#Livan-İsrail sərhəd gərginliyi

İsrail ordusu Livanın bir sıra yaşayış məntəqələrinin sakinlərinə dərhal evlərini tərk etmələri ilə bağlı göstəriş verib. Çağırış Livanın ən-Namriyə, Teyr Filisiya, Hallusiyə, Yuxarı Hallusiyə, Turə və Maraka bölgələrini əhatə edir. İsrail ordusunun ərəb dilli nümayəndəsi Aviçay Adrai sosial şəbəkə üzərindən yayımladığı müraciətdə sakinlərin gecikmədən təxliyə olunmalı olduğunu bildirib.

İsrail ordusu, atəşkəs rejiminə rəğmən Livanın cənubunda işğal etdiyi ərazilərdən kənarda yerləşən Deyr Amis qəsəbəsinə hava zərbələri endirib. İsrail ordusunun Livanda 17 aprel tarixində qüvvəyə minən atəşkəsə baxmayaraq, ölkə ərazisindəki hücumları davam edir. Livanın rəsmi agentliyi olan NNA-nın məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Sur şəhərinə bağlı Deyr Amis qəsəbəsini hava hücumu ilə hədəf alıb.

Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Beyrut və Tel-Əviv nümayəndələri arasında bu gün keçiriləcək ikinci raund hazırlıq görüşləri İsrail ordusunun Livandakı hərbi fəaliyyətlərinin kölgəsində reallaşacaq. Aprelin on yeddisində qüvvəyə minən on günlük müvəqqəti atəşkəsin başa çatmasına sayılı günlər kala baş tutacaq bu görüş regionda gərginliyin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.

Livan Prezidenti Cozef Aun ölkəsinin sabah ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail ilə keçirəcəyi görüşün əsas hədəflərini açıqlayıb. Prezident bildirib ki danışıqlar zamanı atəşkəs müddətinin uzadılması və İsrail ordusunun Livanın cənubundakı yaşayış məntəqələrində həyata keçirdiyi dağıntıların dərhal dayandırılması tələb olunacaq.

Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Livanın Baş naziri Nəvaf Salam ilə görüşəcək. Yelisey sarayından verilən məlumata görə Fransa lideri görüş zamanı Livandakı atəşkəs rejiminə tam sadiqliyini və ölkənin ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. Pakistan isə ABŞ və İran arasında atəşkəs müddətinin çərşənbə günü başa çatması ərəfəsində yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazırlaşır.

Livanın cənubunda BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən 1 fransız sülhməramlısı həlak olub, daha 3 əsgər isə yaralanıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün "X" sosial media hesabı vasitəsilə məlumat verib. Makron bildirib ki, Montobandakı 17-ci Paraşütçü Mühəndis Alayının baş çavuşu Florian Montorio bu səhər baş verən hücum zamanı həyatını itirib.

İsrail ordusunun Livanda avtomobil və motosikletləri hədəf alan hücumları nəticəsində 3 nəfər həyatını itirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusu səhər saatlarından etibarən ölkənin cənubundakı onlarla qəsəbə və kəndi intensiv atəşə tutub. Hücumlar zamanı ölkənin şərqindəki Dahr Baydar yolu üzərində bir avtomobilin pilotsuz uçuş aparatı (PUA) ilə vurulması nəticəsində 1 nəfər ölüb. Qasimiye və Habbuş-Nebatiye yollarında hərəkətdə olan motosikletlərin hədəf alınması nəticəsində daha 2 nəfər dünyasını dəyişib.

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə İsrail ordusu son dövrlərdə Livanın cənubunda və sərhəd xətti boyunca əlavə hərbi məntəqələr yaradıb. Ötən ay quru işğalına yenidən başlayan İsrail ordusu 2024-cü ildəki atəşkəsdən sonra Livan ərazisində qalan 5 strateji nöqtəni nəzarətdə saxlamağa davam edir. Şahidlərin ifadələrinə istinadən hazırlanan xəbərdə İsrailin Livan torpaqlarında qurduğu hərbi postların sayının iki qat artacağı gözlənilir.

İsrail və Livan nümayəndələrini bir araya gətirən birbaşa danışıqlar ABŞ-ın Dövlət katibi Marko Rubionun ev sahibliyi ilə Vaşinqtonda başlayıb. ABŞ Dövlət Departamentinin binasında keçirilən görüşlərdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı ABŞ-ın yüksək rütbəli diplomatları da iştirak edir. Müzakirələrə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts və hər iki ölkənin Vaşinqtondakı səfirləri qatılıblar.