Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu, korrupsiya istintaqları səbəbilə sıxışdığı üçün hakimiyyətini qorumaq naminə regionu və dünyanı alova sürükləyir. Ərdoğan bu fikirləri Prezident Administrasiyasında keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada səsləndirib. “Torpaqlarını, azadlıqlarını və şərəflərini qoruyan Fələstin xalqının yanında qəti şəkildə dayanırıq”, – deyə Ərdoğan vurğulayıb.
#Uşaq ölümü Qəzza
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı son 24 saat ərzində 50 nəfər artaraq 66 min 55-ə çatıb. Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, ötən sutka ərzində bölgədəki xəstəxanalara 50 meyit və 184 yaralı çatdırılıb. Nazirliyin məlumatına görə, İsrail ordusunun 19 yanvarda əldə olunmuş atəşkəsi pozaraq 18 martdan bəri Qəzzaya davam etdirdiyi hücumlar nəticəsində 13 min 187 fələstinli həlak olub, 56 min 305 nəfər yaralanıb.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi son hücumlar nəticəsində daha 23 fələstinli həlak olub. Səhiyyə mənbələrinin və hadisə şahidlərinin verdiyi məlumata görə, İsrail ordusu bu gün səhər saatlarında Qəzzanın mərkəzi, şimal və cənub hissələrində hücumlar həyata keçirib. İsrail hərbçiləri, həmçinin Qəzza və Xan Yunis şəhərlərində yerləşən məhəllələrə pilotsuz və bombalı quru vasitələri ilə hücum edib.
İsrail ordusu Qəzzanın qərbində yerləşən Nasr məhəlləsindəki əl-Hılu xəstəxanasını iki dəfə artilleriya atəşinə tutub, təxminən 100 tibb işçisi və xəstənin xəstəxanada mühasirədə qaldığı bildirilib. Qəzzadakı Hökumətin Media Ofisinin rəhbəri İsmayıl əs-Səvabtə Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, İsrail ordusunun top atəşi ilə hədəf aldığı əl-Hılu xəstəxanasının internet bağlantısı kəsilib və xəstəxanada qalan 100-ə yaxın tibb işçisi ilə xəstə böyük qorxu içindədir. Sağlamlıq mərkəzlərinə edilən hücumların "insanlığa qarşı cinayət və müharibə cinayəti" olduğunu vurğulayan Səvabtə əlavə edib ki, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzza Zolağına başlatdığı hücumlar nəticəsində 38 xəstəxana fəaliyyətini dayandırıb, 96 səhiyyə mərkəzi hədəf alınıb və 197 təcili yardım maşını məhv edilib.
Misir, Fələstin xalqının yerindən edilməsinə dair hər hansı ssenarini etnik təmizləmə cinayəti hesab edərək rədd edir. Misirin Xarici İşlər Naziri Bəkr Əbdülati bildirib ki, ölkəsi Fələstin xalqının zorla köçürülməsinə yönəlik hər hansı ssenarini, bunun etnik təmizləmə cinayəti təşkil etməsi səbəbilə rədd edir. Əbdülati, ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxış edərək, ölkəsinin ABŞ Prezidenti Donald Trampın "sabitliyin təmin olunması, Qəzzadakı müharibənin bitməsi və əsirlərin azad olunması" istiqamətindəki vizyonunu inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlar nəticəsində daha bir fələstinli jurnalist həyatını itirib. Qəzzadakı hökumətin Media Ofisinin yaydığı yazılı açıqlamada bildirilib ki, İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərində bir çadıra hava hücumu həyata keçirib. Nəticədə, Fələstin Media Mərkəzinin əməkdaşı, jurnalist Məhəmməd əd-Daye həlak olub. Açıqlamada qeyd olunur ki, 7 oktyabr 2023-cü ildən bu günədək Qəzzada öldürülən jurnalistlərin sayı 252-yə çatıb.
