Türk Dövlətləri

Türkiyə Somali sahillərində neft və qaz axtarışları üzrə fəaliyyətini genişləndirməyə hazırlaşır. Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə Neft Şirkəti (TPAO) 2026-cı ildə Somali sahillərinə bitişik dəniz ərazilərində üç açıq dəniz bloku, eləcə də ölkə ərazisində yerləşən üç quru blokunda kəşfiyyat qazmalarına başlayacaq. Analitik qiymətləndirmələrə görə, Somali ərazisində ehtimal olunan hidrokarbon ehtiyatlarının bazar dəyəri 1,8 trilyon dollara çata bilər.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan İordaniya Xarici İşlər Naziri Eymen əs-Safedi və Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Feysəl bin Fərhan ilə telefon danışığı həyata keçirib. Türkiyə Xarici İşlər Nazirliyindən əldə olunan məlumata görə, görüş zamanı Qəzza Sülh Planının icrası ilə bağlı bir sıra məsələlər ətraflı şəkildə müzakirə olunub. Fidan görüşdə bölgədə sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb, tərəflərin koordinasiyalı fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.

Türk dövlətləri ilə xarici ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri Ankarada keçirilən AK Partiya Türk Dünyası Vizyon Sənədinin Təqdimat Proqramında çıxışı zamanı səsləndirib. Ərdoğan bildirib ki, Türkiyənin Türk dövlətləri ilə xarici ticarət dövriyyəsinin orta müddətdə 60 milyard dollara, uzunmüddətli perspektivdə isə 100 milyard dollara çatdırılması qarşıya qoyulan əsas hədəflərdəndir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan 16-cı Səfirlər Konfransında çıxış edən Hakan Fidan qeyd edib ki, müharibənin ilk günündən Türkiyənin mövqeyi dəyişməz olub. Onun sözlərinə görə, Ankara müharibənin hərbi deyil, diplomatik yollarla başa çatdırılmasını əsas prinsip kimi qəbul edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada yeni mərhələyə daxil olunub və Türkiyə bu prosesdə Suriya xalqının yanında olmağa davam edəcək. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən keçirilən 16-cı Səfirlər Konfransında çıxış edən Hakan Fidan qeyd edib ki, son 15 ildə Suriya məsələsində Türkiyə tarixinin ən çətin sınaqlarından birini verib. Onun sözlərinə görə, bu proses ciddi siyasi və iqtisadi xərclər tələb etsə də, Ankara insanlıq prinsiplərindən geri çəkilməyib.

Hatay şəhərinin Antakya rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 13:15-də baş verib. Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Türk dili yalnızca bir ünsiyyət vasitəsi deyil, ortaq dəyərlərimizin və mədəniyyətimizin daşıyıcısıdır. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran sosial media hesabında paylaşım edib. Duran mesajında bildirib ki, Türk dili əsrlərdir qardaş xalqlar arasında bir körpü rolunu oynayır və ortaq tariximizin, mədəniyyətimizin ən güclü təməl daşlarından biridir. Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzər bölgəsinə qədər eyni dili danışan bütün qardaş xalqları salamlayır.

Türkiyə Sudanın Abyei bölgəsində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin (UNISFA) Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidəki logistika mərkəzinə edilən hücumu pisləyib. Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda həyata keçirilən hücumla bağlı yazılı açıqlama yayıb. Açıqlamada “Abyei bölgəsində fəaliyyət göstərən BMT-nin Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin (UNISFA) Sudanın Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidə yerləşən logistika mərkəzinə edilən hücumu qətiyyətlə pisləyirik” ifadəsinə yer verilib.

Türkiyənin Qəzza zolağındakı böhranın həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Prezident Rəcəb Tayyib Ərdoğan yerli universitetlərin tələbələri ilə görüşdə çıxış edərək, Ankaranın bu məsələdə qətiyyətli siyasət yürütməyə davam edəcəyini bildirib. Onun sözlərinə görə, Türkiyə Qəzza məsələsində mövqeyindən geri çəkilməyəcək və bu istiqamətdə zəruri addımları atmağı davam etdirəcək.

Təxminən min 300 ton humanitar yardım daşıyan gəmi, Türkiyə Qızıl Aypara Cəmiyyəti tərəfindən Qəzzaya çatdırılmaq məqsədilə Mersin limanından yola çıxıb. Humanitar yardımın Misirin El Arish Limanına çatması gözlənilir. Orada yüklər boşaldılacaq və sonrakı mərhələdə Qəzzaya çatdırılacaq. Yükün əsas hissəsini qida məhsulları, gigiyena ləvazimatları, geyim və yorğanlar təşkil edir.

Türkiyənin Ticarət naziri Ömər Bolat, ABŞ-da çox məhsuldar görüşlər keçirdiklərini və iki ölkə arasındakı ticarət həcmini 100 milyard dollar hədəfinə çatdırmaq üçün işlərin davam edəcəyini açıqlayıb.O bildirib ki, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında sentyabr ayında baş tutmuş görüş iki ölkə münasibətlərində mühüm dönüş nöqtəsi olub. Bu görüşün siyasi əlaqələr və regional böhranların həllində Türkiyə və ABŞ arasındakı əməkdaşlığa sürət qazandırdığını vurğulayıb.

Vəzifəsindən azad olunan Əsənyurt Bələdiyyə Başçısı Ahmet Özər, Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli ilə görüşüb. Görüşdən sonra açıqlama verən Özər bildirib ki, Bahçeliyə sülh prosesinə verdiyi səmimi və fədakar töhfələr üçün təşəkkür edib. Özər həmçinin bildirib ki, iddiaların cəzaya çevrilməməsi və müvəqqəti idarəçi tətbiqinin sona çatması prosesi dəstəkləyə bilər. O, əvvəlki mərhələdə Aziz İhsan Aktaş ilə bağlı istintaqda tutulmuş və təxminən bir ay əvvəl azad edilmişdi.