#İsrail və HƏMAS müharibəsi

HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.

HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.

HƏMAS, İsrail Ordusunun Baş Qərargah rəisinin bu gün Qəzza şəhərinin işğal planlarını təsdiqləməyə hazırlaşmasının bölgədə yeni bir soyqırım və kütləvi köç dalğasının başlanğıcı olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, bu plan yüz minlərlə Qəzzə sakini və sığınan mülki şəxslər üçün kütləvi qırğın və məcburi köçürülmə təhlükəsi yaradır. HƏMAS İsrailin bu addımını böyük müharibə cinayəti kimi qiymətləndirib və 22 aydır davam edən soyqırım siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. ABŞ-ın bu siyasətə dəstək verdiyi də bildirilib.

Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail "növbəti addım" barədə qərar verməlidir, lakin HƏMAS-ın Qəzzada qala bilməyəcəyini müdafiə edir. Tramp bu fikirləri "Axios" xəbər portalına telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları ilə bağlı şərh verərkən səsləndirib. İsrail Baş naziri Benyamin Netanyahunun Qəzzanın işğalı ilə bağlı qərarını açıq şəkildə dəstəklədiyini ifadə etməsə də, Tramp mövcud vəziyyətdə HƏMAS-ın əsirləri azad edəcəyinə inanmadığını deyib.

Qətər və Misir Qəzza zolağındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir, lakin HƏMAS bu səylərin nəticələri barədə məlumat almayıb. Qətər və Misirdəki vasitəçilər səylərini dayandırmayıblar, amma indiyədək bu səylərin nəzərəçarpacaq nəticəsi olmayıb və HƏMAS rəsmi olaraq heç bir nəticə barədə məlumatlandırılmayıb.

HƏMAS bəyanatında Baş nazir Benyamin Netanyahunun Qəzza planının soyqırım və məcburi köçkünlük siyasətinin davamı olduğunu bildirib. Təşkilat Netanyahunun israilli məhbusları şəxsi maraqları və ifrat ideoloji gündəmi üçün qurban verdiyini vurğulayıb. HƏMAS həmçinin Qəzza xalqının işğala və qəyyumluq yaratmaq cəhdlərinə müqavimət göstərəcəyini, hücumların isə İsrail ordusuna baha başa gələcəyini bəyan edib.