Qəzza zolağında məcburi köçkün düşən fələstinlilərin yaşadığı çadırların 93 faizinin çökdüyü, istifadə üçün yararsız hala gəldiyi və artıq sığınacaq kimi istifadə oluna bilmədiyi bildirilib. Qəzzadakı hökumətin Media İdarəsinin rəhbəri İsmayıl əs-Səvabite açıqlama verib. “135 min çadırdan 125 mini çöküb və yaşamaq üçün yararsız hala gəlib. İsrailin mart ayından bu yana tətbiq etdiyi sərt blokada səbəbindən yeni çadır təmin edilə bilmir, humanitar yardımın bölgəyə daxil olması əngəllənir.” - deyə Səvabite qeyd edib. Səvabite qeyd edib ki, İsrailin son iki il ərzində davam edən hücumlarında on minlərlə çadır birbaşa bombalanaraq sıradan çıxarılıb, digərləri isə isti hava və güclü külək kimi təbii təsirlər nəticəsində zərər görüb.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirlərinin İllik Koordinasiya Toplantısında çıxış edərək İsrailin bölgədəki siyasətini sərt şəkildə tənqid edib. Fidan bildirib ki, Qəzzada törədilən soyqırım və İsrailin İordan çayının qərb sahilini ilhaq etməyə yönəlik səyləri bölgədə təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, İsrailin hazırkı fəaliyyəti, yalnız Fələstin xalqına qarşı deyil, bütün regionun sabitliyinə qarşı yönəlmiş bir təhdid olaraq qiymətləndirilməlidir.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi son hücumlarda, aralarında humanitar yardım gözləyənlərin də olduğu 24 fələstinli həyatını itirib. Hadisə şahidlərinin və səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimal, mərkəz və cənub hissələrində mülki əraziləri və guya “humanitar yardım paylama mərkəzlərini” hədəfə alıb. İsrail ordusu gecə boyunca Qəzzanın şimal bölgəsini intensiv bombardman edib. Hücumlar nəticəsində çoxsaylı binalar tamamilə dağıdılıb.
İsrail ordusu, işğal məqsədilə başladığı quru hücumlarına paralel olaraq, Qəzza zolağına hava bombardmanlarını da intensivləşdirib. Son 24 saat ərzində 140-dan çox hava hücumu həyata keçirilib. Hücumlar, aclıq və qırğınlara baxmayaraq, torpaqlarını tərk etmək istəməyən fələstinlilərin sığındığı Qəzza şəhərində xüsusilə sıxlaşıb. İsrail ordusu, bölgədə yaşayan fələstinliləri qırğınlarla şimala və cənuba doğru köçməyə məcbur edir. Qəzza şəhəri həm hava, həm də quru əməliyyatları ilə bombalanır. Buna baxmayaraq, yüz minlərlə fələstinli şəhərdə qalmağa davam edir. İsrailin hücumları yalnız Qəzza şəhəri ilə məhdudlaşmayıb, həmçinin Qəzza zolağının orta və cənub hissələrində də davam etməkdədir.
İsrail ordusu işğal altında olan İordan çayının qərb sahilinin şimalında bir evi mühasirəyə alaraq 2 fələstinlini qətlə yetirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, İsrail əsgərləri gecə saatlarında qərb sahilində yerləşən Tuba şəhərinə bağlı Tammun qəsəbəsində bir evi mühasirəyə alıblar. Əsgərlərin bölgəyə snayperlər yerləşdirdiyi və mühasirəyə aldıqları evə atəş açdığı bildirilir. Hücum nəticəsində iki fələstinli həyatını itirib.
İsrailin Qəzza Zolağında həyata keçirdiyi hava və artilleriya hücumlarında 28-i Qəzza şəhərində olmaqla 33 fələstinli həlak olub.Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərinin şərq, cənub və şimal-qərb bölgələri güclü artilleriya atəşinə tutulub, şəhər səmasında çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub. Xəstəxana mənbələrinin verdiyi məlumata əsasən, İsrailin Qəzza Bələdiyyəsinə məxsus, Firas Bazarında yerləşən və məcburi köçkünlərin sığındığı anbarları hədəfə alması nəticəsində, aralarında uşaqların da olduğu 20 nəfər həlak olub, çox sayda insan yaralanıb.