BAKI,VOA, Orxan Qədirzadə
Türkiyə Jandarma Baş Komandanlığının koordinasiyası ilə 25 vilayətdə qanunsuz silah alverçilərinə və odlu silahı sənədsiz saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlarda 404 şübhəli şəxs ələ keçirilib.
VOA xəbər verir ki, Jandarma Baş Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və İctimai Təhlükəsizlik idarələri, habelə Respublika Baş Prokurorluqlarının rəhbərliyi altında həyata keçirilən tədbirlər Türkiyənin bir çox strateji nöqtələrini əhatə edib. Əməliyyatlar İstanbul, Ankara, Adana, Antalya, Diyarbəkir, Şanlıurfa və digər mühüm mərkəzlər daxil olmaqla ümumilikdə 25 əyalətdə eyni vaxtda reallaşdırılıb.
Axtarışlar zamanı 204 ədəd sənədsiz ov tüfəngi, 163 ədəd qanunsuz tapança və 29 ədəd uzunlüləli tüfəng olmaqla, cəmi 396 ədəd odlu silah müsadirə edilib. Bundan əlavə, tapança istehsalında istifadə olunan çox sayda hissə, müxtəlif alətlər və avadanlıqlar da maddi sübut kimi götürülüb. Saxlanılan 404 şübhəli barəsində "Odlu silahlar və bıçaqlar haqqında" qanunun tələblərini pozma maddəsi ilə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.