#Qəzzanın işğalı

İsrail ordusu, atəşkəsə baxmayaraq, Qəzza şəhəri və ətrafındakı Xan Yunus və Rəfah bölgələrinə hava hücumları həyata keçirib, yaşayış binalarını partladıb. Yerli mənbələrin verdiyi məlumata görə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şərqindəki Tubas məhəlləsinə hücumlar təşkil edib. Eyni vaxtda İsrail əsgərləri bölgədəki binaları havaya uçurub. Partlayış səsləri şəhərin bir çox hissəsindən eşidilib. Görgü şahidlərinin məlumatına görə, Xan Yunusun şərqindəki Beni Suheyla qəsəbəsi və Rəfahın bəzi bölgələrinə də hava hücumları edilib və yaşayış binaları partladılıb. Bundan əlavə, bu ərazilərə İsrail ordusuna aid helikopterlərdən və yaxınlıqdakı hərbi vasitələrdən intensiv atəş açılıb.

Qəzza Zolağında iki ilə yaxın davam edən müharibə dövründə İsrail ordusunun “insani yardım” adı altında yaradılan paylama mərkəzlərində 2 min 614 fələstinlini öldürdüyü bildirilib. İsrail və ABŞ tərəfindən yönləndirilən Qəzza Humanitar Yardım Fondu (GHF) dünən fəaliyyətlərini dayandırdığını açıqladıqdan sonra, Qəzza Səhiyyə Nazirliyinin Baş direktoru Münir əl-Burş mövzu ilə bağlı bəyanat yayıb. Burş bildirib ki, yardım bölgələri əslində “ölüm tələsi”nə çevrilib və bu çərçivədə 2 min 614 nəfər döyüş meydanında deyil, qida və su tapmağa çalışdıqları vaxt öldürülüb.

İsrail ordusu Qəzzanın Şimalında atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlar nəticəsində 4 nəfər həlak olub. Qəzza Şimalındakı Nəsir Xəstəxanasının açıqlamasına görə, İsrail ordusu Xan Yunus şəhərinin Bəni Suheyla bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücumdan sonra xəstəxanaya 2 nəfərin meyiti gətirilib.

HƏMAS bildirib ki, İsrail ordusu Qəzzədəki atəşkəs razılaşmasını sistemli şəkildə pozur və vasitəçilərə dərhal müdaxilə, ABŞ-a isə İsrailin öhdəliklərini yerinə yetirməsini tələb etmək çağırışı edib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu Sarı Xətt boyunca hər gün qərbə doğru irəliləyərək işğalını genişləndirir. Bu səbəbdən bölgədə yeni kütləvi köçlər baş verir, Qəzzə Səhrasının şərq hissələrinə edilən hava hücumları və artilleriya atəşləri isə atəşkəsin açıq şəkildə pozulması deməkdir.

Dünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Qəzzada müalicə üçün bölgədən çıxarılmaq üçün tibbi təxliyə gözləyərkən həyatını itirən xəstələrin sayı 900-ü ötüb. ÜST-ün məlumatına görə, hələ də 16 min 500 xəstə təxliyə üçün təsdiq gözləyir; onların arasında təcili tibbi təxliyəyə ehtiyacı olan 4 min uşaq var. Təşkilat xəbərdarlıq edib ki, kritik vəziyyətdə olan xəstələrin təxliyəsində hər bir gecikmə “praktik olaraq ölüm hökmü” deməkdir. ÜST-ün Baş Direktoru Tedros bütün sərhəd keçidlərinin dərhal açılmasını və Qəzzadan və Qəzzaya tibbi və humanitar hərəkətə tam azadlıq verilməsini tələb edib. Keçidlərin bağlanması və xəstələrin hərəkətinə qoyulan məhdudiyyətlər səhiyyə sisteminin çökməsinə və ağır hallarının sürətlə artmasına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzadaki kövrək atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, hələ də qüvvədə olduğunu bildirərək ikinci mərhələ danışıqları üçün yolun açılmasına çağırış edib. Quterreş bu fikirləri Nyu-Yorkdakı BMT Baş Qərargahında Afrika İttifaqı ilə BMT arasında keçirilən yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yussuf ilə birgə mətbuat konfransında səsləndirib.

İsrail hökuməti bəyan edib ki, çərşənbə günü Qəzza zolağının şimalında yerləşən “Zikim” sərhəd-keçid məntəqəsi humanitar yardım maşınlarının bölgəyə daxil olması üçün açılıb. Bu, iki il davam edən müharibənin ağır nəticələrindən əziyyət çəkən Qəzza sakinlərinə yardım məqsədi daşıyır. İsrail Müdafiə Nazirliyinə tabe olan Hökumət Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) bildirib ki, bu yardımlar BMT və beynəlxalq təşkilatlar tərəfindən çatdırılacaq və bütün yük maşınları “dəqiq təhlükəsizlik yoxlamalarından” sonra buraxılacaq.

İtaliyanın Baş naziri Corciya Meloni Romaya səfər edən Fələstin Prezidenti Mahmud Abbasla görüş keçirib. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafını, həmçinin regional vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə ediblər. Fələstin Xəbər Agentliyi (WAFA) bildirir ki, Mahmud Abbas görüş zamanı Qəzza Zolağında atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın əhaliyə fasiləsiz şəkildə çatdırılması, girovların və məhbusların azad edilməsi, İsrail ordusunun Zolaqdan tam çıxması və Fələstin Dövlətinin Qəzzada idarəçiliyi öz üzərinə götürməsi istiqamətində aparılan səylər barədə məlumat verib. O, həmçinin bərpa prosesinin başlanmasının və əhalinin məcburi köçürülməsi və ya torpaqların ilhaqı cəhdlərinə yol verilməməsinin zəruriliyini vurğulayıb.

İsrail ordusunun Qəzza Şərqindəki hücumu nəticəsində bir Filistinli ölüb, bir nəfər yaralanıb. Filistin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza Şərqinin şimalında pilotsuz uçuş aparatı ilə bir qrup Filistinliyi hədəfə alıb. Hücum Qəzza şəhərinin Şucaiyye məhəlləsində baş verib. Hücum nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanıb. İsrailin 10 oktyabr tarixindən bəri əldə olunan atəşkəsə baxmayaraq bu cür hücumları davam etdiyi bildirilib. Bu dövrdə hücumlarda həyatını itirən Filistinlilərin sayı 240-a çatıb.

İsrailin hücumları nəticəsində Qəzza zolağında evlərini tərk edən 75 minə yaxın fələstinlinin, əksəriyyəti zərər görmüş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyinə (UNRWA) məxsus 100-dən çox binada yaşadığı bildirilib. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı hesabında yayımlanan açıqlamada, İsrailin iki il ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində yerindən edilmiş fələstinlilərin vəziyyətinə diqqət çəkilib.

İsrail qüvvələri Suriya cənubundakı Qüneytara vilayətinin Əlcərf, Məşirfə və Um Batinə kəndlərinə daxil olaraq bir sıra evləri mühasirəyə alıb və axtarış aparıb. Suriya rəsmi xəbər agentliyi SANA bildirir ki, dörd hərbi maşın və iki tankdan ibarət İsrail patrulu Ədnaniyyə məntəqəsindən çıxaraq Məşirfə kəndi üzərindən Əlcərfə doğru hərəkət edib. Patrul Məşirfədə dayanaraq bir neçə evdə axtarış aparıb.