Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Çin dəniz hegemoniyasına hazırlaşır?

    16 İyun 2026 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çin dəniz hegemoniyasına hazırlaşır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    Bir vaxtlar dünyanın ən güclü dəniz dövlətlərindən biri hesab edilən Çin XV əsrin əvvəllərində məşhur müsəlman səyyah və dənizçi Çjen Henin rəhbərliyi ilə Hind okeanında genişmiqyaslı ekspedisiyalar həyata keçirirdi. Lakin bu yüksəliş uzun sürmədi. Min sülaləsinin hakimiyyəti dövründə ölkə təcridçi siyasətə üstünlük verdi, okean səfərləri dayandırıldı və hətta çinlilərin xaricə üzməsi qadağan edildi.

    Növbəti əsrlərdə Çin imperiyası diqqətini əsasən quru sərhədlərinin qorunmasına yönəltdi. Şimaldan gələn monqol və digər köçəri tayfaların təhdidləri Pekini müdafiə istehkamlarını genişləndirməyə sövq etdi. Məhz bu dövrdə bu gün Böyük Çin Səddi kimi tanınan müdafiə sistemi formalaşdı.

    Eyni zamanda Avropa dövlətlərinin dəniz ekspansiyası sürətlə genişlənirdi. XVI əsrin ortalarında portuqaliyalılar Makao yarımadasında möhkəmləndilər və yalnız 1999-cu ildə bu ərazidən tamamilə çıxdılar. Sonrakı əsrlərdə Çin imperiyası tədricən zəifləməyə başladı. XIX əsrdə isə Britaniya imperiyasının hərbi donanması Çin sahillərinə çatdı, Honkonqu ələ keçirdi və Pekini tiryək idxalını qəbul etməyə məcbur etdi.

    Bu hadisələr Çin tarixində “Alçaldılma əsri” adlandırılan dövrün başlanğıcı oldu. Rəsmi Çin tarixşünaslığına görə, bu dövr yalnız 1949-cu ildə Mao Tszedunun rəhbərliyi altında Çin Xalq Respublikasının qurulması ilə sona çatdı. Həmin vaxt kommunistlər ölkə üzərində nəzarəti ələ keçirdilər, millətçilər isə Tayvan adasına çəkilərək öz idarəetmələrini formalaşdırdılar. Bu məsələ bu gün də Pekinin dəniz strategiyasının əsas düyün nöqtələrindən biri olaraq qalır.

    Dənizlər üzərində hakimiyyət niyə vacibdir?

    Tarix boyu dənizlər dövlətlərin sərvət və güc mənbəyi hesab olunub. Neft, qaz, balıqçılıq ehtiyatları və müxtəlif faydalı qazıntılarla yanaşı, qlobal ticarətin əsas hissəsi məhz dəniz yolları vasitəsilə həyata keçirilir.

    Bu səbəbdən dünya tarixində dənizlərə nəzarət edən dövlətlər qlobal gücə çevriliblər. XVI əsrdə Portuqaliya, XVII əsrdə Niderland, XVIII-XIX əsrlərdə Böyük Britaniya, XX əsrdə isə ABŞ dünya okeanlarında üstün mövqeyə sahib olub.

    Dəniz gücü baxımından dövlətlər müxtəlif kateqoriyalara bölünür. Bir çox ölkələr yalnız sahilyanı sularda fəaliyyət göstərə bilən donanmalara malikdir. Böyük Britaniya, Fransa və Rusiya kimi ölkələr regional miqyasda uzaq dənizlərdə əməliyyatlar apara bilirlər. Ən yüksək səviyyə isə qlobal dəniz hegemonluğudur ki, hazırda bu status ABŞ-a məxsusdur.

    Quru imperiyasından dəniz dövlətinə doğru

    Çin coğrafi baxımdan həm quru, həm də dəniz gücü xüsusiyyətlərini özündə birləşdirir. Ölkə Avrasiya ilə Sakit okeanın kəsişməsində yerləşir. Lakin Çin sivilizasiyası tarixən iri çay hövzələri və kənd təsərrüfatı üzərində formalaşıb.

    Məhsuldar torpaqlar və daxili resurslar ölkəyə uzun müddət özünü təmin etmək imkanı verib. Buna görə də Avropa dövlətlərindən fərqli olaraq xarici bazarlar və uzaq ərazilər axtarmaq zərurəti yaranmayıb.

