İsrail ordusu Qəzzanın qərbində yerləşən Nasr məhəlləsindəki əl-Hılu xəstəxanasını iki dəfə artilleriya atəşinə tutub, təxminən 100 tibb işçisi və xəstənin xəstəxanada mühasirədə qaldığı bildirilib. Qəzzadakı Hökumətin Media Ofisinin rəhbəri İsmayıl əs-Səvabtə Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, İsrail ordusunun top atəşi ilə hədəf aldığı əl-Hılu xəstəxanasının internet bağlantısı kəsilib və xəstəxanada qalan 100-ə yaxın tibb işçisi ilə xəstə böyük qorxu içindədir. Sağlamlıq mərkəzlərinə edilən hücumların "insanlığa qarşı cinayət və müharibə cinayəti" olduğunu vurğulayan Səvabtə əlavə edib ki, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzza Zolağına başlatdığı hücumlar nəticəsində 38 xəstəxana fəaliyyətini dayandırıb, 96 səhiyyə mərkəzi hədəf alınıb və 197 təcili yardım maşını məhv edilib.
#Qəzzanın bərpası 2025
Tramp “Truth Social” platformasında paylaşım edərək yazıb:“Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkanımız var. Hamı xüsusi bir şey üçün hazırdır, tarixdə ilk dəfə... Biz bunu həyata keçirəcəyik”.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi son hücumlarda, aralarında humanitar yardım gözləyənlərin də olduğu 24 fələstinli həyatını itirib. Hadisə şahidlərinin və səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimal, mərkəz və cənub hissələrində mülki əraziləri və guya “humanitar yardım paylama mərkəzlərini” hədəfə alıb. İsrail ordusu gecə boyunca Qəzzanın şimal bölgəsini intensiv bombardman edib. Hücumlar nəticəsində çoxsaylı binalar tamamilə dağıdılıb.
İsrail ordusu, işğal məqsədilə başladığı quru hücumlarına paralel olaraq, Qəzza zolağına hava bombardmanlarını da intensivləşdirib. Son 24 saat ərzində 140-dan çox hava hücumu həyata keçirilib. Hücumlar, aclıq və qırğınlara baxmayaraq, torpaqlarını tərk etmək istəməyən fələstinlilərin sığındığı Qəzza şəhərində xüsusilə sıxlaşıb. İsrail ordusu, bölgədə yaşayan fələstinliləri qırğınlarla şimala və cənuba doğru köçməyə məcbur edir. Qəzza şəhəri həm hava, həm də quru əməliyyatları ilə bombalanır. Buna baxmayaraq, yüz minlərlə fələstinli şəhərdə qalmağa davam edir. İsrailin hücumları yalnız Qəzza şəhəri ilə məhdudlaşmayıb, həmçinin Qəzza zolağının orta və cənub hissələrində də davam etməkdədir.
Fələstin İqtisadiyyat Nazirliyi, İsrailin işğal altındakı İordan çayının qərb sahilində yerləşən və "dünyaya açılan yeganə qapı" kimi tanınan Kral Hüseyn (Allenby) körpüsünü bağlama qərarına kəskin reaksiya verib. Nazirlik bildirib ki, sərhədin bağlanması iqtisadi, sosial və humanitar fəlakətə yol aça bilər. Yazılı açıqlamada qeyd olunub ki, Kerame adlandırılan bu sərhəd keçidi Fələstin xalqının ixrac və idxal əməliyyatları üçün həyati əhəmiyyət daşıyır. Fələstin istehsalçılarının dünya bazarına çıxışı, ərzaq təhlükəsizliyi və humanitar yardımların çatdırılması bu keçid məntəqəsindən asılıdır.
İsrail ordusu işğal altında olan İordan çayının qərb sahilinin şimalında bir evi mühasirəyə alaraq 2 fələstinlini qətlə yetirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, İsrail əsgərləri gecə saatlarında qərb sahilində yerləşən Tuba şəhərinə bağlı Tammun qəsəbəsində bir evi mühasirəyə alıblar. Əsgərlərin bölgəyə snayperlər yerləşdirdiyi və mühasirəyə aldıqları evə atəş açdığı bildirilir. Hücum nəticəsində iki fələstinli həyatını itirib.
İsrailin Qəzza Zolağında həyata keçirdiyi hava və artilleriya hücumlarında 28-i Qəzza şəhərində olmaqla 33 fələstinli həlak olub.Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərinin şərq, cənub və şimal-qərb bölgələri güclü artilleriya atəşinə tutulub, şəhər səmasında çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub. Xəstəxana mənbələrinin verdiyi məlumata əsasən, İsrailin Qəzza Bələdiyyəsinə məxsus, Firas Bazarında yerləşən və məcburi köçkünlərin sığındığı anbarları hədəfə alması nəticəsində, aralarında uşaqların da olduğu 20 nəfər həlak olub, çox sayda insan yaralanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu, işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəriə) yaşayan fələstinlilərin ölkədən çıxmaq üçün istifadə etdiyi yeganə sərhəd qapısını bağlayacağını açıqlayıb. İsrail ordu radiosunun müxbiri Doron Kadoş xəbərində, Netanyahu-nun bu qərarı bir çox ölkənin Fələstin dövlətini tanımasına etiraz olaraq verdiyini bildirib. Məlumata görə, Netanyahu işğal altındakı Qərbi Şəriədən İordaniyaya çıxışı təmin edən və İsrailin nəzarətində olan “Kral Hüseyn Körpüsü” sərhəd keçid məntəqəsinin insan və yük daşımalarına növbəti xəbərdarlığa qədər tamamilə bağlanması barədə göstəriş verib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində azı 7 fələstinli həlak olub. Hücumlarda əsas hədəflər yenə də sivil əhali, qaçqınların sığındığı çadırlar, yaşayış binaları və mülki nəqliyyat vasitələri olub. Xəstəxana mənbələrinin və görən şahidlərin məlumatına görə, Qəzza şəhərinin mərkəzində yerləşən Ömər əl-Muxtar küçəsindəki Haccac binasına hava zərbəsi endirilib. Bu hücum nəticəsində 4 nəfər ölüb, çox sayda insan yaralanıb, onlarca nəfərin enkaz altında qaldığı bildirilir.
Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub. Ərdoğan məqaləsində dünyanı təhdid edən münaqişələr, qeyri-sabitlik, terror hücumları, pandemiyalar, iqlim böhranları və artan ədalətsizliklər fonunda Türkiyənin ədalət, sülh və həmrəylik mərkəzli xarici siyasət yürütməyə davam etdiyini vurğulayıb. O, "Dünya beşdən böyükdür" ifadəsi ilə BMT sisteminə yönələn tənqidin təkcə bir şüar deyil, eyni zamanda bəşəriyyətin ortaq gələcəyinə dair bir baxışın ifadəsi olduğunu qeyd edib.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumları nəticəsində Qəzza zolağında həyatını itirənlərin sayı 65 min 344-ə çatıb. Son 24 saat ərzində 61 nəfər ölüb, 220 nəfər yaralanıb. Qəzza Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, İsrailin davam edən hücumları və bölgədəki aclıq səbəbindən baş verən itkilər barədə məlumat verilib. Son 24 saat ərzində Qəzza xəstəxanalarına 61 ölü və 220 yaralının gətirildiyi bildirilib. İsrail ordusunun 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 12 min 785 Fələstinlinin öldüyü, 54 min 754 nəfərin yaralandığı qeyd olunub.