ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və İsrail ilə HƏMAS-ın təsdiqlədiyi Qəzzədə sülh planının ilk mərhələsi çərçivəsində dünən Qəzza Zolağında saxlanılan israilli girovlar Fələstin məhbusları ilə dəyişdirildi. HƏMAS dünən səhər saatlarında düz 738 gündür Qəzza Zolağında saxladığı 20 israilli girovu İsrailə təhvil verdi. Xan Yunis şəhərindəki ilk təhvil nöqtəsində 7, ikinci nöqtədə isə 13 israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) nümayəndə heyətinə təhvil verildi.
#İsrail və HƏMAS müharibəsi
HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.
İndoneziya da daxil olmaqla bir sıra böyük müsəlman ölkələri atəşkəsi dəstəkləmək və anklavda təhlükəsizliyi təmin etmək üçün Qəzza zolağına öz qoşunlarını yerləşdirməyə hazır olduqlarını bildiriblər.
“HƏMAS” hərəkatının danışıqlar heyətinə yaxın bir mənbə bildirib ki, təşkilat İsraillə müharibədən sonrakı keçid mərhələsində Qəzza zolağının idarə edilməsində iştirak etməyəcək. AzerVoice xəbər verir ki, bu açıqlama atəşkəsin qüvvəyə minməsindən bir neçə gün sonra verilib.
İsrail hökumətinin sözçüsü Şuş Bədrisyan cümə axşamı bildirib ki, Qəzza zolağında əldə olunan atəşkəs və girov-məhbus mübadiləsi razılaşması Fəth hərəkatının tanınmış lideri Mərvan Bərqutini əhatə etməyəcək. Bu haqda Bədrisyan mətbuat konfransında Bərqutinin taleyi ilə bağlı suala cavab verən deyib. “Bu mərhələdə o, mübadiləyə daxil olmayacaq.”-deyə o qeyd edib.
Misir Qızıl Aypara Cəmiyyəti cümə axşamı bildirib ki, İsrail və Həmas arasında atəşkəs razılaşmasının elanından sonra 153 yardım maşını Qəzza zolağına doğru hərəkət edir. AzerVoice xəbər verir ki, yardım karvanı Rəfah keçid məntəqəsinin yan yolundan keçərək Kərəm Əbu Salim keçidinə istiqamətlənib və oradan Qəzzaya daxil olacaq. Yardım konvoyuna 80 yük maşını BMT-yə, 17-si Misir Qızıl Ayparasına, 21-i isə Qətərə məxsusdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib ki, Türkiyə Qəzza zolağının yenidən qurulmasına və atəşkəsin yerinə yetirilməsinə nəzarət mexanizminə fəal şəkildə töhfə verəcək. Ərdoğan vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməli, hücumlarını dərhal dayandırmalı və imzalanmış razılaşmada nəzərdə tutulan xətlərə geri çəkilməlidir.
Ərdoğanın açıqlamaları, Türkiyə hökumətinin nümayəndə heyətinin Misirin Şarm əş-Şeyx şəhərinə - İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda iştirak etmək üçün yola düşməsindən sonra gəlib. Ankara ilə HƏMAS arasında uzunmüddətli siyasi əlaqələr mövcuddur və Tramp bu əlaqələrdən yararlanmağa çalışır. Buna qarşılıq olaraq, Türkiyə bu vasitəçilikdən müəyyən siyasi və diplomatik qazanc əldə etməyi hədəfləyir. Analitiklərə görə, Ankara bu missiya vasitəsilə müharibədən sonrakı Qəzzədə söz sahibi olmaq, yenidənqurma və təhlükəsizlik mexanizmlərində iştirak etmək niyyətindədir.
İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb. Nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.
HƏMAS hərəkatından bir mənbə Frans Press agentliyinə açıqlamasında bildirib ki, Misirdə aparılan dolayı danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmanın birinci mərhələsi Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə yanaşı, İsrail həbsxanalarında olan 2000-dən çox fələstinli məhbusun azad olunmasını nəzərdə tutur.
Misirdə aparılan atəşkəs danışıqları nəticə verib. İsrailin iki ildir davam edən soyqırımı ilə üzləşən Qəzzada atəşkəsin qüvvəyə mindiyi elan olunub. HƏMAS məsələ ilə bağlı yaydığı açıqlamada vasitəçilik edən ölkələrə təşəkkür edib. “Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini böyük təşəkkürlə qarşılayırıq. Həmçinin müharibənin tamamilə dayandırılmasını və işğalçı İsrailin Qəzza zolağından tam şəkildə geri çəkilməsini hədəfləyən ABŞ Prezidenti Donald Trampın səylərini də yüksək qiymətləndiririk,” – deyə bəyanatda bildirilib.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının ilk mərhələsinin təsdiqlənməsini “əhəmiyyətli diplomatik uğur” və “gerçək bir fürsət” kimi qiymətləndirib və Aİ-nin bu prosesi dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb. Kallas, atəşkəs planının ilk mərhələsinin qəbulundan sonra ABŞ mənşəli X sosial media platformasında paylaşım edərək bunun vacib bir irəliləyiş olduğunu bildirib.