    Bu şərait nəticəsində Çin siyasi düşüncəsində sabitlik, müdafiə və mövcud ərazilərin qorunması prioritetə çevrilib. Dənizlər isə uzun müddət ikinci dərəcəli strateji istiqamət hesab olunub.

    Konfutsiçilik fəlsəfəsinin təsiri də bu yanaşmanı gücləndirib. Sabitlik, nizam-intizam və daxili harmoniyanın qorunması dövlət siyasətinin əsas elementləri kimi qəbul olunub.

    Nəticədə Çin müasir dövrə Qərb dövlətlərinin topladığı dənizçilik ənənələri, institutları və təcrübəsindən məhrum vəziyyətdə daxil olub.

    Bir çox çinli tədqiqatçı hesab edir ki, XIX əsrdə ölkənin məruz qaldığı məğlubiyyətlərin və “Alçaldılma əsri”nin əsas səbəblərindən biri məhz bu dəniz zəifliyi olub.

    Çinin dəniz imkanları

    Bu gün Çin təxminən 3 milyon kvadrat kilometr dəniz zonasına və 32 min kilometrdən çox sahil xəttinə malikdir. Bunun 14 min kilometri ada sahillərinin payına düşür.

    Ölkəni dörd əsas dənizi Boxay dənizi, Sarı dəniz, Şərqi Çin dənizi, Cənubi Çin dənizini əhatə edir. Bununla yanaşı, Çin Qərbi Sakit okeanda da mühüm maraqlara sahibdir.

    Lakin Pekinin qarşısında ciddi coğrafi maneələr mövcuddur. Çin strateqlərinin “Birinci ada zənciri” adlandırdığı sistem Yaponiya, Tayvan, Filippin və İndoneziya boyunca uzanır. Bu zəncir Çin sahillərini əhatə edən yarımqapalı dənizlər yaradır və böhran zamanı Pekinin dənizə çıxış imkanlarını məhdudlaşdıra bilər.

    Məhz buna görə Tayvan Çin strategiyasında xüsusi əhəmiyyət daşıyır. Pekin üçün Tayvan təkcə ərazi bütövlüyü məsələsi deyil, həm də Sakit okeana açılan qapıdır.

    Pekin Universitetinin Okean Araşdırmaları İnstitutunun tədqiqatçısı Ho Bohu hesab edir ki, Çin Tayvan məsələsini həll etmədən tam dəniz gücünə çevrilə bilməz.

    Cənubi Çin dənizi: qlobal ticarətin ürəyi

    Təxminən 3,5 milyon kvadrat kilometr əraziyə malik Cənubi Çin dənizi dünyanın ən mühüm ticarət marşrutlarından biridir. Qlobal dəniz daşımalarının üçdə biri ilə yarısı arasında dəyişən hissəsi bu marşrutdan keçir. Bölgədə böyük enerji ehtiyatları, zəngin balıqçılıq resursları və strateji dəniz yolları yerləşir. Həmçinin bu dəniz Çin iqtisadiyyatını Hind okeanı, Yaxın Şərq və Afrika ilə birləşdirir. Bu səbəbdən Pekin burada yerləşən mübahisəli adalar və mərcan rifləri üzərində nəzarəti milli təhlükəsizlik məsələsi hesab edir.

    Niyə Çin üçün dəniz həyati əhəmiyyət daşıyır?

    Çin dünyanın 120-dən çox ölkəsinin ən böyük ticarət tərəfdaşıdır. Ölkənin xarici ticarətinin 90 faizdən çoxu dəniz yolları ilə həyata keçirilir. Neft idxalının təxminən 80 faizi isə Fars körfəzi, Afrika və Cənub-Şərqi Asiya üzərindən keçən dəniz marşrutları ilə daşınır. Bu asılılıq Pekində “Malakka dilemması” adlanan anlayışın yaranmasına səbəb olub. Çin strateqləri hesab edirlər ki, böhran vəziyyətində ABŞ Malakka boğazını bağlayaraq Pekinin enerji və ticarət axınlarını iflic edə bilər. Buna görə də güclü donanma Çin üçün sadəcə hərbi vasitə deyil, iqtisadi təhlükəsizliyin əsas elementidir.

