BAKI, AzerVoice - Əbdülqadir Cəzairi 1808-ci il sentyabrın 6-da Qərbi Əlcəzairin Muasker şəhəri yaxınlığında anadan olub. Atası Muhyiddin, Məhəmməd Peyğəmbərin nəvəsi Həzrət Həsənin nəslindən idi və Qadiri təriqətinin şeyxləri arasında tanınırdı.
Əbdülqadir uşaqlıq və gənclik illərində dərin dini təhsil almaqla yanaşı, silahdan istifadə etməyi və at sürməyi də öyrənmişdi. 1827-ci ildə atası ilə birlikdə Məkkəyə getmiş, qayıtdıqdan qısa müddət sonra – 1830-cu ilin iyulunda Fransızların Əlcəzairi işğal etməsi ilə ölkədə üç əsrlik Osmanlı hakimiyyəti sona çatmışdı.
Yerli ərəb və bərbər (əmaziq) tayfaları yadelli işğalçılara qarşı müqavimət göstərmək üçün Şeyx Muhyiddini sultan elan etmək istəsələr də, yaşlı olduğu üçün o bu vəzifədən imtina edərək oğlunun – Əbdülqadirin namizədliyini irəli sürdü. Əbdülqadir Mərakeş sultanının hakimiyyətini tanıdı və 1832-ci il noyabrın 22-də “əmirü’l-möminin” (möminlərin əmiri) titulunu aldı. Mərakeşin dəstəyi ilə fransızlara və onlarla əməkdaşlıq edənlərə qarşı silahlı mübarizəyə başladı. Qəhrəmanlığı və ziyalılığı sayəsində yerli tayfaları öz ətrafında birləşdirdi və nüfuzunu Qərbi və Mərkəzi Əlcəzairə qədər genişləndirdi. Böyük Səhranın bir sıra şeyxləri və döyüşçü qəbilələri də onun ardınca getdi.
1831-ci ilin yanvarında fransızlar tərəfindən işğal olunmuş Vehran (Oran) şəhərindəki komandir Bugeaud ilə 1837-ci il mayın 30-da Təfnə müqaviləsini imzalayan Əbdülqadir, ölkənin üçdə ikisinə nəzarət etməyə başladı. İnzibati mərkəzi Muaskerdən Tağdemptə köçürərək İslam prinsipləri əsasında dövlət qurmaq üçün çalışdı.
Əbdülqadir, Osmanlı dövründə vergi güzəştləri ilə yaşayan Mehazin tayfalarının imtiyazlarını ləğv etdi və hər kəsdən zəkat toplamağa başladı. İngiltərədən Mərakeş vasitəsilə gətirilən top və tüfənglərlə nizami ordu qurdu.
Bu arada fransızlar, şərqdə Osmanlı hakimiyyətini qoruyan və müqavimət göstərən Əhməd bəyi məğlub edərək 1837-ci ilin oktyabrında Şimali Afrikada yerləşən Konstantin şəhərini ələ keçirdilər.
1839-cu ilin payızında fransızlar, Əbdülqadirin Kabiliyyə bölgəsinə qədər genişlənən nüfuzunu zəiflətmək üçün onunla danışıqlar aparmaq istədilər. Rədd cavabı aldıqda, Əlcəzairi Konstantinlə birləşdirən Bibân keçidini ələ keçirdilər. Buna cavab olaraq, Əbdülqadir 1839-cu il noyabrın 19-da müqəddəs cihad elan etdi və kiçik, lakin çevik qoşunlarını fransızlara qarşı göndərdi. Lakin 1840-cı ilin dekabrında general-qubernator təyin olunan Bugeaud, ordusunu Əbdülqadirin döyüş taktikasına uyğun hazırlasa da, istədiyi nəticəni əldə edə bilmədi.
Fransızlar Tağdempt, Muasker və Tilimsan şəhərlərini işğal etdilər. 1843-cü il mayın 16-da hətta əmirin səyyar düşərgəsinə də hücum təşkil etdilər. Əbdülqadir Mərakeşə sığınmaq məcburiyyətində qaldı. Onu təqib edən Bugeaud, 1844-cü ilin avqustunda İslid döyüşündə Mərakeş ordusunu məğlub etdi.
Fransızlar 1844-cü ilin oktyabrında imzalanan Tanjer müqaviləsi ilə Mərakeş sultanı Əbdürrəhman ibn Hişamı Əbdülqadiri dəstəkləməkdən çəkindirdilər. Əbdülqadir sonradan yenidən Əlcəzairə qayıtdı və 1845-ci ilin oktyabrında Şidi-Brahimdə bir fransız birliyini məğlub etsə də, artan fransız təzyiqi qarşısında yerli tayfaların dəstəyini itirməyə başladı. Ümidsiz durumda 1846-cı ilin yayında yenidən Mərakeşə sığındı.
Əbdülqadirin qoşunları məğlub olduqdan sonra, 1847-ci il dekabrın 23-də fransızlara təslim oldu. Əvvəlcədən vəd edildiyi kimi İsgəndəriyyə və ya Akkaya aparılmaq əvəzinə, beş il Fransada məhbus olaraq saxlanıldı. 1852-ci ilin oktyabrında azad edilərək Osmanlı İmperiyasına getdi. Əvvəlcə Bursada, 1855-ci ildən isə Dəməşqdə yaşamağa başladı. Qalan ömrünü ibadətə və elmə həsr etdi.
1860-cı ilin iyulunda Cəbəl Lübnanda başlayan və Dəməşqə yayılan Druze üsyanına şəxsən müdaxilə edərək çoxsaylı xristianı qırğından xilas etdi. O, 1883-cü il mayın 26-da Dəməşqdə vəfat etdi.
Əbdülqadir Cəzairi cəsur, ağıllı və dindar bir lider idi. Fransızlara qarşı mübarizəsində yalnız hərbi bacarığı ilə deyil, həm də siyasi uzaqgörənliyi ilə seçilirdi. Lazım gəldikdə sərt olsa da, ədalətə riayət edir, eyni zamanda mərhəmət nümayiş etdirirdi. O, Şimali Afrikanın milli qəhrəmanıdır və Ömər əl-Muxtar qədər sevilən simalardan biridir.