#Türkiyə

Sinop Baş Prokurorluğunun koordinasiyası ilə jandarma tərəfindən Sinop mərkəzli Mersin, Adana, Elazığ, Qaziantep və Hatay rayonlarında cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. Bildirilib ki, əməliyyat zamanı hesablarda 643 milyon TL dəyərində pul dövriyyəsi aşkar edilib. Əməliyyat nəticəsində şəbəkənin başçısı da daxil olmaqla 20 nəfər saxlanılıb. Onlardan 11-i barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür mesajı ünvanlayıb. Zelenski bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın Müstəqillik Günü ərəfəsində söylədiyi müdrik və səmimi sözlərinə görə böyük minnətdarlıq hissi keçirirəm. Hörmətli Prezident, ölkələrimiz arasında strateji tərəfdaşlığın həm dövlətlərimiz, həm də regional və qlobal sabitlik baxımından həyati əhəmiyyət daşıdığı barədə sizinlə tam razıyam. Sülhün təmin olunması istiqamətindəki şəxsi səyləriniz üçün minnətdarıq və bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik” – deyə paylaşımda qeyd olunub.

Trabzonun Ortahisar rayonunun Çağlayan məhəlləsində 186 mənzil və 22 dükanın inşası ilə bağlı tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 700 gün təşkil edir.

İstanbulda ötən ay son 65 ilin ən quraq iyul ayı qeydə alınıb. Mərmərə bölgəsində quraqlıq davam edir və yağıntılarda ciddi azalma müşahidə olunub. Belə ki, Mərmərə bölgəsində iyul ayı üzrə uzunillik orta yağıntı 22,5 millimetr təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 18,5 millimetr olub, cari ilin iyulunda isə cəmi 1,2 millimetr qeydə alınıb. Beləliklə, yağıntılar uzunillik ortalamaya nisbətən 95 faiz, ötən ilin eyni ayına görə isə 94 faiz azalıb. Belə ki, Mərmərə bölgəsində iyul ayı üzrə uzunillik orta yağıntı 22,5 millimetr təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 18,5 millimetr olub, cari ilin iyulunda isə cəmi 1,2 millimetr qeydə alınıb. Beləliklə, yağıntılar uzunillik ortalamaya nisbətən 95 faiz, ötən ilin eyni ayına görə isə 94 faiz azalıb.

Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin Qəzzada aclıqla bağlı dərc etdiyi son hesabat və BMT Baş katibinin açıqlamalarına münasibət bildirib. Nazirlik bəyan edib ki, bu sənədlər İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımçı siyasətin yaratdığı insani faciəni bir daha ortaya qoyur.

Türkiyə Ədliyyə Nazirliyi Dəstək Xidmətləri İdarəsi Karabükdə yeni ədliyyə binasının inşası üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 600 gün təşkil edir.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük yerli istehsal hərbi gəmisi və dünyanın ilk silahlı İHA-daşıyan flaqmanı TCG Anadolu Çanaqqaladan İstanbulun Sarayburnu bölgəsinə doğru yola çıxıb. Səyahət Malazgirt Zəfərinin 954-cü ildönümü və 30 Avqust Zəfər Bayramı münasibətilə keçirilir və 350 gənc səyahətə qoşularaq milli mübarizə ruhunu yaşamağa dəvət olunub. Gənclər texnologiya və müdafiə sahəsində təqdimatlar və mühazirələrlə məlumatlandırılacaq, bu mühazirələri Milli Müdafiə Universitetinin professor-müəllim heyəti aparacaq.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də strateji sərmayədir və türk dünyasını, türk cümhuriyyətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. Onun sözlərinə görə, dəhlizin 15 milyon ton yükdaşıma potensialı var. “30 illik proqnoza görə, Zəngəzur dəhlizindən 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza gəliri, 2,1 milyard lirə iqlim qənaəti, 3,5 milyard lirə isə yol və zaman qənaəti əldə ediləcək. Beləliklə, ümumilikdə 147,6 milyard lirə gəlir gözlənilir”, – Uraloğlu qeyd edib.

Meşə Baş Müdirliyi yanğınların tam nəzarət altına alınması üçün əməliyyatların davam etdiyini açıqlayıb. Geliboluda 9 təyyarə, 6 helikopter, 143 texnika və 391 nəfərlik canlı qüvvə ilə alova müdaxilə olunub. Kənd sakinlərinin dəstəyi ilə alovun qarşısı qismən alınıb, Pazarlı və İlqarderə kəndlərindən 126 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib. Muğlanın Yatağan rayonunda baş verən yanğın havadan və qurudan müdaxilə ilə söndürülüb, soyutma işləri aparılır. Bursanın Orhangazi rayonunda yanğına 2 helikopter, PUA, 8 su maşını və 62 nəfərlik qüvvə cəlb olunub və ərazi nəzarətə götürülüb. İzmirin Menderes rayonunda isə kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib, 8 təyyarə, 8 helikopter və 239 nəfərlik personalın səyi ilə nəzarət altına alınıb.

Yunan mətbuatı Ankara-Paris xəttində artan diplomatik təmasların və müdafiə sənayesi əməkdaşlığına dair mesajların Afinada təcrid olunma qorxusu doğurduğunu yazıb. Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa lideri Emmanuel Makronu “dəyərli dost” adlandırması və BMT sammitində planlaşdırılan görüş bu narahatlıqları daha da gücləndirib. “Thess Today” nəşri Türkiyə və Fransanın yeni əməkdaşlıq səhifəsi açdığını, Yunanıstanın isə prosesdə passiv qaldığını vurğulayıb. Məqalədə “Bizim yalnız Rafale təyyarələrimiz qalıb. Türkiyə sahədə qalib gəlir, biz isə masada qalırıq” ifadəsi yer alıb. Digər tərəfdən, “belə davam edərsə, hətta Kipr də üzümüzü döndərə bilər” kimi qeydlər də Yunan ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

İsveçin Stokholm Universiteti Türkiyənin müdafiə sənayesindəki yüksəlişi və Avropa təhlükəsizlik arxitekturasındakı potensial rolu ilə bağlı yeni hesabat dərc edib. Paul T. Levin və Minna Ålander tərəfindən hazırlanan sənəd “İsveç və Finlandiyanın Türkiyənin Avropa Təhlükəsizliyindəki Roluna dair Qavrayışları” başlığı ilə təqdim olunub. Hesabatda Avropa İttifaqının üzləşdiyi problemlər, Ukrayna müharibəsi fonunda təhlükəsizlik arxitekturasındakı dəyişikliklər və Türkiyənin bu nizamda strateji mövqeyi ətraflı şəkildə təhlil olunub. Müəlliflər qeyd ediblər ki, ABŞ-ın müttəfiq kimi artan etibarsızlığı fonunda Türkiyə Avropada hərbi və təhlükəsizlik əməkdaşlığı üçün etibarlı tərəfdaş qismində önə çıxır.