    Dəniz İpək Yolunun yaranması

    2013-cü ildə Çin sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm hissəsini Dəniz İpək Yolu təşkil edir. Layihənin məqsədi Cənubi Çin dənizindən başlayaraq Hind okeanı, Yaxın Şərq, Afrika və Avropaya qədər uzanan limanlar, logistika mərkəzləri və infrastruktur şəbəkəsi yaratmaqdır. Bu strategiya Çinin ticarət yollarını daha təhlükəsiz etməyə və alternativ marşrutlar formalaşdırmağa xidmət edir.

    Müasir Çin donanmasının formalaşması

    1949-cu ildə Çin Xalq Respublikası qurulduqda əsas diqqət quru sərhədlərinin qorunmasına yönəlmişdi. Donanmanın vəzifəsi yalnız sahilləri müdafiə etməkdən ibarət idi. Əsasən patrul katerləri, torpedo qayıqları və kiçik döyüş gəmilərindən istifadə olunurdu. 1980-ci illərdə admiral Lyu Huaqinq vəziyyəti dəyişdirməyə başladı. O, sonradan “müasir Çin donanmasının atası” kimi tanındı.

    Lyu ilk dəfə olaraq “yaxın dənizlərdə fəal müdafiə” konsepsiyasını irəli sürdü. Strategiyaya əsasən Çin müdafiəsi yalnız sahillərlə məhdudlaşmamalı, Sarı dəniz, Şərqi Çin dənizi, Cənubi Çin dənizi və Tayvan ətrafındakı əraziləri də əhatə etməli idi. O, həmçinin aviadaşıyıcıların tikilməsi, yeni nəsil sualtı qayıqların hazırlanması və müasir raket sistemlərinin yaradılmasını təklif etdi.

    Tayvan böhranı və dönüş nöqtəsi

    1993-cü ildə ABŞ hərbi dəniz qüvvələrinin Hind okeanında Çin ticarət gəmisini saxlayaraq yoxlaması Pekində ciddi narahatlıq yaratdı. Daha böyük sarsıntı isə 1995-1996-cı illərdə Tayvan boğazı böhranı zamanı yaşandı. Çinin raket sınaqlarına cavab olaraq ABŞ bölgəyə iki aviadaşıyıcı zərbə qrupunu göndərdi. Bu hadisə Pekinə göstərdi ki, güclü donanma olmadan Tayvan məsələsində strateji üstünlük qazanmaq mümkün deyil.

    Nəticədə Çin hərbi büdcəsini artırdı, donanmaya müdafiə xərclərinin təxminən üçdə biri ayrıldı və genişmiqyaslı modernləşmə proqramları başladı.

    Dünyanın ən böyük donanmasına doğru

    1998-ci ildə Çin keçmiş sovet aviadaşıyıcısı “Varyaq”ı Ukraynadan aldı və onu gələcək aviadaşıyıcı proqramlarının əsasına çevirdi. 2000-ci illərdə Çin iqtisadiyyatının sürətli böyüməsi ilə yanaşı, dəniz strategiyası da genişləndi. 2008-ci ildə Çin ilk dəfə Somali sahillərində piratçılığa qarşı beynəlxalq əməliyyatlarda iştirak etdi. Bu missiya uzaq dənizlərdə fəaliyyət üçün mühüm təcrübə qazandırdı.

    Hu Szintao dövründə Çin 71 yeni döyüş gəmisi inşa etdi.

    2013-cü ildə Si Cinpin hakimiyyətə gəldikdən sonra isə ölkə “böyük dəniz gücü” qurmaq mərhələsinə keçdi. Onun hakimiyyətinin ilk on ilində Çin donanması tarixinin ən böyük genişlənməsini yaşadı. Müxtəlif siniflərə aid onlarla freqat, esmines, sualtı qayıq və desant gəmisi xidmətə qəbul edildi. 2025-ci ilin məlumatlarına görə, Çin 234 döyüş gəmisi ilə dünyanın say baxımından ən böyük hərbi donanmasına sahibdir. ABŞ donanmasının müvafiq göstəricisi 219 döyüş gəmisidir.

