinə qarşı təhqir idi.
    Tetçer, məşhur sözlərini söylədi:“Aqressiyanın uğur qazanmasına icazə verə bilmərik. Bu, bütün dünyaya yanlış mesaj göndərər.”

    Tetçer misilsiz qətiyyətlə 12 min kilometr məsafəyə nəhəng bir dəniz donanması göndərdi. 74 gün davam edən müharibə çətin və riskli idi. Böyük Britaniya bir neçə gəmisini, təyyarələrini və əsgərlərini itirdi, amma nəticədə qələbə qazandı.
    Bu qələbə Tetçerin siyasi taleyini tamamilə dəyişdi. Bir vaxtlar populyarlığını itirmiş baş nazir birdən-birə “millətin anası” kimi ucaldı. 1983-cü il seçkilərində Mühafizəkarlar Partiyası böyük səs fərqi ilə qalib gəldi. Tetçer artıq yalnız siyasətçi yox, qlobal lider kimi tanınırdı.

    Yeni iqtisadi kurs: bazarların azadlığı

    Tetçerin iqtisadi baxışı həm sadə, həm də radikal idi: dövlətin rolunu azaltmaq, bazarı azad buraxmaq və fərdi sahibkarlığı təşviq etmək. O Londonun maliyyə bazarlarında inzibati məhdudiyyətlər aradan qaldırıldı. Bu qərar qlobal investisiya banklarını və xarici kapitalı şəhərə cəlb etdi. London qısa müddətdə Avropanın yorğun maliyyə mərkəzindən dünyanın aparıcı maliyyə paytaxtına çevrildi, Wall Street-lə rəqabətə girdi.
    Bu siyasətlərə əlavə olaraq, “almaq hüququ” (Right to Buy) proqramı da tətbiq olundu - dövlət evlərində yaşayan minlərlə ailə mənzillərini ucuz qiymətə satın ala bildi. Bu, bütün ölkənin sosial xəritəsini dəyişdirdi.
    Tetçerin iqtisadi qərarlarının nəticəsində Londonda tam bir çevriliş baş verdi. Bir vaxtlar sənaye və fəhlə bölgələri olan ərazilər incəsənət, mədəniyyət və sahibkarlıq mərkəzinə çevrildi, sonra isə elit yaşayış məhəllələrinə dönməyə başladı.
    Məsələn, bir vaxtlar etnik gərginlik və qarşıdurmalarla tanınan Brixton, zamanla mədəniyyət və musiqi mərkəzinə çevrildi.

    Boz və yorğun London artıq yox idi — onun yerini şüşə göydələnlərlə dolu, işıqlı, bahalı restoranlar və qalereyalarla dolu müasir bir şəhər aldı. Tetçer dövrü Londonu qlobal maliyyə və mədəniyyət mərkəzinə çevirdi.

    2025-ci ilin oktyabrında doğumunun 100 illiyi yaxınlaşarkən, Marqaret Tetçerin irsi hələ də mübahisəlidir.

    O, Böyük Britaniyaya özünə inamı qaytardı, iqtisadiyyatı canlandırdı, Londonu dünya səviyyəsində bir şəhərə çevirdi. Amma eyni zamanda sosial bərabərsizliyi dərinləşdirdi, şimal bölgələrindəki sənaye şəhərlərini məhv etdi və Avropa ilə bağlı parçalanmanın toxumlarını səpdi – bu parçalanma bu gün də Britaniya siyasətində hiss olunur.

    Bioqrafı Çarlz Murun baxışına görə, Tetçer təkcə “dəmir ledi” deyildi – həm də sevgi və qəbul axtaran, bəzən gülən, bəzən incə və zərif, həm güclü, həm də həssas bir qadın idi.

    #Böyük Britaniya #Marqaret Tetçer #Dəmir Ledi #Brixton #Hackney #Battersea #Clapham #Alfred Roberts #Denis Tetçer #Süd oğrusu #Çarlz Mur #Chester Square #Winter of Discontent #Artur Skarqill #millətin anası #Right to Buy
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Böyük Britaniyada İranla əlaqəli casusluq iddiası gündəmə gəldi

    29 May 2026 18:44

    Doqquz ölkə İsraillə bağlı birgə bəyanat yayıb

    22 May 2026 21:49

    Londonda minlərlə insan iki ayrı etiraz aksiyası üçün küçələrə çıxıb

    16 May 2026 21:24

    Böyük Britaniya İranla əlaqəli 12 şəxs və quruma qarşı sanksiyalar tətbiq edib

    11 May 2026 21:26

    Tarixdə bu gün – 9 May

    9 May 2026 00:01

    Bu bün Dəmir Leydi kimi tanınan Marqaret Tetçer Britaniya tarixinin ilk qadın baş naziri seçildi

    4 May 2026 03:00

    “Bakı Marafonu 2026” başlayır

    3 May 2026 10:14

    Tarixdə bu gün – 2 may

    2 May 2026 00:02

    Kral Çarlzdan Trampa sətiraltı mesaj: “Tarixi unutmayın”

    29 Aprel 2026 12:07

    Britaniya kralı Ağ Evdə

    28 Aprel 2026 10:37

    Türkiyə və Böyük Britaniya yaxın dialoq və güclü tərəfdaşlıq barədə razılığa gəliblər

    23 Aprel 2026 19:37

    İran Oman dənizində konteyner gəmisini hədəf alıb

    22 Aprel 2026 11:14
    XƏBƏR LENTİ

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Almaniyada gözəllik müsabiqəsində finala yüksələn hicablı qadın ifrat sağçıların hücumuna məruz qalıb

    Ceyhun Bayramov kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

    Türkiyəli deputatlar Milli Məclisdə olublar

    Almaniya kansleri İsraili Livanda “təmkinli olmağa” çağırıb

    İsrail Livanla bağlı yeni təhlükəsizlik yanaşmasını açıqlayıb

    ABŞ vasitəçiliyi ilə vəziyyəti sabitləşdirə bilərmi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.