    ABŞ və Çin arasında dəniz rəqabəti

    Pekin donanmasının sürətli inkişafı Vaşinqtonun diqqət mərkəzindədir. ABŞ hesab edir ki, Çin Qərbi Sakit okeanda öz təsir zonasını formalaşdırmağa çalışır və uzunmüddətli perspektivdə ABŞ-ın bölgədəki üstünlüyünə meydan oxuyur.

    Bununla belə, say üstünlüyünə baxmayaraq Çin hələ də bir sıra göstəricilər üzrə ABŞ-dan geri qalır. Çin donanmasının ümumi tonnajı təxminən 1,85 milyon ton təşkil edir ki, bu da ABŞ donanmasının ümumi tonnajının yarısından azdır. ABŞ həmçinin aviadaşıyıcılar, nüvə sualtı qayıqları, ağır esmineslər və uzaqmənzilli əməliyyatlar sahəsində üstünlüyünü qoruyur.

    Digər tərəfdən Çin öz sahillərinə yaxın ərazilərdə mühüm üstünlüklərə malikdir. Donanma quru bazaları, hava qüvvələri və raket sistemləri tərəfindən dəstəklənir.

    Bu səbəbdən Pekin “girişi məhdudlaşdırma” strategiyasına üstünlük verir. Məqsəd ABŞ qüvvələrinin Çin sahillərinə yaxınlaşmasının qiymətini mümkün qədər artırmaqdır.

    Çin qlobal dəniz hegemonuna çevrilə bilərmi?

    Son 30 ildə Çin donanmasının inkişafı misilsiz sürətlə baş verib. Lakin Pekinin qarşısında hələ də ciddi maneələr qalır. Qlobal hərbi bazalar şəbəkəsinin məhdudluğu, uzaq okeanlarda əməliyyat təcrübəsinin azlığı, coğrafi məhdudiyyətlər və region ölkələrinin narahatlığı Çinin qarşısında duran əsas problemlərdir.

    Yaponiya, Hindistan, Avstraliya, Vyetnam və Filippin kimi dövlətlər Pekinin artan dəniz gücünü təhlükəsizlik problemi kimi qiymətləndirirlər. Bu səbəbdən Çin üçün əsas sual artıq güclü donanma qurmaq deyil. Əsas məsələ bu gücü qlobal qarşıdurmaya sürüklənmədən necə istifadə etməkdir.

    Tarix göstərir ki, böyük dövlətlərin yüksəlişi çox vaxt böyük müharibələrlə müşayiət olunub. Pekinin qarşısında duran ən mühüm strateji vəzifə isə dəniz gücünü artırarkən həmin tarixi təkrarlamamaqdır.

    #Çin Xalq Respublikası #dünyanın ən güclü dəniz dövlətləri #Çin ABŞ #Çin ABŞ rəqabəti #Çin ABŞ dəniz rəqabəti #Çin ABŞ geosiyasi rəqabət #Çin ABŞ ticarət rəqabəti #Bir kəmər bir yol layihəsi #Si CiPin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    FİFA Haiti formasından qorxur?

    18 İyun 2026 09:00

    İngilislər niyə tez-tez baş nazir dəyişir?

    18 İyun 2026 06:00

    G7-nin mənfi nəticələri - Əsl zərəri kimlər görür?

    17 İyun 2026 09:00

    Livan son şansını itirir?

    17 İyun 2026 06:00

    ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

    16 İyun 2026 09:00

    Çin dəniz hegemoniyasına hazırlaşır?

    16 İyun 2026 06:00

    Tehranın Böyük Şeytanla imzaladığı müqavilənin detalları – İran kimə və necə xəyanət etdi?

    15 İyun 2026 11:56

    İran Fələstin böhranında necə yer aldı?

    14 İyun 2026 12:00

    Tramp meydançasını Sakit okeana köçürür?

    13 İyun 2026 09:00

    İraqda silahlı qruplar tərksilah olunur?

    12 İyun 2026 16:45

    Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşdü

    27 Yanvar 2026 12:40

    Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Moldova və Çinə təhvil verdi

    26 Yanvar 2026 18:11
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

    Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik

    Prezident İlham Əliyev: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik

    Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

    Prezident İlham Əliyev: Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir

    Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

    Prezident İlham Əliyev: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq

    Prezident İlham Əliyev: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir

    Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

    Prezident İlham Əliyev: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.